Kuklaçılar qardaş ölkədə maraqla qarşılandılar

   Kuklaçılar qardaş ölkədə maraqla qarşılandılar
  15 Dekabr 2023    Oxunub:1758
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Türkiyə Cümhuriyyətində keçirilən XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalında iştirak edir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə baş tutan teatr bayramı TÜRKSOY təşkilatının 30 illiyi münasibətilə türkdilli ölkələri, türk toplumlarının təmsil olunduğu kuklaçıları bir araya gətirməklə onların sənət mübadiləsinə şərait yaradır.

11-16 dekabr 2023-cü il tarixlərini əhatə edən teatr görüşündə UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) və ona üzv 10-a yaxın aparıcı ölkənin nüfuzlu kukla teatrı mütəxəssisləri də iştirak edirlər. Onlar kukla teatr sənəti istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparır, yeni birgə layihələr barədə təkliflər verirlər.

Nüfuzlu teatr festivalında ölkəmizi təmsil edən teatr heyəti dekabrın 14-də türkiyəli teatrsevərlərə “Məlikməmməd” tamaşasını göstəriblər.

Barış Manco Kültür Mərkəzində baş tutan nümayiş böyük marağa səbəb olub. Tamaşaçı istəyini nəzərə alan kuklaçılarımız tamaşanı iki seans oynayıblar.
Qeyd edək ki, Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşa uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır.

Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşa (böyük bəstəkarımız Fikrət Əmirovun əsərlərindən istifadə olunub) ənənəvi kukla üslubunda olsa da quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil etməyə çalışıblar.
Nümayişin ardınca UNİMA Milli Mərkəzinin rəhbəri, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə türkiyəli həmkarı – UNİMA-nın Türkiyə təmsilçisi Enis Ergünlə görüşüb. Onlar qarşılıqlı səfərlərin, ustad dərslərinin təşkili, eləcə də kukla sənəti üzrə mübadilə istiqamətində yeni əməkdaşlıqlar barədə danışıblar.

Tədbir çərçivəsində teatr heyətimizin festivalın direktoru, Bursa Bələdiyyəsinin sədr müavini Fəhim Fərid ilə də görüşü olub.

Azərbaycanlı kuklaçıların çıxışını yüksək qiymətləndirən festival direktoru yaradıcı heyətin peşəkarlığı və onlara olan böyük tamaşaçı heyranlığından danışıb, uğurlu nümayiş münasibətilə kuklaçıları təbrik edib.

Teatrın direktoru Rəşad Əhmədzadə xoş münasibətə, qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ona milli kukla sənətimiz, onun tarixi, 92 yaşlı kukla teatrı və Azərbaycanda olan kukla teatrları barədə ətraflı məlumat verib.

Görüşdə perspektiv planlar, növbəti ildə Bursada keçiriləcək mədəniyyət tədbirlərinə dəvət məsələləri də müzakirə olunub.










AzVision.az


Teqlər:





Xəbər lenti