Yəhudi dininə inanan türklər – ARAŞDIRMA
Jozifas Firkovicius (Litvalı Karaim, din adamı)
Tarixi mənbələr yazır ki, din adamı İsak Ben Sanghari Xəzər imperatorluğunun bütpərəstlikdən çıxmaq istədiyini eşidərək, oranın paytaxtı İtilə gəlir. Xəzər imperatoru ilə görüşərək, imperiyanın dini kimi musəviliyi seçməsinə təsir edir. Digər tərəfdən də Əməvilər xilafətinin və Bizans imperiyasının təsirlərindən qurtulmaq üçün Xəzər imperatoru məhz musəviliyi imperiyanın dini elan edir. Bəzi tarixcilər bu addımı siyasi gediş kimi də qiymətləndirirlər.
Krımın üç ən qədim xalqlarından biri olan karaim türkləri uzaq keçmişlərdən Qərbi Ukrayna ilə də bağlı olublar. Onlar bura 1246-cı ildə Qaliç-Volın knyazı Daniilin dəvətilə gəliblər. Bəzi mənbələr dünyada 2000-dək karaimin olduğun bildirir. Onların da 1200-ü Ukraynada, 800-ə qədəri isə Krımda yaşayır. Karaimlər (Karaylar) Xəzərlərin davamçılarıdır və 740-cı ildə musəviliyi qəbul edən yeganə türklərdir.
Tarixi mənbələr Latviya və Polşanın 1370-ci ildə müəyyən sayda Karaimi öz ərazisinə buraxdığını yazılır. Rumıniyada yaşayan karaimlər isə Osmanlı sultanı Fatih Sultan Mehmetin tapşırığı ilə İstanbula köçürülmüşdülər.
Ümumiyyətcə, Türkiyə karaimlərə hər zaman diqqət göstərib, məsələn, Mustafa Kamal Atatürk 1934-cü ildə keçirilən Türk Dili qurultayına karaimləri də dəvət etmişdi.
İsrail yəhudilərinin bəziləri karaimləri qəbul etmir. Bu səbəbdən də 1948-ci ildə İsrailin Ramle, Ofakim, Asdod, Beer Seva, Yerusəlim, Holon şəhərlərində yaşayan 25 minə yaxın karaim dünyadakı 50 minədək karaimin sırasına daxil edilmir.
Maraqlıdır ki, 2012-ci ildən Karaim başhaham Ros Mose Firuz, camaat rəhbəri Neria Ha Roeder və Rusiya Karaim başhahamı Gersom Ha Kohen İsrailin Hevron şəhərində yaşayırlar.
Bəzi yəhudilərinin Karayları qəbul etməməsindən dolayı onların bir-birinə qaynayıb-qarışması müəyyən mənada ləng gedib. Karaimlərin yaşadığı ölkələr sırasına Türkiyə, ABŞ, Ukrayna (Krım), Polşa, Litva, Latviya, İsrail və Rusiya (Dağıstan) daxildir.
Karaimlərin dili karaim türkcəsi olub, Qıpcaq dil qrupuna daxildir və BMT-nin qorunma altına aldığı dillərdən biridir. Ümumilikdə isə Karaim dili 3 şivəyə ayrılır: Litvada danışılan - Troki (Trakay), Krımdan danışılan - Krım və Polşada danışılan - Haliç-Lutsk.
Karaimlərin Litvaya gəlişi isə Litva kralı Aleksandr Vitoldusun adı ilə birbaşa bağlıdır. 1397-1398-ci illərdə Qara dəniz sahillərinə yürüş təşkil edən Böyük Litva karalı Vytautas Didysis (latıncası Aleksandr Vitoldus) həmin ərazilərdən ölkəsinə geri dönərkən 380 musəvi Karaim ailəsini özü ilə aparır. Litva kralı onları Trakaidəki sarayında yerləşdirir. Beləcə, Karaimlərin sayı tədricən çoxalmağa başlayır. Tarixi mənbələr o zaman 5 000-dək Karaimin Litvada yaşadığını yazır.
Polşalı, əslən karaim tədqiqatçı, türkoloq Anna Akbike yazır ki, 19-cu əsrdən sonra dini mənsubiyyət arxa plana keçdi, əvəzində etnik kimlik qabarmağa başladı. O zaman türklərə, türklüyə daha çox maraq yaranmağa başlandı.
Krımın Yevpatoriya qəsəbəsində Avropanın 1000 illik ən qədim türk-musəvi məzarlığı mövcuddur.
Bir başqa musəvi türklər var ki, onlar da zamanında karaimlərdən ayrılmış krımçaklardır. Etnik olaraq karaim olan krımçaklar ayırlaraq Sferad Rabbanilərin təsiri ilə Rabbani məzhəbin qəbul ediblər.
Qeyd olunan iki türk etnosu Krımda yaşaması səbəbilə bir-birilə qarışdırılır, lakin aralarında fərqlər var. Məsələn, karaimlərdən fərqli olaraq Krımçaklar müqəddəs kitab olaraq Talmudu qəbul edirlər.
II Dünya müharibəsi zamanı nasistlər tərəfindən onların 75%-dək hissəsi (6 000 nəfər) öldürülüb. Bölgənin SSRİ-nin nəzarətə keçməsi ilə səhvən krımçaklar Krım tararları ilə birgə Orta Asiyaya sürgün edildilər. 2000-ci ildə krımçakların müəyyən bir qismi Krıma geri döndü, ancaq hazırda onlar Gürcüstan, Rusiya, Özbəkistan, ABŞ, hətta İsraildə yaşayırlar.
Jozifas Firkovicius qeyd edir ki, “Aşkenazilər bizə sənəd təqdim etdilər, üzərində bizim İsrailoğularından olmadığımız yazılıb. Biz türkük, dilimiz türk dilidir”.
Ümumiyyətcə, isə karaimlər sayı dünyada azalmaqdadır, həmçinin dilləri də ölməkdədir. Çünki bu dildə yazan və danışmağı bacaran çox az sayda Karaim tapmaq mümkündür.
Türkiyəli alim Dr.Timur Kocaoğlu çox önəmli nüansa toxunaraq vurğulayır ki, Litvada yaşayan karaimlər dillərini qorumaq və yaşatmaq üçün kitablar nəşr etdirməkdən ötrü Litva bankına müraciət edib, maddi dəstək istəyirlər. Türkiyə tez bir zamanda onlara dəstək çıxmalı və sosial-siyasi jest edərək, bu xərcləri qarşılamalıdır.
Fərrux Həsənov
AzVision.az