Struktur islahatları davam edəcək - TƏHLİL

  18 Fevral 2015    Oxunub : 2924
Struktur islahatları davam edəcək - TƏHLİL
Neftin qiymətilə əlaqədar istər büdcə, istərsə də özəl təşkilatlarda xərcləri azaltmaq məqsədilə investisiyaları məhdudlaşdırmaqla bir sıra istiqamətlərdə ixtisarlara getmək təbii sayılır və bu bəzən, hətta qaçılmaz xarakter daşıyır. Ancaq bu proses həm özəl, həm də dövlət sektorunda çox ağrılı təsir bağışlamaqla yanaşı, ciddi rezonans doğurur. Odur ki, xərclər əvvəlcədən səmərəli təşkil olunmalıdır.

O səbəbdən ki, bu və ya digər böhran üzündən kəskin ixtisarlara getmək üçün əslində, qabaqcadan heç bir əsas saxlanılmamalı və xərclərin azaldılması sırf maliyyə vəsaitlərinin sıxışdırılması hesabına başa gəlməlidir. Çünki özəl sektorda ixtisarlar çox vaxt maliyyələşdirmə problemləri ilə əlaqədar ortaya çıxsa da, dövlət orqanlarında qeyri-səmərəli idarəetmə şəraitindən irəli gəlir.

Bu mənada struktur islahatı təkcə, maliyyə çatışmazlığı ilə bağlı həyata keçirilməli deyil. Dövlət orqanlarında ardıcıl və fasiləsiz xarakter daşımalıdır.

Prezident İlham Əliyevin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi haqqında Fərman da bu baxımdan olduqca vacib və vaxtında atılmış addımdır. Belə ki, son illər anoloji addımlara bir qədər ara verilmişdi. Ancaq neftin ucuzlaşması struktur islahatlarının davam etdirilməsini zəruri hesab edir. Müəyyən funksiyaları yerinə yetirmək üçün ayrıca qurumlara ehtiyac yoxdur. Adı çəkilən Komitə də belələrindən idi və qurumun fəaliyyəti heç hiss olunmurdu.

Azərbaycanda iqtisadiyyatın idarəolunması mexanizmini təkmilləşdirməyə, daha dəqiq desək, struktur islahatına böyük ehtiyac vardır. Bu, həm büdcə xərclərinin səmərililiyini artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq üçün vacib sayılır.

Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, bu mənada dövlət sektorunda çalışanların sayı kəskin azaldılmalıdır. Ona görə ki, büdcədən sosial təyinatlı xərclərin, xüsusən də əməyin ödəniş fondunun əgər, əhəmiyyətli və səmərəli təşkilini istəyiriksə yeganə yol məhz qeyd olunan amil hesab edilməlidir.

Ümumiyyətlə, idarəetmə aparatında, həmçinin təhsil ilə səhiyyədə çalışanların əməkhaqqları ümumən iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsindən yüksəkdə dayanmalıdırsa, dövlət və qeyri-dövlət bölməsində çalışan muzdlu işçilərin sayı ikincinin xeyrinə artmalı və bu sahədə balans düzgün təmin olunmalıdır.

Yeri gəlmişkən, bir sıra büdcə təşkilatlarında əmək haqqlarının qeyri-qənaətbəxş səviyyədə olması da məhz iqtisadiyyatda muzdla çalışan işçilərin sayının struktur vəziyyətindən irəli gəlir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 442,1 manat səviyyəsində olub.

Lakin bu, işçilərin heç də hamısının həmin məbləğdə və yaxud da buna yaxın əməkhaqqı aldıqlarını göstərmir. Muzdla çalışanların əksəriyyəti ayda 200-250 manat civarında alırlar. Ötən il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayısa 1 milyon 507 min 700 nəfər olub ki, bunun da 883,7 mini iqtisadiyyatın dövlət, 624,0 min nəfəri isə qeyri-dövlət bölməsində çalışıb.

Ölkədə dövlət büdcəsindən sosial xərclərsə məlum olduğu kimi ağırlıq təşkil edir. Və hər il büdcə xərclərinin 25-30 faizini əməkhaqqları ilə sosial ödənişlərin təşkil etdiyi də sirr deyil.

Ancaq buna rəğmən, dövlət müəssisələrindən maaşlar özəl sektorda yüksəkdə dayanır. O səbəbdən ki, büdcədə çalışanların sayı çoxluq təşkil edir. Başqa sözlə desək, Azərbaycanda muzdla çalışanlardan çox hissəsi dövlət büdcəsindən asılıdır. Halbuki, tərsinə olmalıdır.

Əslində, bizdə struktur islahatları yarımçıq qalmışdır desək, yanılmarıq. Ölkəmizdə bu proses 2000-ci ilin birinci onilliyin əvəllərində başladılmışdı. Belə ki, məsələn, Prezidentin 18 aprel 2001-ci il tarixli 458 nömrəli Fərmanı ilə Yanacaq və Energetika Nazirliyinin, bundan əvvvəl isə Nəqliyyat Nazirliyinin (Əsasnaməsi 2003-cü il 10 iyun tarixli 880 saylı Fərman ilə təsdiq edildikdən sonra fəaliyyətə başlayıb), habelə digər qurumların yaradılmasını xatırlamaq yerinə düşər.

Son illər ərzində də bu işlər davam etdirilib. Ancaq iş ondadır ki, iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsini asanlaşdırmaq və təkmilləşdirmək məqsədi ilə struktur islahatları dövlət sektorunda çalışan işçilərin sayını azaltmaq əvəzinə daha da artırmış və genişlənməsi ilə nəticələnmişdir. Bir sıra hökumət qurumlarında yeni və əlavə ştatların yaradılması və bunların idarəetmə aparatının “şişməsini” misal göstərmək olar. Ona görə də ölkədə büdcə xərcləri üfiqi olaraq genişlənməkdədir. Halbuki, əksinə olmalıdır.

Lakin neftin qiyməti artıq, buna son qoymağı tələb edir. Prezident İlham ƏliyevNazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə aid bu ilin yanvarında keçirilən iclasında bu il ölkənin gəlirlərinin az olacağını dedi. “Dövlət strukturları özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar.”- deyə, dövlət başçısı vurğuladı.

Odur ki, sual yaranır ki, struktur islahatları davam edəcəkmi?

Fikrimizcə, cari il ərzində bu sahədə çox yeniliklərin şahidi ola bilərik. Yeri gəlmişkən, Prezidentin müvafiq Sərəncamları ilə "Azərişıq" və "AzerGold" adlı açıq və qapalı tipli Səhmdar Cəmiyyətlərinin yaradılması da struktur islahatlarının tərkib hissəsidir.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: