Çar Rusiyasının İrandan gətirdiyi Qarabağ ermənilərinə Qərbdə sitayiş edirlər - Mübariz Əhmədoğlu

   Çar Rusiyasının İrandan gətirdiyi Qarabağ ermənilərinə Qərbdə sitayiş edirlər -    Mübariz Əhmədoğlu
  26 İyun 2023    Oxunub:2459
Qarabağ ermənilərinə Qərbdə müstəsna münasibət var. Rusiyada müəyyən qüvvələr bundan uğurla istifadə edirlər. Rusiya siyasətçiləri üçün artıq Qarabağ və Ermənistan fərqli müstəvilərdir. Onların yanaşması belədir ki, Qarabağdakı ermənilər hərbi baxımdan güclənməli və gələcəkdə regionda Rusiyanın möhkəm dayaqlarından birinə çevrilməlidir. Dnestryanı bölgə Qafqazda da yaradılmalıdır.
Rusiyanın bu siyasətində varislik xətti mövcuddur. Çar Rusiyası İranla müharibənin nəticəsi olaraq Gülüstan və Türkmənçay müqavilələrini imzaladıqdan sonra İran ərazisində olan ermənilərin böyük bir qismini Azərbaycan torpaqlarına - Qarabağa və Ermənistan ərazisinə köçürdü. O cümlədən, Osmanlı imperiyasına qarşı apardığı mübarizədə onu dəstəkləyən xeyli ermənini təhlükəsizliyini təmin etmək üçün Ermənistana və Qarabağa gətirdi. Paşinyanın siyasətindən narazı qalan Moskva bu mövzuda bəzi arxiv materiallarını Ermənistan mətbuatında yayımlamışdı. ABŞ, Aİ və digər ölkələrin Yerevandakı diplomatları bu materialları görməlidirlər.

Qarabağ erməniləri də eynilə Marsel və Qlendeyl erməniləri kimi gəlmədirlər, aftoxton deyillər. Marselə, Liona, Qlendeylə və dünyanın digər dövlətlərinə ermənilər yaşamaq üçün köçüblərsə, Qarabağa Rusiyanın imperiya məqsədlərinə xidmət etmək üçün gətiriliblər. Bu, indi də özünü göstərir. Dünyanın bütün yerlərində ermənilər və azərbaycanlılar birgə yaşaya bildikləri halda, Azərbaycan ərazisində onlar “etnik uyuşmaz” kimi təqdim edilirlər. Eks-prezident Robert Köçəryanın doktrinasında məhz belə deyilirdi.

Qərbin vəziyyəti mümkün qədər tez anlaması bütövlükdə region, Avropa üçün çox faydalıdır. Azərbaycan hökuməti çar Rusiyasının siyasətinin daşıyıcıları olan Qarabağ ermənilərinin təhlükəsiz birgəyaşayış və reinteqrasiyası naminə “yumşaq güc”ün tam imkanlarından istifadə edir. Təəssüf ki, prosesi hərbi əməliyyatlara sürükləyənlər hələ də çox güclüdürlər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti