NATO Moldovanı Rusiyaya qarşı müharibəyə sürükləyəcəkmi? - MÜSAHİBƏ

   NATO Moldovanı Rusiyaya qarşı müharibəyə sürükləyəcəkmi? -    MÜSAHİBƏ
  13 İyul 2023    Oxunub:3096
NATO-nun Vilnüs sammitində Moldovanın alyansla əməkdaşlığı xüsusi iclaslardan birində müzakirə olundu. Moldovaya marağın bu qədər artması nə ilə bağlıdır? Azvision.az-ın suallarını moldovalı politoloq, tarix elmləri doktoru Ruslan Şevçenko cavablandırıb.
- Bu, bir-biri ilə sıx bağlı olan iki səbəblə izah olunur. Birincisi, Rusiyanın Ukraynaya hücumundan sonra ölkələrimiz ABŞ və Aİ-nin diqqət mərkəzindədirlər. Onlar bizim yenidən Rusiya Federasiyasının iqtisadi, siyasi və hərbi nəzarəti altına qayıtmasını istəmirlər. Səbəb təkcə Qərbin ölkələrimizi avropalılaşdırmaq üçün 30 ildir göstərdiyi səylərinin iflasa uğraması təhlükəsi deyil. Putin və ətrafının bütün Şərqi Avropanı Rusiyanın təsir dairəsinə qaytarmaq üçün yeni iddialara düşəcəkləri istisna deyil. ABŞ və Aİ Moldova ilə Ukraynada təsirlərini saxlamaq üçün ölkələrimizə əvvəllər tamamilə qeyri-mümkün olan bir sıra üstünlüklər, eyni zamanda Aİ-yə namizəd statusu verdilər. Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara hazırlıqlara, kənd təsərrüfatı və digər məhsulların Aİ bazarlarına çatdırılması imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə və s. başladılar.


- İkinci səbəb nədir?
- Ukraynada müharibə başlamazdan əvvəl Moldovaya ancaq 2030-2040-cı illərin qovşağında vəd olunan Aİ-yə üzvlük indi xeyli yaxınlaşıb. Avropa Parlamentinin sədri R.Metsola kimi bəzi avropalı rəsmilər artıq bunun yaxın bir neçə ildə, bəlkə də 2030-cu ilə qədər baş tuta biləcəyindən danışırlar. Aİ-yə daxil olan bütün ölkələr, demək olar ki, eyni vaxtda NATO-ya da qəbul ediliblər. Ona görə də, ölkələrimiz Aİ-yə üzvlüyə ən yaxın namizəd kimi qəbul olunmağa başladığından bu, avtomatik olaraq NATO-nun da bizə marağını kəskin şəkildə artırıb. NATO ölkələrimizin ordularını öz standartlarına tam uyğunlaşdırmaq üçün Ukraynaya, son vaxtlar isə Moldovaya getdikcə daha çox müasir silah növləri ilə kömək edir. Gözləmək olar ki, yaxın illərdə indiki Ukrayna ordusu kimi Moldova ordusu da tam islahat prosesindən keçəcək və Aİ-yə daxil olana qədər NATO-nun tələblərinə az-çox əməl edəcək.

NATO indi Moldovanı, xüsusilə də Ukraynanı öz sıralarına dəvət edə bilməz, çünki bu, alyansı avtomatik olaraq Rusiya ilə müharibəyə cəlb edir. Ona görə də, NATO əvvəlcə Ukraynada müharibənin bitməsini gözləyəcək, sonra isə onun davam etmə ehtimalını istisna edərək, Ukraynanı, ola bilsin ki, ondan dərhal sonra Moldovanı öz sıralarına qəbul etməyə çalışacaq.

- Belə bir fikir var ki, NATO Moldovada Rusiyaya qarşı “ikinci cəbhə” açmaq variantını nəzərdən keçirir. Belədirmi?
- Bu qənaət əsasən Moldova əhalisinin rusiyapərəst hissəsi arasında, sol və rusiyayönlü mətbuatda yayılıb. Onlar Moldova ordusunun yenidən silahlanması prosesini şərh edərək, sosial şəbəkələrdə və mediada davamlı olaraq bunun Moldovanı Ukraynanın tərəfində Rusiyaya qarşı müharibəyə cəlb etmək üçün edildiyini iddia edirlər. Qərbyönümlü mətbuat indiki halda əsaslı olaraq hesab edir ki, Rusiyanın Moldova mətbuatına qəsdən yaydığı qorxulu xəbərlər moldovanları NATO haqqında düşünməyə cəsarət etməkdən çəkindirmək məqsədi güdür.

Əslində Moldova hakimiyyəti NATO ilə əməkdaşlığı genişləndirmək istəsə də, Rusiya Federasiyası ilə müharibədə Ukraynanın tərəfində iştirak etməyi planlaşdırmadığı üçün ən azı Ukraynada müharibə bitənə qədər gözləyəcək. Çünki bundan dərhal sonra Rusiya raketləri və pilotsuz təyyarələrinin tamamilə müdafiəsiz hədəfinə çevriləcəyini anlayır. Bu o deməkdir ki, ölkədəki siyasi və iqtisadi sabitlik dərhal pozulacaq, əhalinin əsas hissəsi Rumıniyaya və digər Aİ ölkələrinə qaçacaq. Bu halda hətta nəzəri cəhətdən də hansısa “ikinci cəbhə”dən danışmaq mümkün olmayacaq.

- Doğrudanmı indiki Moldova hakimiyyəti neytral statusdan imtina etməyə çalışır?
- Bu məsələ göründüyündən daha mürəkkəbdir. Moldova ilk növbədə ona görə neytral dövlət ola bilməz ki, onun beynəlxalq səviyyədə tanınmış ərazisində (Dnestr çayının sol sahilində) Rusiya-Ukrayna müharibəsində iştirak edən ölkələrdən birinin - Rusiyanın qoşunları yerləşir. Onların sülhməramlıları Moskvanın tam nəzarət etdiyi və hər cür azad düşüncəni sıxışdıran separatçı diktator rejimi qurub. Ancaq Rusiya Federasiyası ilə münaqişəni vaxtından əvvəl, bütün şərtlər bunun üçün yetişməyənə qədər qızışdırmamaq üçün Moldova hakimiyyəti məsələni bu şəkildə qoymur, odur ki, hələ 1994-cü ildə Moldovanın neytral statusunu təsbit edib. Buna görə də, hələ 1990-cı illərdən fərqli bir kurs seçilib və hazırda neytrallıqdan rəsmi şəkildə imtina etmədən NATO ilə əməkdaşlığın tədricən genişləndirilməsi həyata keçirilir.


Bu, 2006-cı ildə hətta kommunist rejimi idarəsində olan Moldovaya NATO ilə Fərdi Əməkdaşlıq Planı haqda müqavilə bağlamağa imkan verdi. İndiki Moldova hakimiyyəti neytrallıqdan əl çəkməyin zəruriliyini bəyan etsə də, bunun yalnız müəyyən uzaq perspektivdə baş tuta biləcəyindən danışır. Bu vəziyyət ən azı Rusiya-Ukrayna müharibəsi bitənə qədər davam edəcək və bundan sonra hər şey onun nəticəsindən asılı olacaq. Ancaq müvəqqəti atəşkəs imzalansa, neytrallıqdan imtina etmək nəinki vaxtı yetişməmiş, həm də təhlükəli olacaq, çünki Rusiya Federasiyasının dəstəklədiyi quldur Dnestryanı rejim üçün artan hərbi təhlükə kimi qiymətləndiriləcək. Əgər Ukrayna müharibədə qalib gələrsə və Rusiya Federasiyasını bütün işğal olunmuş ərazilərdən çıxmağa məcbur edərsə, neytrallıqdan imtina tez bir zamanda baş verəcək və Moldova üçün ağır nəticəsi olmayacaq.

- Moldovada Avropaya inteqrasiyadan getdikcə daha çox danışılır. Moldova cəmiyyətinin Avropaya inteqrasiyaya münasibəti necədir?
- Əgər respondentlərin 50-60%-i, hətta müəyyən dövrlərdə bundan da çoxu Aİ-yə daxil olmağın tərəfdarıdırsa, cəmi 20-25, uzaq başı 30%-i NATO-ya daxil olmağın tərəfdarıdır. Yerdə qalanlar, o cümlədən qərbpərəstlər buna qəti şəkildə qarşıdırlar, çünki hətta onların arasında da Rusiya Federasiyası ilə müharibə istəyənlər çox azdır. Onların çoxu “həm Qərblə, həm də Şərqlə dostluq etməyi” arzulayır. Bu, 1990-cı illərdən bəri bütün Moldova hakimiyyətlərinin dəfələrlə tənqid olunduğu qüsurlu təcrübədir, çünki nə Aİ, nə də Rusiya Federasiyası bunu başa düşmür və rəğbətlə qarşılamır. Bununla belə, “neytral” mövqe bütün Moldova siyasətçiləri, istər rusiyapərəst, istərsə də qərbpərəstlər arasında geniş yayılmaqda davam edir. Bu gün yalnız bir şey vəziyyəti dəyişdirə və Moldova cəmiyyətini neytrallığın rədd edilməsini dəstəkləməyə inandıra bilər - Ukrayna ilə müharibədə Rusiya Federasiyasının qəti məğlubiyyəti və sonuncunun NATO-ya daxil olması. Amma buna hələ çox var, odur ki, neytrallıq məsələsində ölkəmizin sakinlərinin rəyinin dəyişəcəyinə ümid etmək də hələ tezdir.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Moldova   NATO   Rusiya  





Xəbər lenti