Azərbaycan almanları: Helenendorfun yüksəlişi və çöküşü - REPORTAJ

Azərbaycan almanları: Helenendorfun yüksəlişi və çöküşü - REPORTAJ
  31 İyul 2017    Oxunub:35180
Murad Köhnəqala
Şəlalə Göytürk
Xüsusi olaraq AzVision.az üçün


Tarixdən də məlumdur ki, almanların Rusiyadan Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Köçürülən alman ailələri əsasən ölkəmizin qərb bölgəsində yerləşdirilmişdi. Gəncə, Şəmkir, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy rayonlarında yaşadıqları müddət ərzində almanlar yerli əhali ilə qaynayıb-qarışıblar.
İkinci Dünya Müharibəsinin başlaması ərəfəsində Azərbaycandakı alman ailələri Stalinin əmri ilə Qazaxıstana sürgün edilmişdi. Almanlar Azərbaycanda məskunlaşdıqları bu 120 il ərzində sənətkarlığın müxtəlif sahələri, tikinti-quruculuq işləri ilə məşğul olub, yeni texnologiyaların tətbiqi vasitəsilə kənd təsərrüfatının dirçəlişinə təkan veriblər.

Bundan başqa, İkinci Dünya müharibəsi zamanı əsir düşən alman vətəndaşları SSRİ-nin müxtəlif ərazilərinə, o cümlədən Azərbaycana sürgün edilib, respublikamızın bir neçə rayonunda sürgün həyatı yaşayıblar. Alman əsirlərin yaratdığı memarlıq, incəsənət nümunələri hələ də bu bölgələrdə qalmaqdadır.

Beləliklə, Azərbaycandakı alman koloniyaları, alman əsilli vətəndaşlar və onların törəmələri, o cümlədən almanların respublikamızda iki əsrə yaxın yaşayışını və fəaliyyətini araşdırmaq qərarına gəldik. Bunun üçün ilk olaraq, almanların 1918-ci ildə Azərbaycanın Göygöl rayonunda məskunlaşdığı Helenendorf koloniyasını ziyarətə getdik.

Beləliklə biz Göygöl – Helenendorf (keçmiş Xanlar) rayonundayıq və niyyətimiz bu kiçik alman şəhərciyinin bütün aşkar və gizli həyatını araşdırmaqdır.

I SƏFƏR
Helenendorf. Kiçik Almaniya


Əsasını almanların qoyduğu Göygöl (Helenendorf) rayonuna yaxınlaşan kimi bizim üçün xarakterik olmayan tikililərin arasına, yeni bir aləmə düşdük. Qırmızı daşla döşənmiş küçələr, uca çinarlarla müşayiət olunan bu küçələrin sağ-solunda isə alman arxitekturası nümunələri olan taxta evlər düzülüb. Taxta eyvanları oyma sənəti ilə işlənmiş bu evlərin hər biri ayrı-ayrılıqda bir muzey təsiri bağışlayır. Küçələr sakit və sərindir. Bu alman şəhərciyi əzəmətli olduğu qədər də nəcibdir.

Yerli sakinlərin dediyinə görə Helenendorfda yaşamış sonuncu alman əsilli Azərbaycan vətəndaşı Viktor Kleyn 2007- ci ildə vəfat edib. Bu xəbərdən sonra biz Viktorun gənclik dostu, 80 yaşlı Fikrət İsmayılovla görüşməyi qərara aldıq.

İxtisasca arxitektor olan Fikrət müəllim 1953-cü ildən, bugünədək Göygöl rayon icra hakimiyyətində tikinti-memarlıq şöbəsində çalışır. Gəlişimizin məqsədini bilən Fikrət bəy bizi mehribanlıqla öz evinə dəvət etdi. O, çay süfrəsi arxasında aram-aram danışaraq yaxın dostu Viktor Kleyni yad etmək üçün Göygöldə yaşamış alman ailələrinin bu yerlərə necə gəlib düşmələri haqda məlumat verməyə başladı:

- Bildiyiniz kimi, alman ailələrini Azərbaycana 1819-cu ildən etibarən kütləvi halda köçürməyə başlayıblar. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş verib. Azərbaycana yerləşdirilmiş ilk almanların böyük əksəriyyəti Vürtemburq Krallığının sakinləri idi. 1817 - 1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi - Helenendorf və Annenfeld Şimali Azərbaycanda yerləşirdi. Bu koloniyalardan başqa almanlar ölkəmizdə Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi adlandırdıqları yaşayış məntəqələrində məskunlaşmışdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan “Kaukasische Post” qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı.



Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal iştirak ediblər. Azərbaycan Xalq Cümhuriyyəti Respublikasının IX Milli Azlıqlar fraksiyasının dörd üzvündən biri əslən alman olan Lorens Kun olub. Lorens Kun 1884 - cü ildə Helenendorf şəhərində anadan olub və 1918 - ci ilin 7 dekabrından etibarən AXC parlamentində Azərbaycan almanlarını təmsil edib. Almanlar burada yaşadıqları dövr ərzində memarlıq, tikinti, sənaye, təsərrüfatçılıqla məşğul olurdular.

Yerli əhalinin həyat şəraitinin yaxşılaşmasında alman sənayesinin böyük əməyi olub. Məsələn, bizim region şərabçılıqla məşhurdur. Amma bunun dəqiq tarixini hər kəs bilmir. Gəlin sizə, Göygölün şərabçılıq tarixi ilə bağlı bir əhvalat danışım. Demək, 1850 – ci illərdə Forer soyadlı bir nəfər Helenendorfdakı həyətində üzüm becərib meynələrdən şərab çəkirmiş. Bu adamın içkiyə meyilli olması və üzümdən şərab hazırlaması yerli sakinlərə də məlum idi.

O vaxtlar kapitalist münasibətləri ölkəmizdə yenicə formalaşmağa başlamışdı. Avropalı sahibkarlar da Azərbaycanda təbii sərvətlərin emalı ilə maraqlanırdılar. Şəki rayonuna ipəkçiliklə əlaqədar olaraq tez–tez səfər edən bir qrup avropalı iş adamı yerli camaatdan şərab, araq, konyak satılan ünvanları soruşsalar da, belə bir işlə kimsənin məşğul olmadığı cavabını alıb məyus olurdular. Günlərin bir günü yerli sakinlərdən biri avropalı qonaqlara Göygöl rayonundakı alman məskəni və buradakı şərabçı Forer haqda məlumat verir. Əksəriyyəti fransız olan sahibkarlar Göygölə gəlib Foreri tapırlar. Forer onları şəxsi istifadəsi üçün istehsal etdiyi şəraba qonaq edir. Şərab qonaqların çox xoşuna gəlir. Onlar artıqlaması ilə pul ödəyərək Forerin evindəki bütün şərabları alıb Avropaya aparırlar. Bir ildən sonra geri dönən həmin avropalılar artıq Forerin evini tanıyırdılar. Onun kustar üsulla üzümdən çəkdiyi şərabı getdikcə Avropada brendə çevrilməyə başlayır. Beləliklə, Avropadan Azərbaycana gələn hər bir qonaq gözəl şərab üçün Göygölə, cənab Forerin yanına gəlir. Forerin müştəriləri çoxalmağa başlayır. O, ətrafda yeni torpaq sahələri alıb üzümlüklər salır və dörd oğlunu bu işə cəlb edir. Beləliklə, 1860-cı ildə artıq şərabları Avropa ölkələrində də məşhur olan “Forer qardaşları” səhmdar cəmiyyətinin əsası qoyulur. SSRİ dönəmində dünyanın 60 ölkəsinə brend məhsul satan “Xanlar” şərab zavodunun özülünü də almanlar qoymuşdu. Həmin şərabçılıq zavodu bu gün də fəaliyyət göstərir.

- Fikrət müəllim, bəs, Helenendorf adı haradan götürülüb?

- Bu qəsəbə rus çarı Aleksandrın qardaşı arvadı, Helena xanımın şərəfinə adlandırılıb. Çünki Vürtemberq kralının qızı olan Helena almanların Cənubi Qafqaza köçürülməsi və burada yerləşdirilməsinə böyük köməklik göstərmişdir. Helenendorf altı böyük küçədən ibarətdir. Küçələr bir vaxtlar belə adlanıb: Hummel küçəsi, Şəhər küçəsi, Kilsə küçəsi, Helena küçəsi Telman küçəsi və Oktyabr küçəsi.



- Fikrət bəy, almanlarla nə vaxtdan ünsiyyətdəsiniz? Onları necə xatırlayırsınız?

- Mən 1935-ci ildə Göygöl rayonunda anadan olmuşam. Gözümü açandan almanlarla birgə yaşamışıq. Yəni, 1941- ci ildə onların hamısı sürgün edilməmişdi, başqa millətlə qarışığı olanlar, müxtəlif vasitələrlə Stalin fərmanından yayınan alman ailələri rayonumuzda qalmışdı. Sizə deyim, alman xalqı bizim yaşadığımız bu regiona çox gözəlliklər gətirdi. Gördüyünüz bu təmiz, səliqəli küçələr, “Nemes parkı” deyilən istirahət mərkəzi, almanların yaşadığı hər bir ev, hər bir bina canlı tarixdir. Küçələrin kənarında cərgə ilə ucalan çinarlar da onlardan yadigardı.

Almanların Gəncədə texniki tərəqqinin yüksəldilməsində və əhalinin maddi mədəniyyətinin inkişafında xidmətləri əvəzolunmazdır. Su və elektrik dəyirmanlarının qurulması, şəhər teatrının və kinematoqrafiya binalarının inşası Gəncədə böyük mədəni inqilabın əsasını qoymuş və sənət adamlarının yetişməsində misilsiz rol oynamışdır.

Yaşadıqları dövr ərzində alman kolonistləri sənaye sahəsində də böyük işlər görmüşlər. Gəncəbasarın o vaxtki tarixini səhifələsək, Forer, Hummel və Simens qardaşlarının Gəncənin iqtisadiyyatına qazandırdıqları nailiyyətləri görə bilərik.

1883-cü ildə Gəncədə Forer qardaşları tərəfindən ikinci Buxar dəyirmanının əsası qoyuldu. 1902-ci ildə isə Forerlərin dəyirmanında İsveç maşınları yerləşdirildi. Bu dəyirmanda üç növdə istehsal olunmuş un təkcə Gəncənin özündə yox, eyni zamanda başqa şəhərlərdə də satılırdı. 1905-ci ildə Forer qardaşları tərəfindən yeni sənaye müəssisəsinin, rektifikasiya spirti istehsal edən zavodlardan birinin əsası qoyuldu. Helenendorf alman koloniyasında fəaliyyətə başlayan “Forer və oğlanları” şirkəti Gəncənin də iqtisadi həyatında böyük rol oynamışdı. 1913-cü ildə qardaşlar şirkətin əsasında “Forer qardaşları” ticarət evini yaratdılar. Onların təkcə Gəncə şəhərində rektifikasiya spirti zavodunun 10-a yaxın anbar və zirzəmisi, eləcə də Gəncə Dəmiryol stansiyasında Forerlərin 6 şöbədən ibarət şərab satışı zirzəmisi var idi. O dövrdə Gəncədə Zərrabi məhəlləsində XIX əsrin ortaları üçün yeganə teatr binası olan “Forer” şəhər teatrı da fəaliyyət göstərirdi. Həmin teatr hazırda C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı kimi çalışır və dövlət tərəfindən qorunur. Ümumiyyətlə, alman mədəniyyəti bizim həyatımızda çox mühüm rol oynayıb. Almanların vasitəsilə biz, Avropa sivilizasiyası, incəsənəti ilə tanış olmuşuq…

- Bir qədər də dostunuz Viktor Kleyn haqda danışmağınızı istərdik…

- Viktor mənim gənclik, lap dərinə getsək, uşaqlıq dostumdur. Onun barəsində heç vaxt keçmiş zamanda danışa bilmirəm. Viktorla 1951- ci ildə gənclər düşərgəsində tanış olduq və onun ölümünə kimi dostluğumuzu saxladıq. Çox məğrur və öz millətini sevən adam idi. Heç vaxt yalan danışmazdı, gözəl qəlbi vardı.

Viktorun biraz yaşlaşan vaxtı Bakıya turist kimi gələn soydaşı Göygölə yollanaraq, ona baş çəkir. Həmin alman turist cüzi təqaüd alan Viktora maddi dəstək təklif edir. Viktor isə soydaşının təklifini mədəni şəkildə rədd edir. Sonralar bu əhvalatı xatırlayanda mənə deyirdi: İstəmərəm Almaniyada kimsə söyləsin ki, Azərbaycanda bir alman pis yaşayır.

Viktor aristokrat bir ailədən çıxmışdı. Anası alman, atası polyak idi. 1941-ci il repressiyasından can qurtarmalarının səbəbi də atasının polyak əsilli olması idi. Sovet hakimiyyəti dağıldıqdan sonra biz Viktora anasının soyadına keçməyə və onun alman əsilli olduğuna dair sənəd almağa nail olduq. Bu, Viktora Almaniyaya qayıdıb orada yaşamaq üçün lazım idi. Bu sənədləri toplayıb əldə edənə qədər xeyli vaxt çəkdi və yaşa dolan Viktor getmək fikrindən daşındı. Mənə dedi ki, artıq 60-ı haqlamışam, bundan sonra mənə öz elimi, obamı dəyişmək yaraşmaz. Burada doğulmuşam, burada da öləcəm...

- Bəs Viktorun ailəsi vardımı?

- Yox, o heç zaman evlənmədi. Ölümünə yaxın məni çağırıb yaşadığı mənzili uzun illərin dostu kimi mənə vəsiyyət etmək istədi. Razılaşmadım. Dedim, bu evi qəbul etsəm elə bilərlər səninlə buna görə dostluq etmişəm. Ona görə icazə ver sənin bu evini Cənubi Qafqaz Almanlarının Mədəniyyət Mərkəzinə çevirək. Yəni, sənin evin, alman muzeyi olsun. Razılaşdı. Vəsiyyatnaməsini yazdım, özünə oxudum, qol çəkdi. Beləliklə, Viktor Kleynin evi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdinə keçdi. Hazırda həmin evin muzeyə çevrilməsi yönündə işlər gedir.

Ümumiyyətlə, almanlar bu şəhərciklə çox maraqlanırlar, daim buradakı alman kilsəsini, (indi Tarix-Diyarşünaslıq muzeyidir) almanlara aid qəbiristanlıqları, alman evlərini ziyarət edirlər. Mənə Almaniyadan, Avstriyadan çoxlu məktublar gəlir. Viktor Kleynin evini Cənubi Qafqaz almanlarının muzeyinə çevirmək istəyimizi çox sevinclə qarşılayırlar. Mən həmişə buraya qonaq gələn alman dostlarımıza deyirəm ki, Göygöl sizin ikinci vətəninizdir...

- Necə qəribə tale yaşayan insanlar varmış. Çox istərdim dostunuz Viktor Kleynin evinə biz də baxaq.

- Murad bəy, o muzey hələ hazır deyil, sizi ora buraxa bilmərəm. Çünki evin bütün əşyaları ayrı-ayrılıqda qutulara qablaşdırılaraq inventarlaşdırılıb. Divarları olduğu kimi bərpa etmək üçün alman mütəxəssisləri nümunələr götürüb. Yəni muzey kimi hələ ziyarətçilərə hazır deyil.

- Fikrət müəllim, narahat olmayın, bizə o evin bəzəkli vəziyyəti yox, elə indiki, dediyiniz təbii görünüşü lazımdı. Çox xahiş edirik...

Fikrət müəllim xeyli tərəddüd edir. Biz isə öz fikrimizdən əl çəkmək niyyətində deyilik. Nəhayət, gülümsəyərək razılaşır:

- Yaxşı, mən sizi sabah səhər saat 11- də kilsənin qarşısında gözləyəcəyəm. Gedərik Viktorgilə.

Biz Fikrət müəllimlə sağollaşıb, səhər Viktorun evinin içini görmək ümidi ilə otelə yollanırıq.

(Ardı BURADA)




Teqlər: #Azərbaycan-almanları   #Helenendorf   #Göy-göl  





Xəbər lenti