İranın antiazərbaycan tezisləri – TƏHLİL

İranın antiazərbaycan tezisləri – TƏHLİL
  16 Avqust 2013    Oxunub:1854
İranın təbliğat maşını vaxtaşırı Azərbaycana qarşı əvvəlki mövzuları yeniləyib qabardır. İranın antiazərbaycan arqumentlərinin bir qismi müharibə vaxtı İranın Azərbaycana yardımı ilə bağlıdır. Rəsmi Yerevan həmişə İranın müharibə zamanı Ermənistana yardım etdiyini deyib. Rəsmi Tehran bunu təkzib etməyib. 1992-ci il mayın 8-də Şuşanın işğalında İranın rolunun qiymətini bu dövlətin sonrakı davranışı verdi.

Milli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində İranın rolu şəksizdir, amma məqsədsiz deyildi. H.Əliyevin hakimiyyətə gəlməsinə çalışan İranın səfiri Nəhavəndiyanın böyük hədiyyə bağlaması rəhmətlik Elçibəyin prezidentliyi dövründə prezident administrasiyasının binasında birinci mərtəbədə qoyulmuşdu. Nəhavəndiyan özü də həyətdə gəzişərək yuxarıya çağırılacağını gözləyirdi.

Türkiyə ilə münasibətlər sistemi unudulmamalıdır. İran Milli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində rolunu olduğundan artıq göstərsə mötəbər mənbələrdən əlavə arqumentlər ortalığa qoyulacaq. Xalqının H.Əliyevi rəhbərliyə çağırmasını İran təşkil etməyib.

İran-İsrail münasibətləri və onun İran tərəfindən Azərbaycanla münasibətlərə ekstrapolyasiya edilməsi də İranın acizliyinin göstəricisidir. İranın dini rəhbərliyi şah rejimi ilə müqayisədə o qədər zəifdir ki, şah rejiminin gücləndirdiyi İsraili bu günkü dini İran zəiflədə bilmir. Və ya rəsmi və dini Tehranın bu gün İsraillə əlaqələri sıfıra endirməyə cəsarəti çatmır. Qırıcı təyyarələr üçün ehtiyat hissələri, qocalar üçün həyatverici dərmanlar hələ də İsraildən gəlir. İranda bu gün elə lider yoxdur ki, bütün vasitələrlə İsrail məhsullarının İrana girişinin qarşısını alan əmr versin, İsraillə İran arasında birbaşa, dolayısı və müxtəlif formalarda olan insani əlaqələri qadağa etsin.

70 milyon cəmiyyəti olan, dünyanın birinci qaz, ikinci neft dövləti İran heç bir təbii sərvəti olmayan İsrailə qarşı 30 ildən çox mübarizə aparır. Bu mübarizədə İran zəifləyir, İsrail güclənir. İsraillə mübarizə xatirinə İran din xadimləri, hətta, Qurani-Kərimin mahiyyətini dəyişməyə cəhd edirlər. Belə başa düşülür ki, Qurani-Kərim ümumbəşəri din yaratmaq, adamların təhlükəsizliyini və rifahını təşkil etmək, dünyanı yeni baxışda idarə etmək üçün deyil, məhz yəhudiləri ifşa etmək üçün nazil edilib. Yəhudilərin adı keçən ayələrin əksəriyyətində xaçpərəstlərin də adı keçir. Erməni faktoruna görə həmin ayələri yalnız yəhudilər kontekstində izah edilir.

İranın nüvə alimlərinin öldürülməsinin təşkilində Azərbaycanın rolu barəsində İranın dediklərinin heç bir məntiqi əsası yoxdur. Azərbaycan heç bir İran aliminin ölümündə iştirak etməyib. Amma nəzəri cəhətdən fikrimizi əsaslandırmaq üçün müəyyən versiyalardan istifadə edək: Tutaq ki, nüvə alimlərindən birini Azərbaycan ərazisini istifadə etməklə öldürüblər. Bəs qalanlarının ölümündə vasitəçi kimdir? İran nüvə alimlərinin ölümündə Azərbaycanın adını çəkməklə qərəzini göstərir.

İran nüfuzu dövlət olsaydı nəinki nüvə aliminin, heç adi vətəndaşının da öldürülməsinə cəsarət edilməz. Yalan istehsal etməklə, şüarçılıqla nüfuz qazanmaq mümkün deyil. Nüvə alimləri İran üçün vacib idisə onların təhlükəsizliyini təmin etməliydi. Nüvə alimlərinin təhlükəsizliyinin təmini ilə bağlı hədsiz çox misallar var. SSRİ-də atom üzrə ən azı 20 ədəd tam məxfi bağlı şəhər var idi. Həmin şəhərlərə daxil olmaq qeyri-mümkün idi. SSRİ-də atom texnologiyasının yaradıcısı İ.Kurçatovu yaşadığı qapalı şəhərdə adamların əksəriyyəti tanımırdı.

