"İsrail cavab olaraq İranı yox, Suriyanı vura bilər" - NBC

"İsrail cavab olaraq İranı yox, Suriyanı vura bilər"    - NBC
  16 Aprel 2024    Oxunub:455
İsrail İranın zərbəsinə çox güman ki, məhdud çərçivədə cavab verəcək. Təl-Əviv İslam Respublikasının ərazisini deyil, onun bölgədəki qüvvələrini, eləcə də İrana dost birləşmələri hədəf alacaq.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Telekanal adı açıqlanmayan dörd məmurun verdiyi məlumatlara əsaslanıb.

“İsrail keçən həftə İranın hücumuna hazırlaşarkən, rəsmilər ABŞ-ni mümkün cavab tədbirləri barədə məlumatlandırıblar”, - yazıda qeyd edilib.

İddia olunur ki, vurulan zərərdən asılı olaraq, İsrail hərbi reaksiyadan tamamilə imtina etməyə və ya itki, dağıntılar əhəmiyyətli dərəcədə olacaqdısa, İran ərazisinə zərbə endirməyə hazır idi.

Daha az dramatik variantlar arasında Suriya ərazisinə zərbə endirilməsi önə çəkilib. Bu dəfə aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun vurulmasından fərqli olaraq, hədəf Hizbullahın ərazidəki anbarları və logistika infrastrukturu ola bilər.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsraildəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib. Hücum dalğası təxminən beş saat çəkib. Daha sonra “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atdığını bildirib.
AzVision.az



Teqlər: İsrail  





Xəbər lenti