Neftin büdcəmizdəki qiyməti neçə olmalıdır? – TƏHLİL
Dünya bazarlarında qiymətin enməkdə olması ixracının əsas hissəsini neft və neft məhsulları təşkil edən bir çox ölkələr kimi Azərbaycanı da narahat etməyə bilməz. Təkcə xam neftin ölkəmizdən kənara ümumi ixracda payı 86 faiz təşkil edir.
Düzdür, ucuzlaşma 3 aydır davam etsə də ölkəmizdə mövcud olan makroiqtisadi sabitliyə və maliyyə dayanaqlığına əsasən hələ, ciddi təlaş keçirməyə ehtiyac yoxdur. Ancaq tendensiyanın dərinə doğru inkişafı vəziyyəti şübhəsiz ki, dəyişə bilər.
Yeri gəlmişkən, cari ilin büdcəsində neftin 1 barelinin qiymətinin 100 ABŞ dolları səviyyəsində götürülməsi az rol oynamır. Bununla belə, ümumən 2014-cü ilin büdcəsinin icra vəziyyətinə nəzər salsaq sözügedən məhsulun dünya bazarlarındakı real qiymət səviyyəsi ehtiyatlı olmağı tövsiyə edirdi və ilin sonuna vəziyyət ciddiləşə də bilərdi. O səbəbdən ki, bu il büdcəyə yenidən baxılmadı. 2009-cu il istisna olmaqla hər il Milli Məclisin yaz sesiyasının sonuna yaxın büdcəyə yenidən baxılsa da keçən il olduğu kimi bu il də buna əməl edilmədi.
Düzdür: əslində, bu, müsbət haldır. Ancaq narahatlıq doğuran o idi ki, dövlət büdcəmizdə neftin qiyməti 100 dollar götürüldüyündən müəyyən problemlər yarana bilərdi. Belə ki, qiymət indi deyil, 2-3 ay əvvəldən 100 dollardan aşağı düşsəydi vəziyyət qəlizləşəcəkdi. Çünki bu ilin büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı səviyyədə götürülməli idi. 100 dollar risk sayılırdı. Və bu baxımdan, büdcədə neftin qiymətini aşağı salmaq tələb olunurdu.
Ancaq dünya bazarlarındakı qiymət nəğd şəkildə 3 ay sonra ölkəyə daxil olduğundan və ucuzlaşmanın da qeyd etdiyimiz kimi cəmi 3 ay əvvəldən - ilin ikinci yarısından etibarən başlaması artıq, bu il üçün bunu təxirə saldı. O da var ki, büdcədəki qiymət son illər ərzində Dövlət Neft Fondundan (ARDNF) transfertlə əlaqədar ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə verdiyi səmərə ilə zərəri hesablamaq çətindir. Neftin dövlət büdcəsində müəyyən edilən qiyməti əslində, proqnozdan başqa bir şey deyil. O mənada ki, ən pis halda bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər. Digər tərəfdən, ölkədə maaş və pensiyaların artırılması da sabitdir.
Demək istədiyimiz budur ki, hökumət bu istiqamətdə ehtiyatlı siyasət yürüdür. Ancaq iş ondadır ki, ARDNF-dan transfert olmasa büdcədən cari xərcləri ödəmək mümkün deyil. Bütün sosial xərclər bunun hesabına maliyyələşir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa qeyri-neftdən daxilolmalar cari xərcləri örtməyə imkan vermir. Ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına icra edilir.
Ona görə də həmişə bir təhlükə var ki, xərclər nə qədər ehtiyatla və düşünülmüş şəkildə həyata keçirilsə də “obyektiv dirəniş” səbəbindən bir gün sosial ödənişləri “qayçılamaq” zərurəti ortaya çıxa bılər. Ona görə ki, dünya bazarlarında neftin qiymətinin enməsi ARDNF-ə daxilolmaları da azaldır.
Ancaq təəssüf ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiyməti bu ildəkindən cəmi 10 dollar aşağı – 90 dollar götürülmüşdür. Bəs, növbəti ilin dövlət büdcəsində qiyməti əslində, hansı səviyyədə müəyyən etmək lazım idi?
Fikrimizcə, neftin büdcədə qiyməti 90 deyil, 75-80 dollar səviyyəsində götürülsə yaxşı idi. Belə ki, risklərdən indidən sığortalanmaqdansa, növbəti ildəki vəziyyətə uyğun hərəkət etmək daha yaxşı olardı.
Müqayisə üçün qeyd edək ki, Rusiyada 2015-ci ilin büdcəsində qeyd olunan rəqəm 100 dollara yaxın, Qazaxıstanda isə 95 civarında götürülüb. Amma Rusiya "diz yeri" qoyub. Belə ki, büdcə xərclərini maksimum 95 dollardan hesablayıblar. Ancaq bu, "janqlyorluq"dan başqa bir şey deyil. O mənada ki, neftin 1 barelinin qiymətinə dair proqnoz xərclər üçün deyil, gəlirlər baxımdan əhəmiyyətlidir.
Son illərin təcrübəsi göstərir ki, bizdə neftin dövlət büdcəsində qiymətini müəyyən edərkən nədənsə, şimal qonşumuz əsas götürülür. Sanki bu, xəstəliyə çevrilib. Halbuki, nə Rusiya, nə də onu “yamsılayan” ölkələrin heç birinin sosial-iqtisadi inkişafı məqbul sayıla bilməz. Deməli, Rusiya nümunə götürüləsi ölkə deyil.
Yeri gəlmişkən, cari ilin ötən 9 ayında dövlət büdcəsinin xərcləri 12,694 milyard manat və yaxud 86 faiz yerinə yetirilib. Göstərilən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur. Bu isə o deməkdir ki, dövlətimizin əsas maliyyə sənədində ümumi məsrəfin az qala 1/4 hissəsini məhz “qayçılanması” mümkün olmayan xərclər təşkil edir.
Ölkəmizdə genişmiqyaslı investisiya layihələrinin maliyyələşdirilməsi siyasəti üçün dünya bazarlarında qiymətin azı 100 dollar olması tələb edilir. Müşahidə və əksər ekspertlərin rəyisə deməyə əsas verir ki, yaxın perespektivdə qiymət 100-ü ötməyəcək.
Unutmaq lazım deyil ki, ölkəmizdə üstəlik, bir neçə ildir hasilat da enir. ARDNF-ə daxilolmalar həm də bu üzdən enir. Yeri gəlmişkən, SOCAR-in satdığı neftdən də Neft Fonduna əvvəllər köçürmələr həyata keçirildiyi deyilirdi ki, büdcədə nəzərdə tutulan qiymətdən yuxarı məbləğ arasındakı fərq (vergi çıxıldıqdan sonra) Fonda gedirdi.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: