ABŞ-Britaniya cütlüyü müharibəyə hazırlaşır? – TƏHLİL

  07 Mart 2016    Oxunub : 5447
ABŞ-Britaniya cütlüyü müharibəyə hazırlaşır? – TƏHLİL
İqtisadi böhran, miqrant problemi, siyasi məsələlərlə bağlı fikir ayrılıqları Avropa Birliyi daxilində artıq çoxdandır müşahidə olunan çatların dərinləşməsini labüd edir. Üstəgəl, Böyük Britaniyanın Avroatlantik İttifaqdan çıxmaq istədiyini bildirməsi, ümumiyyətlə, Avropanın bütövlüyü ideyasını sual altına qoyur.

Məlum olduğu kimi, bu ilin 23 iyununda ölkənin Avropa Birliyi daxilində qalıb-qalmaması ilə bağlı Britaniyada referendum keçiriləcək. Britaniya ittifaqdan çıxma səbəbi kimi əsasən iqtisadi faktorları, miqrantlara müavinət ödəmək və öz suverenliyini məhdudlaşdırmaq istəməməsini göstərir.

Britaniyanın əsas mətbu orqanlarında ölkənin AB-dən çıxdıqdan sonra qarşılaşacağı mümkün iqtisadi fəsadlar müzakirə mövzusudur. Qeyd etmək lazımdır ki, mütəxəssislər AB-dən ayrılacağı təqdirdə Britaniya üçün birmənalı bədbin proqnoz verməyə tələsmirlər. İqtisadçılar hesab edir ki, Avropa Birliyi ölkələrilə ənənəvi ticari münasibətlər qüvvədə qalacağı təqdirdə Britaniyanın ciddi iqtisadi problemlərlə üzləşəcəyi gözlənilmir. Hətta AB-dən çıxacağı halda Britaniyanın digər dünya ölkələrilə ticari əlaqələri müstəqil şəkildə inkişaf etdirmək və AB-yə ödədiyi illik 13 milyard avroluq ianədən azad olmaqla daha böyük mənfəət əldə edəcəyi proqnozlaşdırılır. AB-dən çıxmaqda Britaniyanın üzləşəcəyi ən böyük risk milli valyutasının dəyərdən düşməsi ehtimalıdır.

Britaniyanın İttifaqdan ayrılması əslində daha çox siyasi səbəblərlə bağlıdır və bu halda əsasən siyasi, hətta geosiyasi fəsadlardan söhbət gedə bilər. Londonun Avropa Birliyindən çıxması ilk növbədə Avroatlantik alyansın qlobal güc mərkəzlərindən biri kimi zəifləməsinə, beynəlxalq təsir gücünün itməsinə gətirib çıxaracaq. Bu, həm də, qitə daxilində müxtəlif qütblərin yaranmasına səbəb olacaq ki, nəticədə ittifaq faktiki parçalana bilər. Belə ki, Birlik daxilində ənənəvi olaraq Britaniyanın mövqeyini dəstəkləyən nisbətən zəif ölkələr Londonun ətrafında, digərləri isə olaraq Paris, yaxud, Berlin ətrafında qütbləşəcəklər.

Bu səbəbdən nə AB-nin rəhbərliyi, nə Almaniya, nə də Fransa Britaniyanın ittifaqdan çıxmasını istəmir, prosesə mane olmaq üçün bütün mümkün metodlardan istifadə edirlər. AB ilə London arasında əldə olunan son razılaşmada Böyük Britaniyaya ittifaq daxilində xüsusi status verildi və baş nazir Devid Kemeronun irəli sürdüyü bütün tələblər demək olar ki, yerinə yetirildi. 27 üzv dövlətin hökumət rəhbərlərinin imzaladığı razılaşmaya əsasən, Britaniya digər Avropa ölkələrindən gələn miqrantlara yeddi il müddətinə müavinət ödəmək öhdəliyindən azad olundu, həmçinin AB daxili siyasi-iqtisadi inteqrasiya proseslərində iştirak edib-etməmək hüququnu özündə saxladı.

