Əli Abbasov "Microsoft”un vitse-prezidenti ilə görüşüb

Əli Abbasov "Microsoft”un vitse-prezidenti ilə görüşüb
  23 Avqust 2015    Oxunub:1535
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Microsoft” şirkətinin vitse-prezidenti, dövlət sektoru ilə iş üzrə rəhbəri Trudi Norris-Qreylə görüşüb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və “Microsoft” şirkətinin mövcud əlaqələri və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə olunub.

T. Norris-Qrey ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq “Microsoft” şirkətinin Avropa Oyunlarının tərəfdaşlarından biri olduğu üçün məmnuniyyətini ifadə edib. Ə. Abbasov öz növbəsində mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib və "Microsoft"un ilk Avropa Oyunları zamanı təqdim etdiyi qabaqcıl texnologiya və keyfiyyətli xidmətlərə görə şirkətə təşəkkürünü bildirib.

Görüş çərçivəsində bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda Uptime İnstitutunun qiymətləndirməsinə görə TIER 3 səviyyəli Data Mərkəz vasitəsilə “Microsoft” şirkətinin bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlərin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.

Sonda tərəflər cari ilin dekabr ayında Azərbaycanda keçiriləcək “BakuTel-2015” sərgi-konfransında “Microsoft” şirkətinin iştirakı məsələsini müzakirə ediblər.


Teqlər:





Xəbər lenti