Şəffaf büdcənin yaratdığı imkanlar – Pərviz Heydərovun şərhi

   Şəffaf büdcənin yaratdığı imkanlar –    Pərviz Heydərovun şərhi
  07 İyul 2023    Oxunub:1838
Dövlət büdcəsində gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi ya iqtisadi artımdan xəbər verir, ya da şəffaflaşmadan. Cari ilin ilk 3 ayında ölkədə cəmi 0,4% artım qeydə alınıb. Bu müddət ərzində büdcənin gəlirləri 8 milyard 290 milyon, xərcləri 6 milyard 567 milyon manat təşkil etməklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3% və 16,7% çox olub. Nəticədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu özü də 1 il əvvələ nisbətən 24,8% çox deməkdir.
Dövlət başçımız bildirmişdi ki, Vergi Xidmətinin xəttilə üç ay ərzində proqnozdan 1,1 milyard, Gömrük xətti vasitəsilə isə 400 milyon manat artıq vəsait toplanıb. Yəni, təkcə 3 ay ərzində proqnozdan əlavə toplam 1,5 milyard manat vəsait yığılıb.

Bu, nəyin nəticəsidir?! Təbii ki, sırf 0,4%-lik iqtisadi artımın hesabına deyil. Prezident gömrük xəttiylə proqnozdan əlavə 400 milyon vəsaitin toplandığını qeyd edərkən sözügedən sahədə aparılan islahatlara və əvvəlki illərdə buraxılan nöqsanların aradan qaldırılması prosesinin uğurla getdiyinə heç də təsadüfən toxunmamışdı.

Bəli, büdcəyə gəlirlərin proqnozlardan artıqlaması ilə yerinə yetirilməsi ilk növbədə şəffaflaşmanın dərinləşməsinin nəticəsidir. Tendensiya vergi sahəsində hələ dörd il öncə başlayıb. Və bu özünü ötən hər bir il ərzində yığımda müsbət dinamikanın inkişafı ilə göstərib, göstərməkdə də davam edir.

Tendensiyanın nəticəsini büruzə verən əsas faktorlardan biri isə Dövlət Neft Fondundan transfert kənara qoyulmaqla dövlət büdcəsi gəlirlərinin 31,9% artıq icra edilərək, 6 milyard 714,0 milyon manat təşkil etməklə əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat profisit yaratmasıdır.

Eyni zamanda, əlbəttə, neftin beynəlxalq bazarlarda bizim üçün əlverişli qiymət səviyyəsi faktoru da nəzərə alınmalıdır ki, bu, artıq xeyli müddətdir eyni vəziyyətdədir. Odur ki, şəffaflıq və neftin dünya bazar qiymətləri dövlət büdcəsini artıqlaması ilə icra etməyə şərait yaradan əsas səbəblər sayılır. Bu vəziyyətdə büdcənin gəlir və xərclər hissəsini çox rahatlıqla artıra bilirik.

Ölkədə böyük işlər görülür. Söhbət, xüsusən də işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və tikinti-quraşdırma işlərindən gedir. Bütün bunlar möhtəşəmliyi ilə seçilir. Cari ilin büdcəsindən bütün bu işlər üçün 3 milyard manat vəsait xərcləmək nəzərdə tutulub. Bu, keçən ildəkindən 330 milyon manat çoxdur. Keçən il əvvəl 2,2 milyard ayrılsa da sonra 470 milyon manat artırıldı.

Cari ildə büdcəyə artımların əsas xərc istuqamətləri ilk növbədə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdər, ikinci növbədə isə hərbi istiqamətə. Hər ikisi də vacibdir.

Sosial sahəyə gəlincə, əsas odur ki, artımların ardıcıllığı ölkəyə idxalı stimullaşdırmasın. Və bu yolla da bahalaşma və inflyasiya əlavə olaraq alovlanlanmasın. Hökuməti ehtiyatlı olmağa vadar edən məhz bu amildir. Bu nöqteyi-nəzərdən, dövlət büdcəsi xərcləri artırılan zaman inflyasiya və bahalaşmaya nəzarət yenə diqqət mərkəzində saxlanılmalı olan ən vacib məsələlərdən sayılır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Büdcə  





Xəbər lenti