SSRİ-də məxfi elmin bir qismi həbsxanalarda yaradılıb. Ağla gəlməsin deyə alimlərə həbsxanada şərait yaradırdılar. Kurçatov, Koralyov, Saxarov və s. dəfələrlə beynəlxalq konfranslarda iştirak ediblər. Çünki birbaşa elmi mübahisə elmin inkişafı üçün zəruri əhəmiyyətə malikdir, amma hamısında başqa adlarda iştirak ediblər. Öz adları isə tam məxfi idi.
ABŞ-ın məşhur nüvə fiziki E.Ferminin çantasının qoluna qandalla bağlanması, onun daim nəzarəti altında olması ilə bağlı rəvayətlər çoxdur. İranda nüvə alimlərinin əksəriyyəti adi binalarda yaşayır, evindən çıxır, həyətdə öz köhnə maşınına oturub iş dalınca gedir.

Nüvə alimlərinin təhlükəsizliyi məsələsinə İran hökumətinin belə mövqeyi İranın dövlətçiliyini ifşa və rüsvay edir. Yaxınlarda Ərdəbildə sərgi mühafizəçisi Azərbaycana silah keçirilərkən yaxalandı. İran dövləti sərgini-nümayişgahı qorumağı zəruri bilir, amma nüvə alimlərinin mühafizəsini qətiyyən vecinə almır.

İran həmçinin iddia edir ki, Azərbaycanda guya dinə laqeydlik var, guya dindarlar həbs olunur, guya hicab geyinməyə icazə verilmir. Azərbaycanda əhalinin böyük qismi bu və ya digər dərəcədə dini ayinlərə riayət edir. 9 milyonluq əhalinin ən azı yarısı dini ayinlərin nə olduğunu bilir və müəyyən fasilələrlə bu ayinlərə riayət edir. Ən azı 1 milyon adam daimi bu işlə məşğuldur. 1milyon dindarın içində 100 nəfər həbs olunubsa, deməli bu həmin 100 nəfərin problemidir. Həzrəti Peyğəmbərimizin dövründə mitinq və ya piket olmayıb. Dini fəallıq küçələrdə mitinqlə ölçülmür. Dinə riayətin güclənməsi küçəyə çıxmağa yox, abidliyə tərəf gedir.

İranda dövlətin tabeçiliyində olan banklar zərər çəkənlərə pulu faizlə, sələmlə verirlər. Qurani-Kərimdə hicab haqqında mənası müxtəlif (yaxşı mənada) mənalara yozulan 3 ayə var. Müqəddəs hesab edilən hədislərin içərisində hicabla bağlı bir dənə də olsun hədis yoxdur. Qurani-Kərimdə açıq mətnlə sələmi qadağan edən 7 ayə mövcuddur. Bu ayələrin məzmununu başqa heç yerə yozmaq mümkün deyil. Dinimizin müxtəlif cərəyanlarında müqəddəs hesab olunan hədislər içərisində sələmi qadağan edir, sələm verənlə sələm alanın o dünyada başına nələrin gələcəklərini təsvir edən təxminən 150 hədis var. İranın dini liderlərinin gözünün qabağında islam dininin belini qırırlar. Həmin dini liderlər bunu görmürlər. Amma Azərbaycanda 6 yaşındakı qız uşağı məktəbə hicaba görə buraxılmayanda bunu dərhal görürlər.

İranın Azərbaycan tarixinə, eləcə də Azərbaycanın İran tarixinə iddiası ən qəliz, mürəkkəb məsələdir. İran bu məsələnin bir dəfəlik həllinin tapılmasına imkan vermir. Rəsmi Bakı Vahid Azərbaycan məsələsini tamamilə gündəlikdən çıxarıb,amma İran buna inanmaq istəmir. İranda yalan həqiqət, məğlubiyyət qələbə, pislik yaxşılıq kimi təqdim olunur. İran Azərbaycana qarşı pis niyyətli olduğu, axmaq planlar hazırladığı üçün Azərbaycanı da özünə qarşı belə görür. Bu iki dövlətin ərazisi tarixin müəyyən bir dövründə iranlılar, müəyyən bir dövründə də azərbaycanlılar tərəfindən idarə olunması faktdır. Bu idarəçiliklər bəzən bu iki dövlətin indiki coğrafiyasından da xeyli kənara çıxıb.

Tarixdə Azərbaycan xalqının dövləti olub və var. Tarixdə İran xalqının dövləti olub və bu gün də var. Azərbaycandakıların böyük əksəriyyəti Azərbaycan adlı dövlətin ömrünün min illər boyu uzanması istiqamətində fəaliyyət göstərirlər. İran Azərbaycan dövlətçiliyini qəbul edirsə, bu dövlətçiliyin tarixini də qəbul etməlidir. Ona görə İran iddialarından, xəstə təxəyyülündən əl çəkməlidir. Bunun üçün ən yaxşı variant İran alimlərinin Azərbaycan dövlətçiliyinin, Azərbaycan alimlərinin isə İran dövlətçiliyinin tarixini yazmasıdır.

İran Azərbaycan Respublikasına qarşı təhlükə yaradacaqsa, Azərbaycan Respublikası da İran üçün təhlükə yaradacaq. Azərbaycanın siyasətinin ana xəttini dost qazanmaq, hətta uzaqda olan dövlətləri dosta çevirmək təşkil edir. Son 30 ildə İran hökuməti özünə ancaq düşmən yaradıb. Hətta Ermənistan İranı özünə dost bilmir. Bizim mərkəzin materiallarında ara-sıra keçən bir məsələ var idi. Ermənistan İran ərazisinə nəzarət edən mərkəzə çevrilib. Yaxınlarda rəsmi Yerevan Qarni astrofizika rəsədxanasının nə işlə məşğul olduğunu açıqladı: Qarni astrofizika rəsədxanası zəlzələ, kimyəvi ölçmə işləri, gizli nüvə sınaqlarını müəyyən etmək, radioaktivliyi ölçməklə məşğul imiş. Azərbaycan İranla düşmənçilik etmək üçün istənilən qitədə, istənilən parametrdə dövlət tapa bilər. İran ancaq düşmən yaratmağı yaxşı bacarır.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində İranın rəsmi mövqeyi onun özünü ifşa edir. Azərbaycan İranın vasitəçiliyinə heç vaxt etiraz etməyib. Müəyyən bir zaman kəsiyində Azərbaycan İranın vasitəçilik təklifli qarşısında susdu və bu da o zaman İranın xeyrinə idi. Alternativ vasitəçiliyinin tərəfdarı Azərbaycan İranın vasitəçiliyinə tərəfdar olmalı idi və tərəfdardır. Lakin İran müsəlman torpaqlarının işğalında vasitəçiliyini spekulyasiya, lağ obyektinə çevirib. Ermənistan heç kimin vasitəçiliyini qəbul etməyəcək. ATƏT MQ konsensus mexanizmi ilə qərar qəbul etdiyi üçün Ermənistana yalnız ATƏT Minsk Qrupunun vasitəçiliyi lazımdır. İran Qarabağ məsələsində alverçilik eləmək niyyətində deyilsə öz vasitəçilik missiyasını Ermənistana qəbul etdirməsi üzərində düşünməlidir. İranın əlində bir neçə variantlar olub,lakin İran bunlardan istifadəyə cəhd etməyib.

Fələstin münaqişəsinin tənzimlənməsilə bağlı İran radikal mövqeyini yenidən təkrarladı, amma birbaşa torpaqlarına söykənən müsəlman torpaqlarının işğaldan azad olunması üçün dialoq yolunu təklif edir.

İranın rolunun olub olmamasından asılı olmayaraq Azərbaycan yaxınlarda öz torpaqlarını işğaldan azad edəcək. İranın indiki siyasəti torpaqlarımızın işğaldan azad olunandan sonra arqumental bazamızın möhkəmlənməsi üçün kifayət qədər əsaslar verir. İran Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın yanında olmayıb, indi də Azərbaycanın yanında deyil.

Naxçıvana gedən yolun İrandan keçməsi İran siyasətçilərinin ən çox hallandırdığı məsələdir. Yaxın aylarda olmasa da, yaxın ildə Gürcüstan-Türkiyə ərazisi ilə Naxçıvana əlavə kommunikasiya imkanları yaradılacaq. Naxçıvana gedən yolun kəsilməsi çətinliklər yaratsa da faciəvi vəziyyət yaratmayacaq. Naxçıvan aeroportu hətta ən ağır tonnajlı təyyarələri qəbul edə bilir. Qardaş Türkiyə də öz yerindədir.

Ermənilər İranın xarici siyasətini idarə etməyə iddialıdırlar. Azərbaycanın daxilində heç bir qrup Azərbaycanın siyasətinə təsir etmək iddiasında deyil. Biz İrandan fərqli olaraq həm daxili, həm də xarici siyasətimizi müstəqil edə bilmişik. Qərəz, kin siyasətimizə təsir edə bilməz. İran belə deyil. İranın Türkiyə və Azərbaycana qarşı siyasətinin idarə olunmasında qərəz sağlam düşüncəni üstələyib.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin analitik hesabatından
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti