İsrail-İran münaqişəsi: Neft bazarı Yaxın Şərqdəki gərginliyə reaksiya verirmi?

      İsrail-İran münaqişəsi:    Neft bazarı Yaxın Şərqdəki gərginliyə reaksiya verirmi?
  16 Aprel 2024    Oxunub:868
İran ilə İsrail arasında münasibətlərin gərginləşməsi fonunda Yaxın Şərqdə müharibənin alovlanması təhlükəsi reallığa çevrilir. İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq, aprelin 14-nə keçən gecə İsrailə qarşı 30 qanadlı raket və 170 pilotsuz uçan aparat atıb. Bu gün isə İsrailin hərbi kabineti İranın raket və pilotsuz təyyarə hücumuna cavabını müzakirə etmək üçün toplaşıb. İsrailin hərbi qərargah rəisi hücumun cavabsız qalmayacağını bildirib.
Bəs, Yaxın Şərqdəki gərginlik enerji bazarına necə təsir edəcək? Bu, neftin dünya bazarında kəskin qiymət artımına səbəb ola bilərmi?

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, İsrail-İran gərginliyi enerji bazarına təsirsiz ötüşməyəcək. Amma bu, münaqişənin davam etdiyi müddətdən asılı olacaq.

"Tərəflər hələlik genişmiqyaslı müharibə anonsu vermirlər. Buna görə də gərginliyin dünya və neft bazarına xüsusi təsirləri yoxdur və kəskin qiymət artımını müşahidə etmirik.

Ümumilikdə Yaxın Şərqdə baş verənlər neft bazarına artıq öz təsirini göstərib. Çünki "Brent" markalı neftin 1 barelinin qiyməti 90 dollardan baha təklif olunur. Bu da ondan xəbər verir ki, neft bazarı Yaxın Şərqdəki gərginliyə praktik olaraq reaksiya verib.

Lakin münaqişə yenidən alovlanarsa və İran müharibəyə cəlb olunarsa, bu, sözsüz neftin dünya bazarında kəskin qiymət artımına səbəb olacaq. Xüsusən də beynəlxalq yükdaşımalarla bağlı problemin dərinləşməsinə gətirib çıxardacaq".

V. Bayramovun sözlərinə görə İsrail-İran münaqişəsi Orta Dəhlizə marağı artıra bilər:

"Müharibə qızışarsa, bu, neft ölkələrinin qara qızılın satışından daha çox gəlir əldə etməsinə səbəb olacaq. Eyni zamanda münaqişə və digər konfliktlər kontekstində Azərbaycanın da dəstək olduğu Orta Dəhlizə marağın artması müşahidə olunur".

Deputat vurğulayıb ki, Azərbaycan və ümumilikdə bizim yerləşdiyimiz region növbəti dövrlərdə geosiyasi baxımdan prioritet bölgə olacaq və Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların miqyası artacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti