Kişilərdən Allaha şikayət
Eşitdim ki, bu gün Beynəlxalq Kişilər Günüdür. Sən demə, belə bir təşəbbüs ilk dəfə 1999-cu ildə Trinidad və Tobaqo adasında irəli sürülüb. Sonra Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd olunub. Maraqlı gəldi, mən də kişilərimiz haqqında yaxşı bir yazı yazmaq, onları təbrik etmək istədim. Ancaq ürəyimdən gəlmədi. Əvəzində Allaha məktub yazdım.
* * *
Sənə şikayətim var, Allah. Məni qabırğasından yaratdıqlarından. Mənsiz beli bükülən bəndələrindən. Mənə zərif cinsin nümayəndəsi deyib, ruhumu incə-incə sındıran bəndələrindən.
Yayın ortasında, səhərin gözü açılmamış cins şortiklə adi tül kofta geyimimi bəyənməyib, avtobus dayanacağında mənə tərəf baxıb, istehza ilə gülümsəyən kişinin baxışlarından şikayətim var.
Soruş bəndəndən Allah, soruş, gör, dayanacağa gələnə qədər onun istehzalı baxışları altında sınan əllərimlə səhər tezdən axşama tələsik necə yemək bişirməyimdən, çirkli qabları yumağımdan, yemək qoxuyan saçlarımı tələsik daramamdan, dırnağımın dibinə ilişib qalmış sarıkökü elə dayanacaqda da təmizləməyimdən xəbəri oldumu? Bildimi ki, mətbəx iyli bu qız elə səhər başlamamış, dayanacağa gələnə qədər yorulub?
“Zərif” dediyin bir yorğunu belə baxışla da sındırarlar?
Soruş Allah, soruş, mağazada arxamda dayanıb, geyindiyim adi “lasina”ya işarə edərək, “Bunu çölə buraxanın ...” deyən adəmindən. Gör, xəbəri oldumu ki, həmin gün işdən necə yorğun çıxmışam, beynim buzlu ət parçasına bənzəyir.
Heç duydumu ki, elə o an o mağazada qiymətlərin yüksəkliyinə baxıb, evə alınacaq ərzaqların üzərində qiyabi olaraq min dəfə manatların toplama–çıxma əməliyyatını aparıram.
Bir ağzını ara gör, əxlaqıma, geyimimə, yerişimə cavabdeh olan heç tanımadığım bu bəndən mağazaya borclu qaldığım bir manatı məni işarə etdiyi əli ilə cibindən çıxarıb verəcək qədər comərd olardımı?
Bildimi ki, dediyini eşidib mağazadakı nar kimi dənələnib üzüntüdən, əsəbdən min yerə bölündüm?!
Güllərlə müqayisə ediyiniz qızları büllur güldan kimi belə yerə çırparlarmı?!
Şikayətçiyəm, Allah, uzaq adamdan deyil, elə öz oğlan dostumdan. Bəli, dostum, qardaşım bildiyim adamdan. Neçə ildir tanıdığım dostum səhərin gözü açılmamış, salamdan-sağoldan, iş–gücdən sonra “niyə ərə getmirsən?” sualını verir... Cavabım onu qane etmirmiş kimi , dalınca “Əslində, bildiyin şeyi soruşmazlar. Evdə qalmısan, alan yoxdur, ortalıqda qalmısan”,- deyir. Daha sonra da zarafat etdiyini, məni çox istədyini deyib, cürbəcür məsum smayliklər göndərir.
Keçib ta, bunu da soruş Allah, bəndənin xəbəri oldumu bu şit zaraftı ilə arxivə atıldığından, daha dostum olmadığından... Dostlar 100 nəfərin verdiyi sualı 101-ci dəfə verməz! Sənə tərəf əyilib deyər, “100 nəfərə cavab vermisən, yorğunsan, başını çiynimə qoy, dincəl”.
Allah, elə bilmə ki, ağzı xamırlı araq kimi zəhər tuluğuyam. İşim-gücüm incimək, qara-qara gileylənmək, harda ilan olub adamı sancanlar var, onlar haqqında şikayət yazmaqdır. Özüm də heç nədən çəkinmədən istehzalı baxışla cavab verərdim, əlimlə işarə edib “Səni bu bığla, qızıl dişlə çölə buraxanın...” deyərdim, 101-ci adamın sualına tutarlı cavab verərdim. Bunu bacardığıma şübhən olmasın.
Ancaq istədim biləsən ki, bizim cəmiyyətdə həyat göründüyü kimi deyil. Bizim kişilərlə eyni cəmiyyətdə yaşayıb, baş çıxarmağın özü elə bir allahlıqdır. Bizim kişilər üçün fərqi yoxdur, sən kimsən, səni tanıyırlar, ya yox. Hamısı sənin geyimindən, əxlaqından tutmuş, qaşından bir tük qoparmana qədər cavabdehdirlər.
Ancaq dədən, ərin elə o dayanacaqda, o mağazada sənin başını kəsəndə fərq olur. Onlar səni tanımır, sən “xalxın” qızı olursan. Başlarını aşağı salıb, qanının üstündən keçib, evlərinə gedirlər.
İncimə məndən, Allah, mən belə cəmiyyətdə “zərif cins”, “ətirli gül” olmaqdansa, istehzadan parçalnıb ciliklənmiş güldan olmağı seçirəm. Adəmlərinə de, gəlib sındırdıqları güldanın parçalarını yığsınlar.
P.S. Təbrik gözləyirdiniz? Bunun üçün əl yeri qoydunuzmu?