Avropa liderlərinin bu razılaşmaya qol qoymalarının səbəbi Birləşmiş Krallığın ittifaqdan çıxmasına yol verməməklə bağlıdır və bunun müqabilində baş nazir Devid Kameron ölkəsinin AB-dən çıxmasının əleyhinə təbliğat aparmalıdır. Hazırda Britaniyanın baş naziri öz həmvətənlərini referendumda AB-də qalmağın lehinə səs verməyə çağırır və fikirlərini onunla əsaslandırır ki, Londona verilmiş yeni status onun siyasi suverenliyinə təminat verir.

Paralel olaraq Londona müxtəlif yollarla təzyiq göstərilir ki, ittifaqdan çıxması əngəllənsin. Məsələn, Böyük İyirmilik (G20) dövlətləri bəyanat yayaraq Britaniyanı bu addımdan çəkindirməyə çağırıblar. Fransa isə bildirir ki, əgər London AB-dən çıxarsa, öz ərazisindən Britaniyaya getmək istəyən miqrantların hərəkətinə mane olmayacaq. Şotlandiya öz növbəsində Birləşmiş Krallıqdan çıxmaqla Londonu hədələməyə çalışır.

Burada sual yaradan məqam ondan ibarətdir ki, nəyə görə Britaniya AB-dən çıxmaq qərarına gəldi və bunun səbəbi yalnız miqrant problemidirmi?

London AB-dən çıxmaq barədə fikirlərini hələ 2015-ci ildən irəli sürməyə başlamış, mümkün referendumun 2017-ci ilin sonuna kimi keçiriləcəyini bildirmişdi. Londonla Brüsselin fikir ayrılığı Rusiya ilə Ukrayna arasında baş vermiş böhrandan sonra meydana çıxdı. 1994-cü ildə imzalanmış Budapeşt Memarandumuna əsasən, Ukrayna Nüvə silahının yayılmaması barədə Müqaviləyə qoşulduğu üçün önun suverenliyi və ərazi bütövlüyünə zəmanət verilirdi. Zəmanət verən dövlətlər qismində ABŞ, Rusiya və Böyük Britaniya çıxış edirdilər. Krımın ilhaq edilməsilə Rusiyanın bu memarandumu pozmasına baxmayaraq, ABŞBritaniya Moskvaya mane ola bilmədilər. Britaniyanın daha qətiyyətli addım atmamasına səbəb isə AB üzvü olması və İttifaqla razılaşdırılmış qərar verməli olması ilə bağlıdır. AB Rusiyaya qarşı “yumşaq” təzyiq formasını seçdi, sanksiyalar işə salındı və Moskva ilə məlum Minsk danışıqlarına start verildi. Bu hadisə onu üzə çıxartdı ki, BritaniyaABŞ zamin dövlət qismində müqaviləyə imza atmalarına baxmayaraq, onun müddəalarına riayət olunmasını təmin etmək gücündə deyillər.

Avropa Birliyinin Britaniya ilə ABŞ ittifaqının qlobal planları qarşısında sədd çəkmələri əvvəllər də müşahidə olunmuşdu. Məsələn elə Amerika və Britaniyanın İraqa hərbi müdaxiləyə imkan yaradan qətnaməsinin 2003-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul olunmamasının əsas səbəbkarları Rusiya ilə yanaşı, Fransa və Almaniya idi. Bu ölkələrin liderləri məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış edirdilər. Lakin son nəticədə ABŞ-Britaniya koalisiyası BMT qətnaməsi olmadan İraqa hücumu həyata keçirdilər və Səddam Hüseyni hakimiyyətdən devirməyə nail oldular.

AB-dən xüsusi status almaqla referendumun nəticələrindən asılı olmayaraq Britaniya Brüsselin fikrini nəzərə almadan Amerika ilə birlikdə müstəqil qərarlar verə biləcək. Bu, onu deməyə əsas verir ki, ABŞ-da prezident seçkiləri başa çatdıqdan sonra Britaniya-Amerika koalisiyası genişmiqyaslı müharibə planı həyata keçirmək niyyətindədir. Böyük ehtimalla, Suriya ərazisinə hərbi qüvvə yeridiləcək. Eyni zamanda, Ukraynaya hərbi yardımın göstərilməsi, Cənubi Qafqaza mümkün müdaxilə, həmçinin Orta Asiyada “terrordan mübarizə məqsədilə” hərbi bazaların yerləşdirilməsi istisna olunmur.

Tofiq Əsgərov
AzVision.az

Teqlər: