London Ukraynaya lazer silahı verə bilər

   London    Ukraynaya lazer silahı    verə bilər
  12 Aprel 2024    Oxunub:727
Böyük Britaniya dronları vura bilən “DragonFire” lazer silahını Ukraynaya göndərmək ehtimalını açıqlayıb.
AzVision.az “The Telegraph” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Böyük Britaniya bu yeni silahın öz ordusunda tətbiq edilməsini 2027-ci ilə planlaşdırır. Lakin ölkənin Müdafiə naziri Qrant Şepps “DragonFire” lazer silahının prototipinin Ukraynada daaha əvvəl peyda ola biləcəyini vurğulayıb.

“İndi Avropada canlı münaqişə gedir və onu həll etmək üçün faydalı ola biləcək unikal müasir silahlarımız var. Ukraynalıların bu silahı əldə edə bilməsi üçün onun 100 faiz mükəmməl olması lazım deyil. Onun ideal variantı üçün vədə hələ ki, 2027-ci ildir. Amma əlbəttə ki, bu prosesi sürətləndirmək üçün görək nə edə bilirik”, - Qrant Şepps deyib.

Bu silahın illər öncəyə hesabalandığını bildirən Şepps onun bir atəşinin çox ucuz - cəmi 10 funt sterlinqə başa gəldiyini vurğulayıb.

Məşhur “Forbs” nəşri isə bu arada Rusiyanın tank və hərbi maşınlar ehtiyatının tükənməyə başladığını iddia edib. Nəşrin yazdığına görə, Rusiyanın bu ehtiyatları yalnız 2025-ci ilin ortalarına qədər kifayət edəcək.

“Ukraynada hərbi baxımdan əhəmiyyətli qazanc əldə etmək yönündə 2024-cü il Rusiya üçün son fürsətdir. Ukrayna öz problemlərini həll etmək üçün fəal işləyir və 2025-ci ilə qədər əhəmiyyətli irəliləyiş gözlənilir. Səfərbərlik qanununun qəbulundan sonra 2024-cü ilin sonuna qədər bütün cəbhələrdə Ukrayna üçün vəziyyətin tədricən yaxşılaşacaq”, - nəşrin məlumatında vurğulanır.

Qərb mətbuatında açıqlanan belə məlumatların əslində daha çox Ukraynaya ürək-dirək vermək məqsədilə yayılan təbliğat xarakterli yazılar olduğu istisna deyil. Belə ki, Ukraynanın cəbhədə üzləşdiyi ağır vəziyyətə baxmayaraq, Qərb ölkələri, xüsusən də ABŞ təcili şəkildə Kiyevə zəruri olan hərbi və maliyyə dəstəyi göstərmək əvəzinə hələ də yağlı vədlər verməklə məşğuldurlar. Qərbin məşhur nəşrləri isə həmin siyasətin informasiya müstəvisində dəstəklənməsini həyata keçirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   Ukrayna   lazer  





Xəbər lenti