İlham Əliyevə qəsdin üstü açıldı
Baş nazirin keçmiş I müavini, hazırda isə özünü Rusiyadakı Azərbaycan diasporunun lideri qiyafəsində təqdim edən Abbas Abbasov tamamilə gözlənilmədən “fantom ağrı” effekti verən məzlumanə bir bəyanatla çıxış etdi. Bu, onun rəsmi tövbəsi idi.
İmperatora qarşı növbəti sui-qəsd cəhdi iflasa uğradığı üçün ifşa olunmuş pərt və məzlum Roma senatorunu xatırladan bu adamın qəlbinin fəryadını başqa necə qəbul etmək olardı ki?! Mario Pyuzonun məşhur qəhrəmanı Tom Heygenin xatırlatdığı kimi, məğlubiyyətə uğramış və ifşa olunmuş senatorlar onların rəsmi tövbələri qəbul edilməyəndə evlərinə dönür, isti su ilə dolu vannaya girir, damarlarını kəsir və sakitcə dünyadan köçürdülər.
Mən Abbas Abbasovun tövbəsinin qəbul olunub-olunmayacağını deyə bilmərəm. Lakin bu da çox şübhəlidir ki, bizim ekspertlərin, politoloq və jurnalistlərin əksəriyyəti baş nazirin sabiq I müavininin əsas bəyanatını ya görməyib, ya da onu bilərəkdən diqqətlə nəzərdən keçirməyib. Siz hələ bu sətirlərdəki mənaya baxın: “Yazırlar ki, İlham Əliyev məni sevmir, mənə hətta nifrət edir. Mən İlham Əliyevi sevirəm və ona böyük hörmət bəsləyirəm. Lakin mən Azərbaycandan Rusiyaya köçüb getmişəm və ora - Azərbaycana da yalnız öləndən sonra qayıdacağam. Əgər icazə versələr, mən vətənimdə dəfn olunmaq istəyirəm”.
Ən çoxsaylı Azərbaycan diasporunun möhkəmləndirilməsi kimi gərgin və qaynar bir fəaliyyətə cəlb olunan tanınmış dövlət adamı və ictimai-siyasi xadim prezident İlham Əliyevlə məlum görüşdən, habelə digər prezident Vladimir Putinlə açıq yazışmadansonra siyasi şöhrətin zirvəsinə qalxır, bu adlı-sanlı, şah-şöhrətli adam qalib ədası ilə təntənəli bəyanatlar verir və... qəfildən tamamailə anlaşılmaz bir depressiyaya düşür. O, rəhm, aman diləməyə başlayır, and-aman edərək prezidentə sevgisini isbat eləməyə çalışır, ölüm haqdakı düşüncələrini dilinə gətirir...
Bağışlanmaq, günahlarını yumaq istəyi ilə alışıbyanan, lakin buna nail olmayan A.Abbasovun bu bəyanatı ilk siqnal oldu. Bu siqnal prezident İlham Əliyevə qarşı qurulan və Azərbaycan və Rusiya siyasi isteblişmentinin onlarla nümayəndəsinin cəlb olunduğu yeni qəsdin iştirakçılarının bu çox təhlükəli oyundan çıxmaq üçün naçar-naçar göstərdikləri səmərəsiz cəhdlərin sübutu idi.
Prezident İ.Əliyev onları bağışlayacaqmı? Prezidentin qərarı haqda mühakimə yürütmək çətindir. Amma hüquq-mühafizə orqanları hazırkı hakimiyyətin güc yolu ilə devrilməsi cəhdi işi üzrə təhqiqat və araşdırmalara başlamağa sadəcə borcludurlar.
Əliyevə qarşı qəsd: o, necə başladı...
Bütün seçki hazırlıqları prosesi Rusiyada yaranan yeni, amma bizim siyasi sistemə yad “Milyarderlər ittifaqı”nın bəduğur ulduzunun himayəsi altında davam etdi. Diaspor təşkilatı qiyafəsində yaradılan və təqdim olunan yeni siyasi birlik - “Milyarderlər ittifaqı” dünyadakı oxşar təşkilatların təsis edilməsi sahəsindəki mövcud və bərqərar olan ənənələrə zidd şəkildə qurulmuşdu.
Diaspor təşkilatları, ilk növbədə isə bizim hakimiyyətlə dost münasibətlərdə olan ölkədə, yəni Rusiyada yaradılan və fəaliyyət göstərən diaspor təşkilatları öz fəaliyyətlərini bir qayda olaraq Əliyev administrasiyasının bilavasitə iştirakı ilə koordinasiya edirdilər. Lakin Rusiyada onsuz da çox diaspor təşkilatlarının, qurum və birliklərinin yaradıldığı, mövcud olduğu və fəaliyyət göstərdiyi bir şəraitdə yeni və tamamilə anlaşılmaz bir “ittifaq”ın təsis edilməsi rəsmi Bakı üçün tamamilə gözlənilməz oldu. Yeni təşkilatın məhz qəfildən peyda olması və yeni diaspor təşkilatının təşəbbüskarlarının rəsmi Bakının “övladı” olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) tərkibindən nümayişkaranə şəkildə çıxması Əliyev hakimiyyətini ciddi şəkildə təşvişə saldı.
Yeni ittifaqın liderləri kifayət qədər ambisiyalı adam olan və rus siyasi elitası ilə uzun onilliklər ərzində vacib bağlarla qaynayıb-qarışan Abbas Abbasovu qabağa verməklə “Milyarderlər ittifaqı”nın yaradıldığı ilk gündəncə ilk növbədə Əliyev administrasiyasının maraqlarına zərbə vuran yeni prioritetlərini elan etdilər - rəsmi Bakı Rusiyadakı diaspor fəaliyyətinə müdaxilə etməməlidir və edə də bilməz, çünki necə deyərlər, bu kənd bizimdirsə, onu özümüz bildiyimiz kimi də çapacağıq.
Qonşu Gürcüstanda Moskvanın qarı düşməni Saakaşviliyə qalib gəlmiş Bidzina İvanişvilinin simasında və Kremlin qisasçı maraqlarının müdafiəçisinin iştirakı ilə “yeni rus modeli”nin həyata keçirilməsindən dərhal sonra azərbaycanlı milyarderlərin bütöv bir qrupunun vahid bir siyasi mərkəzə yığılmasıAzərbaycan hakimiyyətində sözsüz ki, tamamilə təbii şübhə və narahatlıq hissi doğurmuşdu.
