Qazaxın 4 kəndi qaytarılır

 Qazaxın 4 kəndi qaytarılır
  19 Aprel 2024    Oxunub:1246
Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılığa gəlinib.

"Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Həmçinin qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır", - açıqlamada bildirilir.

Eyni zamanda, razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

* * *

17:04
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.

Tərəflər bir sıra məsələlərlə bağlı razılıq əldə ediblər.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti