Ramiz Mehdiyev: `Avropa təzyiq metodu kimi insan hüquqlarından istifadə edir` - (YENİLƏNİB)

Ramiz Mehdiyev: `Avropa təzyiq metodu kimi insan hüquqlarından istifadə edir` - (YENİLƏNİB)
  24 Oktyabr 2015    Oxunub:19287
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dünyadakı mövcud proseslərin mahiyyətini və Azərbaycanın tutduğu xətti təsvir edən yeni məqalə ilə çıxış edib.

AzVision.az “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı çox geniş məqalənin bəzi hissələrinin tərcüməsini təqdim edir.

Məqalənin giriş hissəsində akademik Ramiz Mehdiyev xatırladır ki, birqütblü dünya sisteminin çöküşü ilə dünya ictimaiyyəti gələcək qlobal təhlükəsizlik və əməkdaşlıqla bağlı eyforiya keçirməyə başlamışdı: “Bir çox alimlər, analitiklər, jurnalistlər beynəlxalq münasibətlərdə “güc dövrü”nün sona çatdığını deyirdilər. “Soyuq müharibə”nin başa çatması ictimaiyyətin belə bir fikrə köklənməsinə səbəb olmuşdu ki, əvvəldən bəyan olunan demokratiya, azadlıq, bütün dövlətlərin bərabərliyi kimi hədəflərə çatılıb.

XX əsrin sonlarında tamamilə təbii olan gözləntilərin axarında aparıcı müəlliflərin fundamental paradiqmaların dəyişməsilə bağlı araşdırmaları ortaya çıxmağa başladı. Bu araşdırmalarda ideoloji mübarizənin olmadığı şəraitdə yeni dünya qaydalarının formalaşması haqqında proqnozlar da əks olunurdu”.

Ramiz Mehdiyev yazır ki, bu istiqamətdə ən əhəmiyyətli işlərdən biri məşhur amerikalı filosof Frensis Fukuyamanın “Tarixin sonu və sonuncu insan” kitabı idi:

- Müəllif kitabında Qərb dəyərlərinin kommunizm üzərində zəfərinin semantikasını təsvir edirdi. Onun baxışlarının kökündə belə bir ideya dayanmışdı ki, Qərb demokratiyasının yayılması insanlığın geosiyasi və sosiomədəni təkamülünün sonuncu mərhələsəni reqlamentləşdirir. Lakin F.Fukuyamanın nəzəriyyəsi tarixin sonundan bəhs etmir, yalnız bu fikri irəli sürürdü ki, qlobal ideoloji sarsıntı, savaş və inqilablar dövrü arxada qalıb. Belə ki, onun fikrincə, qalib gələn ideologiya yubanmadan universal siyasi, sosial və mədəni standartların formalaşmasına başlamalı, yeni yaranan müstəqil dövlətlər də daxil olmaqla, bütün ölkələr bu standartlara yönəlməlidilər. Məsələni belə qoyan təkcə Fukuyama deyildi, Qərbin bir çox başqa aparıcı ekspertlərinin baxışları və proqnozları da onun gəldiyi qənaətlərin ruhuna uyğun idi. Lakin beynəlxalq münasibətlər sisteminin sonrakı inkişafı əyani şəkildə göstərdi ki, liberal demokratiya modelini yeganə rasional inkişaf modeli kimi suveren dövlətlərə `sırımaq` cəhdləri nəinki tələsik, hətta səhv qərardır.

Akademik qeyd edir ki, `ikili standartlar` siyasətinin tətbiqi, `soyuq savaş` dövrünün `blok təfəkkürü`nə qayıdış və Qərbin hərbi-siyasi təsirinin yayılması ona gətirib çıxardı ki, Şərqi Avropanın və postsovet məkanının kiçik dövlətləri yaradılan gərginliyin qurbanı oldular və hazırda da olmaqdadırlar. “Rəngli inqilab”larla aparılan siyasi və sosial-iqtisadi eksperimentlər, Qərb dövlətlərinin və onların xidmətində duran institutların düşünülməmiş, başqa dövlətlərin və regionların mədəni, dini, tarixi inkişaf determinantlarını nəzərə almayan qloballaşma siyasəti qlobal miqyasda münaqişələrin və qeyri-sabitliyin artmasına gətirib çıxardı.

Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi ərazi mübarizə məkanına çevrilib və maraqların sərt toqquşması vahid iqtisadi vəziyyətə dağıdıcı təsir göstərir. Böhranın dərinləşməsi, beynəlxalq hüququn təsirindən kənarda qalan qaynar bölgələrin meydana çıxması üçün şəraitin yaradılması suveren milli dövlətlərin inkişafı prosesinə ağır zərbə vurur, qarşı duran tərəflər arasında kompromis axtarışlarını son dərəcə çətinləşdirir.

Müasir dünyada böhranın böyüməsində digər dövlətlər və regionların mürəkkəb problemləri ətrafında qərar qəbul etmək hüququnu inhisara almaq istəyən Avropa institutları və təşkilatlarının rolu heç də az deyil. Belə strukturlar arasında ən nüfuzlu təşkilat kimi Avropa İttifaqını göstərmək olar. Cənubi Qafqaz regionu və Azərbaycanın Avropa sərhədlərinə coğrafi yaxınlığı nəzərə alınsa, Avropa İttifaqı (Aİ) siyasətinin pozitiv və neqativ təsirinin analizi həm Şərqi Avropa regionu, həm də postsovet məkanında geosiyasi vəziyyətlə bağlı bir çox sualların cavabını verə bilər.

Dünya nizamında böhranın və beynəlxalq hüququn fəaliyyətsizliyi ilə nəticələnən siyasi proseslərinin xüsusiyyətlərinin analizi, həmçinin beynəlxalq əlaqələrin aktoru kimi Aİ-nin institutsional və funksional problemləri elmi cəhətdən böyük maraq doğurur. Artan islomofobiya, rəsmi Brüsselin xarici siyasətində ikili standartların tipik təzahürlərinin göründüyü Avropada multikulturalizm böhranı kimi tendensiyalar xeyli suallar doğurur. Yalnız Avropa Birliyinin deyil, həm də ATƏT, Avropa Şurası, İnsan Haqları üzrə Avropa Məhkəməsi kimi kontinental institutların anti-Azərbaycan siyasətinin analizi Azərbaycanın milli maraqları üçün praktik əhəmiyyət malikdir. Rəsmi Bakı üçün müstəqil Azərbaycan barəsində bu strukturların həm qlobal, həm də regional determinantlar kimi qərəzli siyasətinin öyrənilməsi vacibdir.

Bu gün belə, Avropa institutlarının müstəqil dövlətlərə, xüsusilə Azərbaycana qarşı fəaliyyəti zamanı suveren dövlətə siyasi təzyiq metodu kimi insan hüquqları məsələsindən istifadə olunur. Süni böyüdülən problemlərin və ənənəvi alətlər dəstinin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə həyata keçirilir, əhəmiyyətli qərarların qəbulu təcrübəsində `ikili standartlar` tətbiq edilirlər.

Mən aşağıda Azərbaycanın bugünkü balanslı və müstəqil xarici siyasətinin xüsusiyyətlərini açmağa çalışacam. Elə burada qısaca vurğulamaq istəyirəm ki, iqtisadi inkişaf və dövlət quruculuğunda əldə olunan uğurlar Avropa strukturlarının ölkəmizə qarşı qərəzli münasibətlərinin səbəbi ola bilər. Hamıya çoxdan məlumdur ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən suveren və müstəqil siyasət, iqtisadi sərbəstlik öz geosiyasi məqsədlərini reallaşdırmaq üçün ölkəmizi qeyri-sabit görmək istəyən bəzi Qərb dairələrini qıcıqlandırır.

Prezidenti ilham Əliyev 12 oktyabr 2015-ci ildə Nazirlər Kabinetində çıxışı zamanı vurğulayıb ki, “Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu inkişaf, tərəqqi yoludur və biz bu yolda böyük uğurlara nail olmuşuq.
...Müstəqil siyasətinin aparılması bizə bir sıra problemlər yaradır. Çünki bu gün dünyada qütbləşmə prosesinin getdiyi aydın görünür. Böyük ölkələr öz təsir gücünü artırmaq istəyir və dünyada öz mövqeyi, heç kəsdən çəkinməyən müstəqil, prinsipial dövlətin olması təbii ki, onları qıcıqlandırır. Lakin bu, bizi narahat etməməlidir... Çünki mənim üçün ən vacib olanı Ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə də Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.
Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik”.