Oliqarxlar Moskvada bir yumruq kimi möhkəm birləşər-birləşməz bu ittifaqın daha passionar və məşhur nümayəndələri əsas zərbələrini əliyevçi elitaya yönəltdilər. Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Söyün Sadıqov və daha neçə-neçə adam diaspor təşkilatlarının proqramlarında yazılan vəzifələrin ziddinə olaraq (ki, bunu Bakıda da öncədən proqnozlaşdırmışdılar) prezident Əliyevə və onun ətrafına qarşı əsl təbliğat savaşı cəbhəsi açdılar.
Azərbaycan politoloqlarının və analitiklərinin gəldiyi əqli nəticəyə rəğmən hətta Azərbaycanı hələ Heydər Əliyev hakimiyyəti dövründən Rusiyanın etibarlı siyasi müttəfiqi sayan prezident Vladimir Putinin özü də təsəvvür edə bilməzdi ki, onun administrasiyasının bəzi təmsilçiləri son məqsədi prezident İlham Əliyevi devirmək olan bu çirkin avantüraya qoşula bilərlər. Moskvada nə baş vermişdi?
Volodinin oyunları
Bütün diaspor təşkilatlarında bilirdilər ki, prezident İ.Əliyevin güc yolu ilə devrilməsinin əsas ideya müəllifi və ilhamvericisi olan Abbas Abbasov birbaşa Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodin tərəfindən idarə olunur.
“Milyarderlər ittifaqı” məhz Volodinin istəyi və səyləri ilə yaradılmışdı. Kremlin “boz kardinalı” Surkovu Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində əvəzləmiş Vyaçeslav Volodin (o, hakim Vahid Rusiya Partiyasının da icraçı katibidir) Kremldə öz amansızlığı və sərtliyi ilə, qərar verərkən bir növ “balta ilə işləməyə” meylli olması ilə tanınır.
Rusiya qanunlarına demokratik azadlıqların məhdudlaşdırılması istiqamətində edilən ən qalmaqallı düzəlişlərin (diffamasiyanın kriminallaşdırılmasından tutmuş QHT nümayəndələrinin xarici agentlər kimi tanınmasına qədər əksər düzəlişlərin) müəllifi də məhz odur.
Məşhur rus politoloqu Aleksandr Kınev V.Volodinin şəxsiyyətini belə xarakterizə edir: “Əgər Surkovun zamanında Prezident Administrasiyası üçün xas olan cəhət zahirən həddən artıq mürəkkəb görünən qərarlar qəbul etmək idisə, indi klassik dəb hökmrandır. Yəni Surkovun dövründə hər dəfə yeni velosiped modeli icad etməyə çalışırdılarsa, indi hər şey çox sadədir - artıq sınaqdan çıxarılmış nümunələrdən istifadə edirlər”.
Kremlin milli siyasətə görə məsul şəxsi olan V.Volodin indi də Azərbaycana münasibətdə qonşu Gürcüstanda sınaqdan çıxarılmış modeli - hakimiyyətə öz “köpəkoğlu” milyarderini gətirmək modelini tətbiq etməyə qərar vermişdi. Burada çox vacib bir məqam var. Təsadüfi deyildi ki, Volodinin şəxsən və bilavasitə idarə və kuratorluq etdiyi Dağıstan prezidenti Ramazan Abdulatipov da “Milyarderlər ittifaqı”nın tərkibinə daxil edilmişdi.
Azərbaycanla heç bir bağlılığı olmayanR.Abdulatipovun bu qurumda peyda olması əvvəlcə anlaşılmazlıq doğurdu. Sual olunurdu: muxtar respublikanın (lap elə Azərbaycanla həmsərhəd olsun!) rəhbərinin Rusiyadakı azərbaycanlı qastarbayter və miqrantların problemlərinə nə aidiyyəti var?
R.Abdulatipovu bu ittifaqa qəsdən, məqsədli şəkildə daxil etmişdilər. Bununla Əliyev hakimiyyəti dövründə pas basan, amma hələ də çox təhlükəli və əbədi təsir vasitəsi kimi qalan “ləzgi problemi”nə eyham vurulurdu.
Azərbaycan diasporunun əksər fəallarının sözlərinə görə, V.Volodin prezident İ.Əliyevə dərin nifrət hissi bəsləyir və bunu heç gizlətməyə də cəhd etmir. O, özünün diaspor təşkilatlarının nümayəndələri ilə bütün görüşlərində və məsləhətləşmələrində açıq-aşkar deyib ki, Azərbaycanın hazırkı hakimiyyətinin sonu çatıb və Rusiya Azərbaycandakı vəziyyəti dəyişmək üçün hər şeyi edəcək. V.Volodinin Azərbaycan prezidentinə nifrəti belə bir ifrat həddə çatıb ki, o, bəzi özəl görüşlərində İ.Əliyevin ünvanına hətta təhqiramiz ifadələr də işlədib. Abbas Abbasovun, Rüstəm İbrahimbəyovun, Söyün Sadıqovun və Kreml partiyasının digər “qırğıları”nın əsas məsləhətçisi də V.Volodindir. Bu “qırğı”ların qarşısına qoyulan başlıca vəzifə Azərbaycandakı daxili siyasi sabitliyi pozmaq idi.
Nə qədər qəribə görünsə də V.Volodinin planlarında R.İbrahimbəyova ikinci dərəcəli, az əhəmiyyətli rol ayrılmışdı. R.İbrahimbəyovun missiyası yeni “qırmızı inqilabi proseslər”in başlıca katalizatoru kimi çıxış etmək idi. Çünki bütün anti-Əliyev qüvvələri “demokratik platforma” adlı yeni mərkəzə cəmləmək sabiq məmur və keçmiş əliyevçi A.Abbasovdan fərqli olaraq İbrahimbəyovdan ötrü daha asan idi.
İlkin olaraq A.Abbasov İbrahimbəyov hökumətində baş nazir olmalı idi (İbrahimbəyov xarizmatik baş nazirin əlində faktiki olaraq oyuncağa çevrilirdi). Sonra isə o, müvəqqəti hökumətin istefasından sonra prezidentliyə namizəd irəli sürüləcəkdi. Beləliklə, qəsdçilər klassik müxalifət liderlərini, o cümlədən ilk gündən baş nazir postu təklif etdikləri Əli Kərimlini ciddiyə almırdılar. Qəsdçilərin hakimiyyətə gəlişindən sonra Əli Kərimlini hansı tale gözləyirdi? Təxmin etmək çətindir.
Başqa sözlə, Azərbaycanda hakimiyyəti dəyişmək prosesinə də Gürcüstanda olduğu kimi hansısa bir formada liberalizm rəngi vermək lazım idi. Söz yox, Volodin və onun məsləhətçiləri də başa düşürdülər ki, oturuşmuş və sabit siyasi sistemə malik bir ölkədə tamamilə qan-qadasız çevriliş eləmək elə də asan iş deyil - kataklizmlər, silahlı qarşıdurmalar və qan tökülməsi qaçılmazdır. Anlayırdılar ki, İlham Əliyev asanlıqla tələyə düşən, sonra da titrətmə içində çabalayıb nə edəcəyini, bu vəziyyətdən necə xilas olacağını bilməyən avantürist Saakaşvili deyil. Onlar başa düşürdülər ki, İ.Əliyev hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçən, çoxgedişli kombinasiyalara üstünlük verən, düşməninə öldürücü zərbə endirmək üçün öz saatını, öz məqamını uzun müddət və təmkinlə gözləyə bilən siyasətçidir.
Bundan əlavə, Volodinin qrupu Azərbaycan prezidentinin şəxsi keyfiyyətlərini - onun vəziyyəti qiymətləndirərkən ayıq-sayıqlıq göstərmək bacarığını və qətiyyətliliyini nəzərə alır və başa düşürdü ki, “gürcü modeli”ni Azərbaycanda tam şəkildə və olduğu kimi həyata keçirmək o qədər də asan olmayacaq. Bundan əlavə, Qərbdən əxz olunan modernləşmiş respublika üsul-idarəçiliyi ilə siyasi ənənəçiliyin (cəmiyyətin modernləşmə prosesi zamanı yaranan çətinlik və təhlükələrə şüurlu reaksiyası nəzərə alınmaqla) unikal sintezini yaratmış Azərbaycan belə eksperiment və layihələr üçün, habelə siyasi vəziyyəti bir andaca gərginləşdirmək baxımından o qədər də münasib ölkə deyil.
Burada sonradan çoxvektorli qızdırma-titrətməyə çevrilməli olan çoxvektorlu kombinasiya qurmaq lazım gəlirdi. Volodin qrupu Azərbaycanın siyasi sisteminin spesifikliyini, özünəməxsusluğunu nəzərə alırdı deyə o, özünün əsas namizədini - Abbas Abbasovu dərhal qabağa verə bilməzdi. Bu qrup “gürcü arzusu” oyununda olduğu kimi bu oyunu da bir göz qırpımında oynamağa müvəffəq olmadı. A.Abbasov bu strategiyanın növbəti mərhələsinin oyunçusu olmalı idi.
Gəlin Rüstəm İbrahimbəyovun yarım il əvvəlki bəyanatını xatırlayaq. Prosesin lap əvvəlində İbrahimbəyov açıq mətnlə deyirdi ki, oktybarda Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəcək və İlham Əliyevi əvəzləyəcək adamın adı da ona məlumdur. R.İbrahimbəyov bunu birneçə dəfə, özü də az qala var səsi ilə deyir, bununla da ictimai rəyi təəccübləndirirdi.
Lakin az sonra nədənsə R.İbrahimbəyovun bilavasitə özü bu oyuna girir. O, özünün az öncə verdiyi bəyanatları unudur. Bu isə ölkənin ictimai rəyini hətta sarsıntı həddinə qədər xeyli heyrətləndirir. Axı İbrahimbəyov əvvəllər yalnız çox sadə, təvazökar bir statusa - mənəvi lider, əxlaq hakimi və xalqın qəzəbinin ifadəçisi roluna iddia edirdi. Amma xalqın dostu olan Marat qəfildən bütün hakimiyyətə iddiasını ortaya qoyur.
Nə Volodinin siyasi texnoloqları, nə də milyarderlər bunu nə qədər istəsələr və arzulasaydılar da Abbas Abbasovun siyasi liderliyiniilk başdan təmin edə bilməzdilər. Özü də çox sadə səbəbə görə - narazılar baş nazirin sabiq I müavininin xalq hərəkatı dalğasının önündə peyda olmasını heç bir halda qəbul etməzdilər. A.Abbasov Havelin və ya Zanussinin roluna iddia edə bilməzdi. Buna görə də Volodinin siyasi texnoloqları öz ilkin planlarını ən son anda nəzərdən keçirib dəyişməyə və R.İbrahimbəyovu qabağa verməyə məcbur oldular.
R.İbrahimbəyov birləşmiş müxalifətin kompromis lideri olmaq üçün bütün potensial imkanlara malik idi. R.İbrahimbəyov məhz buna görə deyirdi ki, o, cəmi iki il hakimiyyətdə qalıb ölkəni idarə edəcək, sonra “saqqallı Roza Otunbayeva” olacaq və hakimiyyəti əsas oyunçuya təhvil verəcək.
Bizans oyunları
Bütün bunlarla yanaşı ötən ilin qışında, 2012-ci ilin dekabrında İlham Əliyevi Abbas Abbasovu qəbul etməyə,- özü də iki dəfə!- sövq edən səbəbləri izah etmək çox çətindir. Prezident doğrudanmı bilmirdi ki, o, rusiyalı qubernatorlarla söhbətlərində Azərbaycanı uçurumun bir addımlığına gətirən indiki hakimiyyətini dəyişməyin vaxtının çatdığını açıq mətnlə deyən bir adamı qəbul edir? Bu, məlum deyil. Hərçənd Abbas Abbasovun dostu və həmfikri Telman İsmayılova yaxın adamlar bildirir ki, prezident İlham Əliyev baş nazirin sabiq I müavinini qəbul etməkdən əvvəlcə qətiyyətlə imtina edibmiş. Lakin İ.Əliyev “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun israrlı xahişlərindən sonra A.Abbasovu qəbul etməyə hər halda razılıq vermişdi.
Kiçicik jurnalist araşdırması sayəsində öyrənə bilmişik ki, Abbas Abbasov ötən il dekabrın 25-də Bakıya “LUKoil” prezidentinin şəxsi təyyarəsində və Vahid Ələkbərovun elə özü ilə birgə gəlib. Və çox maraqlıdır ki, prezident İ.Əliyevlə görüşdə A.Abbasovdan başqa elə V.Ələkbərov özü də olub. Onlar bir neçə saat ərzində nədən danışıblar - bu haqda dəqiq bir şey demək mümkün deyil, bununla bağlı yalnız fərziyyələr yürütmək olar. Lakin bir şey dəqiqdir: həmin görüşdən bir neçə gün sonra A.Abbasov yenə də V.Ələkbərovla birgə Bakıya - İ.Əliyevin qəbuluna gəlib.
A.Abbasov İ.Əliyevlə birinci görüşdən sonra jurnalistlərlə söhbətində bildirmişdi ki, prezident ona “AzerRos” Milli-Mədəni Muxtariyyətinin başçısı postunda Söyün Sadıqovu əvəzləməyi məsləhət görüb.
Prezident Əliyev bununla nə demək istəyib?
Yeri gəlmişkən, A.Abbasovun çıxışındakı bu ən vacib detal yenə də praktiki olaraq heç kimin diqqətini cəlb etmədi. İlham Əliyev onun elə öz hakimiyyətinə qarşı qəsd hazırlayan Volodin qrupundakı bir adama “əhlikef inqilab”ın digər fiqurantının postunu tutmağı nəyə görə təklif etmişdi? Prezident bununla nəyə eyham vururdu? Bununla həmin qruplaşmanın planları ilə bağlı hər şeyin ona artıq tam məlum olduğuna işarə vururdumu? Axı hələ sovet vaxtlarından rus xüsusi xidmət orqanları ilə sıx bağlı olan(Rusiya mətbuatı yenicə zühur eləmiş bu “azərbaycanlı vətənpərvərin” casusluq fəaliyyətinə dair çoxsaylı materiallarla doludur) Söyün Sadıqovun özü də yeni anti-Əliyev cəbhəsinin rəmzinə çevrilmiş fiqur idi.
Bu sualımı təkrar edirəm: İlham Əliyev Abbas Abbasova Söyün Sadıqovun vəzifəsini tutmağı tövsiyə eləməklə nəyə eyham vururdu?
Bu görüşdən az əvvəl “Milyarderlər ittifaqı” Abbas Abbasovun bütün ictimai-siyasi layihələrinin sponsoru olan Vahid Ələkbərovun şəxsən özünün iştirakı ilə toplaşaraq Əliyev hakimiyyətinə qarşı mübarizə məqsədilə təxminən 20 milyon dollar pul ayırmışdı. Bu isə Azərbaycan kimi balaca ölkənin altını üstünə çevirməyə kifayət edəcək bir məbləğdir. Rusiyanın ali dairələrinə çıxışı olan İlham Əliyev bütün bunlar barədə məlumatlı olmaya bilməzdi.
Abbas Abbasov isə İlham Əliyevin bu bizanssayağı mesajını hərfən qavradı. O, Rusiyaya qayıdandan sonra doğrudan da Söyün Sadıqovun təşkilatına rəhbərlik etməyə başlayıb Rusiya xüsusi xidmət orqanlarının bu casusunun kürsüsünə əyləşdi. Həmin gündən etibarən A.Abbasov onu Bakıdan ayıran uçurumun dərinləşməsinə addım-addım xidmət etməyə başladı.
A.Abbasov anlayırdı ki, o, Volodin oyununun çirkabına daha çox batdıqca geri çəkilmək üçün daha heç bir yolu qalmır. A.Abbasov İ.Əliyevlə görüşdən bir neçə həftə sonra belə deyirdi: “Mənə inanın, onlar gedəcəklər, onlar olmayacaqlar”.
Bundan az sonra A.Abbasov bir qədər də irəli gedərək deyəcəkdi ki, o, Heydər Əliyevlə işləməyi ilə fəxr edir: “Heydər Əliyevə müxtəlif cür yanaşmalar ola bilər, amma ona hörmət eləməmək mümkün deyildi”.
Bu incə eyhamı hamı başa düşdü - Heydər Əliyevdən fərqli olaraq İlham Əliyev hörmətə layiq deyil.
Daha iki həftə keçir və Azərbaycan hökumətinin korrupsiyaya ən çox bulaşmış məmurlarından biri olan, yüz milyonlarla dolları qarət etmiş A.Abbasov lap cuşa gəlir: “Azərbaycan xalqı demokratiyaya layiq xalqdır və onu haqq edir”.
Bir müddətdən sonra isə A.Abbasovun silahdaşı, qəsdçilər arasındakı digər mühüm fiqur Söyün Sadıqov bir neçə “cırtdan partiya”, o cümlədən Demokratik Azərbaycan Dünyası Partiyasından olan hansısa Sevda Xurşudova vasitəsilə belə şayiələr yaymağa başlayır ki, guya hakim partiyada parçalanma var və Mehriban Əliyevanın namizədliyi irəli sürülüb. Bu informasiya diversiyasının konkret məqsədi vardı və o, seçki ərəfəsində ictimai rəyi çaşdırmağa, hakim elitada parçalanma yaratmağa, seçki marafonunun kulminasiya nöqtəsində prezidentin imicinə maksimum zərbə vurulmasına hesablanmışdı. Görünən bu idi ki, bu informasiya diversiyası Moskvanın siyasi mərkəzlərinin birində işlənib hazırlanmışdı. Çünki İbrahimbəyovun özü hələ 2009-cu ildən etibarən birinci ledinin prezidentliyə namizədliyinin irəli sürülməsi və hazırkı prezidentin istefa verməsi kimi absurd ideyanın ilk və əsas təbliğatçısı idi. Bir neçə ildən sonra isə bu ideyanı “Kreml partiyası”nın digər personajları da dilə gətirməyə başladılar.
Azərbaycan hakimiyyəti S.Sadıqovun bu diversiyasının qarşısını aldı və Gürcüstan vətəndaşı olan S.Xurşudova Azərbaycandan deportasiya olundu. S.Xurşudova deportasiya ediləndən sonra Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ideyası da tezliklə hamı tərəfindən o dəqiqə unuduldu...
20 milyon dollar
A.Abbasov bu mövzularda ürəyini boşaldandan bir ay sonra Volodin planının Azərbaycandan olan əlaqələndiricisi (koordinatoru) Eldar Namazov Rüstəm İbrahimbəyovun sədrliyi ilə Milli Şura yaradılması ideyasını irəli sürür və rejissorun müxalifətin prezidentliyə vahid namizədi olması təklifini ortaya atır. Əliyev hakimiyyətinə qarşı müqavimətin hansı formatında və hansı təşkilati strukturunda rol və yer almaq, özünü hansı model çərçivəsində təsdiqləmək məsələsinin ənənəvi müxalifətdən (yəni milli-demokratlardan, habelə liberal platformadan çıxış edən və 2003-cü ilin oktyabrından, xüsusilə də Rusiya ətrafında “narıncı qurşaq” yaratmaq ideyasının iflasından sonra müstəqil siyasi qüvvəyə çevrilmək perspektivlərini tamamilə itirmiş ənənəvi qərbçilərdən) ötrü haradasa artıq fərqi yox idi. Çünki ənənəvi müxalifətin itirəcəyi heç nə qalmamışdı.
Siyasi sistemin qapısı arxasında qalan liberal-demokratlarla milli-demokratlar bu hakimiyyətə qarşı müqavimətin istənilən sabit və etibarlı modelini qəbul etməyə hazır idilər; təki bu müqavimət hərəkatı Ailənin hakimiyyətinin fundamental siyasi iflasına gətirib çıxarsın.
Azərbaycan siyasətinin bu “yaşlı sakinləri” ideoloji və geosiyasi oriyentirlərin tamamilə dağınıq və qarmaqarışıq olduğu bir şəraitdə şimal küləyinin əsməyə başladığını hiss edincə hakimiyyətlə mübarizənin yeni texnologiyasını sınaqdan çıxarmağa qərar verdilər. Qərb tufanını - Katrinanı gözləmək uzun çəkdi. “Katalina qəsdi”nə girmək lazım gəldi!
Əlbəttə, ənənəvi müxalifət Volodin planını seçərkən ortadakı güclü maliyyə imkanlarına, “Milyarderlər ittifaqı”nın ilk ianəsinə şirniklənmişdi. Müxalifət liderlərindən birinin etirafına görə, Azərbaycandakı sabitliyi pozub vəziyyəti gərginləşdirmək üçün ayrılmış ilk 20 milyon dollar Eldar Namazovun nəzarətinə keçib. Bu isə sadəcə olaraq aydın deyil: cənab Namazov milyarderlərin ilk tranşını necə və hara xərclədi və pulun qalan böyük hissəsini necə xərcləməyi düşünür?
Axı Namazovla İbrahimbəyovun Köhnə və Yeni dünyalara (Avropa və Amerikaya) “xidməti” səfərlərini, Moskva gəzintilərini, Milli Şuranın artıq rusiyayönümlü mövqedə olan Tiflisdəki bahalı təqdimat mərasimini və Londonda xərclənən pulları (Eldar Namazov özü söhbətin hansı xərclərdən getdiyini gözəl bilir) çıxsaq, ölkdə sabitliyi pozmaq üçün elə də ciddi tədbirlər keçirilməyib. Elə deyilmi?
Kifayət qədər mötəbər mənbələrdən verilən məlumatlara görə, Eldar Namazov seçkilər ərəfəsində və ondan sonra Bakıda ciddi iğtişaşların təşkilini planlaşdırır. Hər halda Volodinin ilkin konsepsiyasında belə planlar var idi.
İndi sual olunur: bu necə olub ki, ölkədə sabitliyi pozmaq üçün kifayət qədər ciddi məbləğdə pul ayrılması faktı Azərbaycan xüsusi xidmət orqanlarının gözündən yayınıb və onlar E.Namazovun izinin Rusiyaya gedib çıxması məsələsi ilə indiyə qədər də məşğul olmayıblar?
Onlar bu vaxta qədər doğrudanmı məhz Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin şahid ifadələrini və etiraflarını gözləyiblər? Bizim ədliyyə orqanları hələ də “sübutun allahı yalnız etirafdır” məntiqi ilə düşünürlərmi? O zaman Muradverdiyev nə yaxşı ki, danışdı, hər şeyi açıb-tökdü...
Akif Muradverdiyevin işi
Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyev “bizanssayağı ehtiraslar”ın ən qızğın vaxtında Bakı aeroportunda saxlanıldı. Bu adam faktiki olaraq “narıncı taun”un ən qızğın dönəmində hakimiyyətdaxili müxalifətin işində iştirak etdiyi üçün 2005-ci ildən 2008-ci ilədək həbs cəzası çəkib.
A.Muradverdiyevin yenidən həbs olunması ictimai fikirdə anlaşılmaz hisslər doğurdu. Axı tərkibində A.Muradverdiyevin özünün də yer aldığı və 2005-ci ildə İlham Əliyevi devirməyə qalxmış hakimiyyətdaxili qruplaşma tamamilə əzilərək məhv edilib və hakimiyyət üçün artıq heç bir təhlükə törətmir. Elə görünə bilərdi ki, “narıncı iğtişaşlar” dövrü artıq arxada qalıb. Amma yox. A.Muradverdiyev çürük keçmişdən ekzotik personajları tapıb yığmaq ustası olan Eldar Namazovun sayəsində yeni “əhlikef inqilab” avantürasına cəlb olunmuşdu.
A.Muradverdiyevin hüquqlarını müdafiə edən Fuad Ağayevə yaxın vəkillərin verdiyi məlumata görə, sabiq işlər müdiri istintaqa artıq etirafedici ifadələr verib. Muradverdiyev özünün Moskvaya müntəzəm səfərləri (qeyd edək ki, onu elə Moskvaya uçan təyyarədəcə saxlamışdılar), Abbas Abbasovla, Telman İsmayılovla, Eldar Namazovla, Rüstəm İbrahimbəyovla və digərləri ilə görüş və məsləhətləşmələri barədə danışıb.
Bu görüşlərdə builki seçkilər ərəfəsində Bakıda eynilə 2003-cü ilin oktyabr hadisələrində olduğu kimi kütləvi iğtişaşların təşkili yollarını axtarıb tapmaq barədə də söhbətlər gedib.
Yeri gəlmişkən, A.Muradverdiyevin Moskvaya bütün səfərlərinin xərcini Eldar Namazov çəkib. Aydındır ki, Vahid Ələkbərovun və digər oliqarxların ayırdığı həmin pullar hesabına... Onlar Moskvada “Marko Polo” otelində qalırmışlar. Bu otel Rüstəm İbrahimbəyovun yaşadığı evin yaxınlığındadır. A.Muradverdiyev Vahid Ələkbərovla üzbəüz söhbəti zamanı neft maqnatından hətta oğlunu “LUKoil” şirkətinə işə götürməyi də xahiş edib.“Milyarderlər ittifaqı”nın planlarında A.Muradverdiyevə vacib bir rol ayrılmışdı.
O, “narıncı inqilab” zamanında olduğu kimi, Abbas Abbasovla seçki ərəfəsində Milli Şuranı dəstəkləməyə hazır olan məmurlar arasında vasitəçilik etmək vəzifəsini öz üzərinə götürməli idi.
Burada söhbət prezidentin işdən qovduğu bəzi sabiq nazirlərin və narazı məmurların “Milyarderlər ittifaqı”na cəlb olunmasından gedir. A.Muradverdiyev sabiq məmur zümrəsi ilə Moskva elitasını birləşdirəcək əsas vasitəçi - həlqə hesab olunurdu.
“Volodinin oyunu”na A.Muradverdiyevlə yanaşı digər iri Azərbaycan məmuru - sabiq baş prokuror və Serbiyadakı indiki səfir Eldar Həsənov da cəlb olunmuşdu. Eldar Həsənovun iblisanə qəddarlığı və heç cür sakitləşmək bilməyən, ipə-sapa yatmayan hakimiyyət ehtirası o, hələ baş prokuror olan vaxtlardan dillər əzbəridir. O, Əliyevin sisteminə xidmət edə-edə öz sistemini qurur, sifarişli cinayət işlərinə möhür vura-vura siyasi tayfa başçısı obrazında çıxış edirdi.
Nə qədər təzadlı görünsə də belədir: hakimiyyət tərəfindən üzərinə repressiya siyasəti yürütmək vəzifəsi qoyulan baş prokuror siyasi məhbusların meyitləri və cinayət işləri arasında eşələnə-eşələnə elə amansız repressiyaya məruz qoyduğu adamların rəğbətini qazanırdı. İnsanların ruhunu öldürən E.Həsənov 1995-ci il OMON qiyamının təşkilatçılarından biri olmasına baxmayaraq bir vaxtlar elə baş nazirin o zamankı müavini A.Abbasovun himayədarlığı ilə baş prokuror vəzifəsinə sahiblənmişdi.
E.Həsənov hələ Heydər Əliyevin hakimiyyəti illərindən bu günədək A.Abbasovla əlbir hərəkət edir. Sual olunur: Azərbaycanın Balkanlardakı səfiri Rusiyada və Moskvada nə iş görür, onun günü niyə demək olar ki, Rusiyada keçir?
Eldar Həsənov Moskvada böyük biznes qurub və onu inkişaf etdirir. Sabiq baş prokuror Azərbaycanın ən çox korrupsiyaya uğrayan məmurlarından biri idi. O, qarət-talan yolu ilə topladığı və Azərbaycandan çıxardığı ilkin kapitalı indi nəhəng investisiya layihələrinə yatırır.
E.Həsənovun özünün dəpayçı kimi iştirak etdiyi təkcə elə “Şeremetyevo layihəsi”nin dəyərini bilmək üçün nüfuzlu “Forbes” jurnalının bu yaxınlarda yazdığı faktlara baxmaq kifayətdir: “Şeremetyevo aeroportunun yaxınlığındakı 17 hektar ərazidə 1 milyon kvadratmetr sahəsi olan anbarlar, ofislər, restoranlar və digər daşınmaz əmlak tikmək planlaşdırılır.
Bu layihəyə yatırılan sərmayənin həcmi 1 milyard dollardan çoxdur. Əgər nəzərdə tutulan bütün tikililər inşa olunsa, layihənin dəyəri 2,5-3 milyard dollara da çata bilər”.
E.Həsənov bu layihəni Vladimir Putinin yaxın dostu Viktor Xmarin və Rusiya prezidentinin digər məşhur dostu İlham Rəhimovla birgə həyata keçirir. “Forbes” jurnalı ekspertlərinin hesablamalarına görə, təkcə elə bu layihənin gerçəkləşdirilməsi kifayətdir ki, Türkiyə ilə Rusiya arasındakı ticarət balansı düzəlsin. Bu balans karbohidrogen ehtiyatları ixracı ucbatından Rusiyanın xeyrinə ciddi surətdə “əyilib”.
Eldar Həsənov öz vaxtını və enerjisini diplomatik fəaliyyət sahəsindəki xidməti borcunu tam yerinə yetirməyə sərf etmək əvəzinə sakitləşmək bilmədən hər vasitə ilə daxili siyasi oyunlara qoşulmağa çalışır.
O, “Milyarderlər ittifaqı” layihəsinə cəlb edilən və kölgədə saxlanan ehtiyat oyunçulardan biridir. Vəkillərin verdiyi informasiyaya görə, Akif Muradverdiyev Eldar Namazovla Eldar Həsənovun Moskvada görüşməsi, onların tez-tez söhbətləşib məsləhətləşməsi faktını da artıq ağzından qaçırıb.
Beləliklə, biz Bakıda hakimiyyətin zorla ələ keçirilməsinin təşkili işinə cəlb olunmuş üçüncü Rusiya mərkəzi məsələsinin üstünə gəlib çıxırıq.
Söhbət Vladimir Putinin eyni kursda oxuduğu iki ən yaxın tələbəlik dostundan - Rusiya elitasının nüfuzlu nümayəndələri Viktor Xmarinlə Mixail Otdelnikovdan gedir.
Eldar Həsənov Qara dəniz və Xəzər dənizi hövzəsində Beynəlxalq Əməkdaşlıq və Tərədaşlıq Fondunun yaradılması üzrə nəhəng regional layihədə Viktor Xmarin və Mixail Otdelnikovla birgə iştirak edir.
E.Həsənov V.Xmarini bu barədə məlumatlandırmadan E.Namazov və Söyün Sadıqovla məsləhətləşmələrə çətin ki, başlayaydı. Onu da xatırlatmaq yerinə düşərdi ki, hələ iki həftə öncə diaspordakı mənbələrə istinadən E.Həsənovla S.Sadıqovun görüşməsi və məsləhətləşmələr aparması barədə məlumat vermişdik.
Çox böyük ehtimalla A.Muradverdiyevin ifadələri Bakıda planlaşdırılan iğtişaşların təşkilatçıları arasında ilk həbsləri həyata keçirmək üçün sanballı əsasa çevriləcək.
Əliyevə müxalif traybokratiyanın tipik nümayəndəsi olan A.Muradverdiyevlə yanaşı “Volodin oyunu”nda iştirak edən daha bir əsas sima,- bu, nə qədər təəccüblü görünsə də,- parlamentin keçmiş spikeri Rəsul Quliyevdir.
Rəsul Quliyev, Sergey Kislyak və Sergey Lavrov
Yuxarıda gətirilən dəlillər oxucunu ola bilər ki, qane etməsin. Lakin Rəsul Quliyevin şəxsən özü tərəfindən imzalanan və “Azadlıq” radiosu tərəfindən yayılan müraciət var. Bu müraciət müəyyən müddətdən bəri Azərbaycanı başı üzərindənasılan təhlükənin miqyasını əyani şəkildə açıb göstərir.
Azərbaycanın “bir nömrəli demokratı və qərbpərəsti, okeanın o tayındakı qaçqın, liberalizmdən moizələr oxuyan məşhur vaiz, ana yurdun xilaskarı” olan Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri Sergey İvanoviç Kislyaka məxfi məktubla müraciət edib. R.Quliyev öz məktubunda Rusiya səfirini ciddi-cəhdlə inandırmağa çalışır ki, İlham Əliyevin hakimiyyətdə qalması Rusiya-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur; belə ki, Azərbaycan prezidenti Rusiya kimi nəhəng dövlətin geopolitik maraqlaına məhəl qoymur və onu nəzərə almır, öz ölkəsində Rusiyaya əlindən gələn pisliyi edir.
R.Quliyev öz məktubunda vəziyyətin dəyişəcəyi təqdirdə Rusiya-Azərbaycan münasibətlərini ən yüksək səviyyəyə qaldırmaq üçün əlindən gələni edəcəyini, Rusiyanın həm Azərbaycandakı, həm də bütövlükdə Cənubi Qafqazdakı geostrateji maraqlarını təmin edəcəyini vəd edir.
Uzun illər Rusiya xarici işlər nazirinin müavini vəzifəsində işləmiş səfir S.Kislyak nazir S.Lavrovun ən çox etibar etdiyi adamlardan biridir. Səfir nazirə R.Quliyevin bu məktubu haqda məlumat verib ondan bu məsələ ilə bağlı yeni təlimat istəyir. Sergey Lavrov isə (çox güman ki, V.Volodinlə müvafiq məsləhətləşmələrdən sonra) səfirə belə tapşırıq verir ki, Azərbaycan müxalifətinin lideri ilə görüşüb məktubda yer alan məsələləri müzakirə eləsin.Rusiya mətbuatının məlumatına görə, S.Kislyak Vaşinqtonda R.Quliyevlə görüşüb və onlar Azərbaycandakı daxili siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.S.Kislyakovla R.Quliyevin danışıqlarının detalları məlum deyil. Lakin işin qəribəliyi ondadır ki, Rusiya hakimiyyətinin artıq ikinci qanadı, özü də çox nüfuzlu qanadı da Azərbaycan müxalifəti ilə təmaslara girib ona sonrakı fəaliyyəti ilə bağlı tövsiyələr verir. Məlum olduğu kimi, Rəsul Quliyev Milli Şuranın fəaliyyətində heç də az rol oynamayıb. R.İbrahimbəyov narazı qüvvələrin geniş koalisiyasının yaradılması ideyasını məhz R.Quliyevin dəstəyi ilə həyata keçirdi. Müxalifət (Müxalifətmi? Belə çıxır ki, Rusiya!) İbrahimbəyovun ölkəyə qayıtmasının məqbul olmadığını məhz R.Quliyevin dili ilə dedi. Məhz R.Quliyev belə bir xəbərdarlıqlaçıxış etdi ki, Milli Şuranın sədrini Bakıda 2 mindən çox kommandos gözləyir, bu qrup Milli Şuranın liderini qarşılamaq üçün aeroporta yığışan tərəfdarlarına divan tutub dağıdacaq, İbrahimbəyovun özünü isə hətta bir neçə günlüyə də olsa həbs edəcək.
R.Quliyevdə belə bir informasiya haradan idi? R.Quliyev traybokratiyadakı bütün tərəfdarlarını, hakimiyyətdəki informasiya qaynaqlarını çoxdan itirib. O, Azərbaycanın özündə, ilk növbədə də məmurlardan ötrü artıq “vurulmuş” kartdır. Heç kim ona bel bağlamır, onun vasitəsilə Vaşinqtona xüsusi ümid bəsləmir... R.Quliyev hakimiyyətdən qovulub milli-demokratların ağuşuna düşən marginalların xırda bir qrupundan başqa hamı, hətta ənənəvi müxalifət tərəfindən də rədd olunub.
Rəsul Quliyevin ardınca Milli Şura özünün Tiflisdəki səyyar iclasında V.Putinə xüsusi müraciət ünvanlamaq haqda qərar verir. Müraciətin mətnini Eldar Namazovun tapşırığı ilə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hazırlayır. Hakimiyyəti tez-tez “suveren demokratiya”nın Putin modelinin tətbiqində və rusiyapərəst siyasət yürütməkdə tənqid və ittiham edən qərbpərəst müxalifət indi özü “qanlı diktator”dan (klassik müxalifətin liderləri Putini belə adlandırdır, onu bu obrazda təqdim edirdi) kömək və dəstək istəyirdi.
Oxucunu V.Putinə xahiş-müraciətin sonluğu daha çox heyrətə sala bilər: “Biz inanırıq ki, bu arzular dövlət başçısı kimi sizə daha yaxındır. Arzu edirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da gerçəkliyə dönsün”.
Hüquqi və demokratik dövlət quruculuğunda arzular! Şərhsiz buraxırıq! Demokrat müxalifətçilərin məktubundan belə çıxır ki, Rusiya hakimiyyəti demokratik və liberal dəyərlərə çox yaxındır.
İndiki zəmanədə təsadüflərə inanmaq çox çətindir. Amma R.Quliyevin məhz R.İbrahimbəyovun qayıdışının məqbul olmaması barədəki bəyanatının və Milli Şuranın Kremlə ünvanladığı müraciətin ardınca V.Putinin mətbuat katibi Dmitri Peskovun bəyanatı səsləndi.
Peskov birmənalı şəkildə anlatmağa çalışdı ki, Azərbaycan müxalifətinin vahid namizədinin Rusiya pasportundan yaxa qurtarması elə də asan məsələ deyil və bu problem Bidzina İvanişvili məsələsində olduğu kimi bir neçə saata həll olunmayacaq.
Nə baş verdi? Axı sağlam düşüncəli və ağıllı adamlar başa düşür ki, Rəsul Quliyevin bəyanatı, Rüstəm İbrahimbəyovun Bakıya qayıtmaqdan imtina etməsi, Abbas Abbasovun meydandan qəfildən çəkilib yoxa çıxması, Söyün Sadıqovun bu məsələyə qəribə şəkildə biganələşib susması, Eldar Namazovun Moskvaya arası-sırasl kəsilməyən çarəsiz səfərləri, Eldar Həsənovun çaşqınlığa düşməsi və KİV-də onun Prezident Administrasiyasının rəhbəri təyin olunacağı ilə bağlı xəbərlərin yayılması, “LUKoil” prezidentinin təcili şəkildə Bakıya gəlmək arzusunda olduğunu rəsmən bildirməsi... - bütün bunlar eyni zəncirin həlqələridir.
Sanki hansısa ali qüvvə kələf kimi bu dolaşıq işə müdaxilə elədi və Bakıda gözlənilən ehtimali qanlı olayların qarşısını aldı. “Qara oktyabr” olmayacaq. Bəs bu “əhlikef inqilab”ın qarşısını kim aldı?
Putinin müdaxiləsi
Məhz prezident Putinin müdaxiləsi və ola bilər ki, bir də ABŞ-dakı dostlar ölkəni yeni iğtişaş və çaxnaşmalardan, onun başı üzərindən asılıb qalan xarici təhlükədən və yeni kataklizmlərdən xilas etdi. Rusiya prezidenti möhkəm siyasi tellərlə bağlı olduğu İlham Əliyevə açıq və nümayişkaranə dəstəyini ifadə etmək üçün sabah Bakıya gəlir.
Azərbaycanla Rusiya öz qarşılıqlı münasibətlərində 10 illik anlaşılmazlıq və gərginliklə səciyyələnən “qara zolaq”dan məhz Putinin hakimiyyətə gəlişindən sonra bir yerdə, birgə səylərlə çıxa bildilər. İki ölkə arasındakı etimad mühitini Heydər Əliyevlə Vladimir Putin arasındakı elə ilk görüşdən sonra yaranan şəxsi dostluq münasibətlərinin sayəsində bərqərar etmək mümkün oldu.
Rusiya səfirliyinin əməkdaşları hələ Heydər Əliyevin hakimiyyəti illərində maraqlı bir şey danışırdılar. Onlar deyirdilərki, Putinin Bakıya birinci səfəri zamanı Putinlə H.Əliyev ilk dəfə üz-üzə gələndə başları söhbətə necə qarışmışdısa, saatı-vaxtı da unutmuşdlar.Geosiyasi fəlakətin ağır nəticələrinin müzakirəsi çox uzun çəkmişdi...
V.Putin İlham Əliyevə də həmişə xüsusi ehtiramla yanaşıb. Çünki Azərbaycan prezidenti dünya birliyi qarşısında götürdüyü öhdəliyə sadiq olduğunu və onu yerinə yetirdiyini MDB-nin padşahlarından fərqli olaraq sözdə yox, əməldə sübut etdi - Azərbaycan heç vaxt qlobal oyunların reallaşması üçün səhnəyə çevrilmədi və çevrilməyəcək. Putin də bunu heç vaxt unutmurdu ki, Azərbaycanı onun özünün də heyran olduğu və həmişə etibar göstərdiyi şəxsin oğlu idarə edir. Putin bax, bunlara görə Azərbaycanda gərginlik yaratmaq istəyən Volodinin və anti-Əliyev cəbhəsi layihəsinin digər müəlliflərinin bütün cəhdlərinin qarşısını sərt şəkildə aldı. Putin Əliyev hakimiyyətini zorla ələ keçirməyə cəhd göstərən sui-qəsdçiləri bax, buna görə əzdi.
Bədnam “Milyarderlər ittifaqı” əhvalatı müəlliflərinin və Azərbaycana nifaq salmaq istəyənlərin himayədarlarının amansızlıqla cəzalandırılacağına heç bir şübhə yoxdur. Vladimir Putinin “Volodin oyunu”nun və “əhlikef inqilab”ın ən qızğın vaxtında məsələyə müdaxiləsi bunun ən bariz nümunəsidir. Bu layihənin müəllifləri ilə Putin özü haqq-hesab çəkəcək. Buna artıq heç bir şübhə qalmayıb.
Lakin Volodinin iradəsi ilə hazırlanan planın icraçıları qanun qarşısında cavab verəcəklərmi?
Abbas Abbasova qarşı indiyədək niyə cinayət işi açılmayıb?
Xüsusi xidmət orqanları Eldar Namazovun milyonlarının mənşəyi ilə, onların haradan gəlməsi ilə indiyə qədər niyə maraqlanmayıblar?
Söyün Sadıqovu vaxtında dayandırmağa nə mane olurdu?
Hakimiyyətin əsaslarını sarsıtmaqla məşğul olan Eldar Həsənov səfir postunda (bu, lap elə sürgündə olmaq sayılsa da!) daha nə qədər saxlanacaq?
Bəs Vahid Ələkbərov necə, o da cəzalanacaqmı?
Bu adamların hamısı - qürbətdə, yad ellərdə uydurulmuş və vətəndə hakimiyyətin zorla ələ keçirilməsi həddinə qədər irəliləmiş “yalançı inqilab”ın uydurma qəhrəmanları Azərbaycan Femidasının qılınc zərbəsindən nə üçün yayına bildilər?
İlham Əliyev bu qəsdin özgə inqilabına məxsus liberalizm donuna bürünmüş icraçıları ilə haqq-hesab çəkəcəkmi?
Mən yalnız cavabı olmayan suallar verdim...
Eynulla Fətullayev / virtualaz.org