Azərbaycanın mövqeyi bundan ibarətdir və əgər onun tərəfdaşları bərabərhüquqlu əməkdaşlıq istəyirlərsə, bununla hesablaşmalıdırlar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasının 70-ci ildönümü münasibətilə Baş Assambleyada çıxışı zamanı ABŞ prezidenti Barak Obama Ukraynada bugünkü vəziyyətə toxunaraq bildirib: “Biz biabırçı şəkildə ölkənin müstəqilliyinin pozulması və ərazi bütövlüyünün pozulduğu vaxt kənarda qala bilmərik”. Bu hadisələr cənab Barak Obamanın hiddətinə səbəb olur. Amma nədənsə, Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində 20 ildən artıq müddətdə Azərbaycanın ərzi bütövlüyünün pozulması faktı ABŞ prezidentinin hiddətləndirmir. Bu cür yanaşma nə dərəcədə düzgündür?

Aİ və ABŞ Ukrayna böhranından sonra anlamalıdırlar ki (Lakin daha əvvəl də bu qənaətə gəlmək olardı: İraq, Liviya, Suriya), SSRİ-nin dağılmasından sonra onların onilliklər ərzində digər ölkələrin (həm regional, həm də kiçik ölkələr) maraqlarını nəzərə almaması, beynəlxalq hüquq və prinsiplərinə demonstrativ qaydada riayət etməməsi və ikili standartlar siyasətinin yayılması ilə tətbiq etdiyi strateji və taktiki gedişlər yaxın gələcəkdə Ukrayna böhranına bənzər kəskin böhranların yaranması üçün təhlükəli presedent yaradır.

Beynəlxalq münasibətlərdə artan nizamsızlıq və beynəlxalq hüququn normalarına hörmətsizlik, həmçinin Qərb və Şərq arasında yeni qarşıdurma ilk növbədə SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən bütün postsovet ölkələri üçün təhlükə yaradır. Əgər Qərb ölkələri postsovet regionunun inkişafında maraqlıdırlarsa, onda anlamalıdırlar ki, Qərb-Şərq oxu üzrə qarşıdurma nəyinki regionda maraqların reallaşdırılmasına, hətta Avrasiya kontinentində sülh və sabitliyə zərər vurur.

Vurğulamaq istəyirəm ki, əgər böyük güclər XXI əsri qanlı müharibələr əsri, uzanan münaqişələr, soyqırım, davam edən və pislənilməyən işğal kimi yox, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüququ normalarına hörmət etmək, əməkdaşlığı bərabərhüquqlu dialoq əsasında qurmaq, digər ölkələrin maraqlarına hörmət etməli və müstəqil ölkələrin daxili işlərinə qarışmamalıdırlar.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan mübarizə və qarşıdurma məkanı olmayacaq. Azərbaycan dialoq və yaradıcı fəaliyyətin məkanı olmağa çalışır. Bizim sarsılmış dünya düzənin bərkidilməsinə dair yanaşmamız buna əsaslanır. Bu cür yanaşmanı qarşıdurma oxunda yer alan ölkələrin böyük əksəriyyəti bölüşür.

* * *

Avropa İttifaqının anti-Azərbaycan siyasətinin əsas ruporu – Avroparlament

Avropa İttifaqının (Aİ) əsas orqanlarından olan Avropa Parlamenti bu gün faktik olaraq ittifaq məkanında heç bir real gücə malik deyil. Bu orqanın icrası məcburi xarakterə malik qətnamə qəbul etmək səlahiyyəti yoxdur. Onun tərəfindən qəbul olunan rəsmi sənədlərin əksəriyyəti tövsiyə xarakteri daşıyır və onların icrasına nəzarət Avropa İttifaqı Parlamentinin üzvlərinə ötürülür.

Digər tərəfdən, hakimiyyətin icraçı qolu rolunu oynayan Avropa Komissiyası Avroparlamentə hesabat verməyə borclu deyil. Bu vəziyyət demokratik normalara, hakimiyyətin qollarının səlahiyyət bölgüsü zamanı onların bir-birini tarazlaması, bir-birinə nəzarət etməsi prinsipinə ziddir. Nəticədə avropalı deputatlar praktik olaraq Aİ-nin həm ittifaq daxilində, həm də onun kənarında siyasətini idarə etmək imkanından məhrumdurlar.

Mövcud vəziyyətdə öz statusunu saxlamaq üçün Avroparlament onun səlahiyyətlərinə aidiyyatı olmayan alternativ fəaliyyət platforması axtarır. Avroparlamentin fəaliyyəti nəticəsində müəyyən tendensiyalar yaranır ki, bu da onun Aİ-yə daxil olmayan, lakin İttifaq üçün böyük əhəmiyyətə malik ölkələrə qarşı informasiya təzyiqi meydançası, “yumşaq güc” rıçaqı kimi istifadə olunmasına gətirib çıxarır. Saysız-hesabsız reproduksiya çoxluğu heç kimə lazım deyil, qərəzli qətnamələr isə əsasən Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə təsir etmək məqsədi daşıyır. Lakin avropalı deputatlar anlamırlar ki, onların sakitləşdirmə və qorxutma cəhdləri əvvəlcədən müvəffəqiyyətsizliyə məhkumdur və Aİ-nin özünün vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir.

Azərbaycanla bağlı ard-arda keçirilən dinləmələr, müzakirələr və qətnamələri başqa cür izah etmək mümkün deyil. Halbuki, bu suveren ölkə nə Aİ-nin üzvüdür, nə də Brüssel qarşında hansısa beynəlxalq-hüquqi öhdəliklərə malikdir.

Son 10 ildə Avropa Parlamentində Cənubi Qafqaz ölkələrilə bağlı `problem` adlandırılan məsələlərə toxunulan iclas və müzakirələrin statistikasını nəzərdən keçirək. 2004-cü ildən bəri Avroparlament Azərbaycana qarşı 11 qətnamə qəbul edib, 200-dən çox debat, dinləmələr keçirib, bəyannamələr, parlament müraciətləri və ərizələr qəbul edib. Müqayisə üçün: bu dövrdə Gürcüstanla bağlı bir qətnamə qəbul edilib, 10-dan az müzakirə keçirilib, bəyannamə, parlament müraciəti və bəyanatı qəbul edilib. Ermənistanla bağlı bir qətnamə qəbul edilib, 20-dən az müzakirə keçirilib, bəyannamə, parlament müraciəti və bəyanatı qəbul edilib. Azərbaycan və Ermənistanda demokratiyanın inkişafına ayrılan diqqət arasında bu cür kəskin fərqi necə izah etmək olar? Bu ölkənin profil ehtiyacları artıq avroparlamentariləri narahat etmirsə, bəlkə demokratiyanın inkişafı ilə bağlı Ermənistanda Skandinaviya modeli qalib gəlib, sadəcə, bizim bundan xəbərimiz yoxdur?!

Amma yox. Avroparlamentarilər xatırlamalıdır ki, məhz Sarkisyan rejimi 2008-ci ilin prezident seçkilərindən dərhal sonra İrəvanda 10 nəfərin soyuqqanlıqla qətlə yetirildiyi kütləvi aksiyaların sərt şəkildə dağıdılması əmrini verib. Və ya diqqəti 2013-cü ildə “Milyon maska marşı”nın, eləcə də bu il keçirilən aksiyaların dağıdılmasına cəmləmək olar. Qeyri-proporsional güc tətbiqi və hüquq-mühafizə orqanlarının qəddarlığı yenidən qanlı döyüşlə nəticələndi. Nəticədə elektrik enerjisinin yüksək tariflərinə etiraz edən yüzlərlə dinc sakin zərər çəkdi. Aİ müşahidəçiləri onlara sərf etməyənlərə göz yummaq məharətilə tanınırlar. Bu da Brüsselin fəaliyyətinə dağıdıcı təkan verərək, ona bir qüvvə mərkəzi kimi olan etibarı qırır.

Qətnamələrin qəbulu zamanı səsvermədə iştirak edən deputatların sayı da əhəmiyyətə malikdir. Məlum olduğu kimi, Avroparlamentin deputatlarının ümumi sayı 751 nəfərdir. Lakin praktika göstərir ki, Azərbaycanla bağlı qətnamələr qəbul olunan zaman adətən səsvermədə 50-60 deputat iştirak edir. Belə ki, 12 may 2011-ci il tarixində qətnamənin qəbul olunmasında cəmi 54 deputat, 20 may 2012-ci ildə isə 56 deputat iştirak edib. Bu cür dinləmələrdə adətən eyni deputatlar iştirak edirlər ki, onların da əksəriyyəti bu və ya digər formada erməni lobbisi ilə bağlıdır. Buradan belə bir sual meydana çıxır: Məgər 10%-dən də az deputatın iştirak etdiyi səsvermənin nəticələrini bütün Avroparlamentin mövqeyi hesab etmək olarmı?

Bununla yanaşı, Avroparlamentdə rəhbər şəxslərin Cənubi Qafqaza səfərləri zamanı da balans qorunmur. Avroparlamentin vitse-prezidenti dörd ay ərzində üç dəfə Ermənistana səfər edib, Azərbaycana isə bir dəfə də olsun, etməyib. Lakin Avroparlamentdə Azərbaycan üzrə qəbul olunan qətnamə və bəyanatların sayı tamamilə əks mütənasibliyi göstərir. Səlahiyyətli şəxslərin daha çox səfər etdiyi ölkələr haqqında bəyanat vermək və qətnamələr hazırlamaq məntiqli olmazdımı?

Ümumiyyətlə, birbaşa hadisə yerində vəziyyətlə tanış olmadan, hansısa ölkəyə səfər etmədən necə obyektiv qərar qəbul etmək olar? Avropa Parlamentinin prezidenti Martin Şults dəfələrlə Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe sərgiləyib. Şults ötən il Azərbaycan tərəfindən əsir götürülən və ürək tutması nəticəsində ölən erməni diversant Karen Petrosyanın ölümünü pisləmişdi. Lakin Martin Şults erməni işğalçıları tərəfindən saxlanılan və beynəlxalq təşkilatların bütün səylərinə baxmayaraq, girovluqda qalan, vətənlərinə qayıda bilməyən azərbaycanlılar barədə hələ də bir kəlmə belə, söz deməyib.

Cənab M.Şults 2014-cü ildə Konqodan olan həkimin aldığı Saxarov mükafatının təqdimetmə mərasimi zamanı öz çıxışı ilə yadda qalıb. Bütün gözləntilərin əksinə olaraq, Avropa Parlamentinin prezidenti əsas mövzudan kənara çıxaraq iştirakçıların diqqətini mərasimə heç bir aidiyyatı olmayan “hüquq müdafiəçisi Leyla Yunusun işinə” yönəldib. Bu hadisə cənab M.Şultsun Azərbaycana qarşı xüsusi münasibətinin, patoloji “sevgi və diqqəti”nin olmasına dair şübhələnməyə imkan verir.

Lakin Avropa parlamentinin qərəzli mövqeyinin apogeyi kimi 10 sentyabr 2015-ci ildə qəbul olunan qətnaməni götürmək olar ki, burada hər şeydən əlavə, bir sıra Azərbaycan məmurlarına qarşı sanksiyaların qəbul olunmasına dair çağırış da yer alır. Gəlin, qətnamənin ayrı-ayrı maddələrini analiz edək.

Birincisi, Avroparlament bütün sərhədləri keçərək, jurnalist Rasim Əliyevə qarşı törədilən məişət cinayətini siyasi olaraq qiymətləndirib. Avropalı deputatlara xatırlatmaq istəyirəm ki, bu məsələ üzrə Prezident İlham Əliyevin tapşırığı ilə cinayət işi aparılır və şübhəli bilinən şəxslər artıq həbs olunublar. Ölkə başçısı istintaqın işini Avroparlamentin reaksiyasından əvvəl, yəni insident baş verəndən dərhal sonra öz şəxsi nəzarətinə götürüb. Avroparlamentarilər bilməyə bilər, lakin jurnalistin vaxtsız ölümü cəmiyyəti, Azərbaycanın siyasi elitasını silkələdi. Faciənin səbəbi meydanda idmançıya xas olmayan hərəkəti tənqid edən statusu sosial şəbəkədə paylaşan xəbər saytlarından birinin foto jurnalistilə ölkənin futbol klublarından birinin aparıcı oyunçusu arasında yaranan münaqişə olub. Meydana bir sual çıxır: baş vermiş hadisədə olmayan siyasi çalar tapmaq istəyən primitiv “Şerlok Holms”ların xidmətlərinə nə qədər tələbat olub?

İkincisi, avroparlamentarilər Leyla Yunusun “səhhətinin pisləşməsi” ilə əlaqədar narahatlıq keçirdiklərini qeyd ediblər. Lakin onların yeni sifarişli anti-Azərbaycan qətnamələri hazırlamağa başlamazdan əvvəl, vəziyyətlə əlaqədar tam informasiya əldə etmələri daha yaxşı olardı. Biz avropalı həkimlərin L.Yunusun sabit səhhətilə bağlı bəyanatlarını nəzərdə tuturuq. İstisna olunmur ki, avroparlamentarilərin erməni lobbisi və digər anti-Azərbaycan dairələrinin maraqlarını həddindən artıq yaymaq cəhdi onları havadarları olduqları adamın fiziki vəziyyətilə maraqlanmaq imkanından məhrum edib.

Üçüncüsü, Aİ-nin növbəti “narahatlığı” bundan ibarət idi ki, guya Azərbaycan yerli QHT-ləri Azərbaycanın milli qanunlarına görə “işləməyə məcbur edir”. Məhz yerli cəmiyyətin fəaliyyət növü haqqında məlumatlandırılması, qanunvericiliklə müəyyən olunan prosedur və normativ aktlara riayət olunmasını sən demə, “ifadə etmə azadlığının pozulması” kimi qiymətləndirmək olar. Və avroparlamentarilərin fikrincə, dünyada qüvvədə olan bir qanunvericilik – Avropa qanunvericiliyi var.

Belə aydın olunur ki, Aİ tərəfindən Azərbaycanın qeyri-hökumət təşkilatlarına ayrılan qrantlar, prinsiplər və onların nizamlanması ardıcıllığı Aİ-nin mövcud qanunvericiliyinin norma və hüquqları əsasında idarə oluna bilər. Əgər Aİ maliyyə resurslarını xeyriyyə proqramlarının, özü də Azərbaycanın maraqlarına uyğun reallaşması üçün ayırırsa, onda bu pulların taleyi haqqında belə dərin narahatlıq keçirməyə ehtiyac varmı? Və ümumiyyətlə, müstəqil dövlətin maliyyə orqanlarının dürüstlüyünə şübhə etmək nə dərəcədə düzgündür?

Dördüncüsü, Aİ-nin Dağlıq Qarabağ münaqişəsi üzrə icmalararası əlaqələr məsələsində narahatlığı olduqca maraqlıdır. Qətnamədə Avropa Məhkəməsinin 16 iyun 2015-ci ildə “Sarkisyan Azərbaycana qarşı” işi üzrə qərarına toxunulur, Azərbaycan və erməni icmaları arasında görüşlərin keçirilməsinə qarşı maneələrin yaradılmamasına dair tələb yer alır. Lakin Azərbaycan Dağlı Qarabağ münaqişəsinin həllində ictimai diplomatiyanın əhəmiyyətli olmasını həmişə dəstəkləyib. Düzdür, bizim fikrimizcə, bu cür mexanizmlər yalnız Azərbaycanın işğal altındakı torpaqları azad edildikdən sonra effektiv ola bilər. Nə vaxta kimi işğalçı ittiham olunmayıbsa, hərbi kontingentin bizim ərazilərdən çıxarılması məsələsindən yayınılırsa, xalq diplomatiyası vəziyyəti dəyişə bilməyəcək və məcburi köçkünləri onların Dağlıq Qarabağdakı evlərinə qaytarmayacaq.

Yeri gəlmişkən, qətnamədə Avropa parlamentinin “Sarkisyan Azərbaycana qarşı” qərarını xatırladan avroparlamentarilər nədənsə, eyni gündə qəbul olunan və bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləyən “Çıraqovun işi” üzrə analoji qərarı unudublar. Azərbaycan Prezidenti İlham Əliyev vurğuladığı kimi, Avropa Parlamentinin belə bir qərəzli qətnaməsi bizim üçün kağız parçasıdır. Onlar Azərbaycanın müstəqil siyasi kursuna təsir etmək iqtidarında deyil. Bizim prioritetimiz real olaraq sağlam əməkdaşlıqda maraqlı olan Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə strateji əlaqələrin qurulmasıdır.

Tərcümə etdi: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti