Vəziyyət dəyişir: Rusiya `forpost`unu sökə bilər – TƏHLİL

Vəziyyət dəyişir: Rusiya `forpost`unu sökə bilər – TƏHLİL
  10 İyun 2014    Oxunub:1451
Rusiya ilə Azərbaycanın yuxarı səviyyəli rəsmilərinin görüşlərinin intensivləşməsi tərəflər arasında konkret məsələlərlə bağlı müzakirələrin aparıldığı və yekun razılığın əldə olunması istiqamətində işlərin getdiyinin göstəricisidir. Məsələn, Milli Məclisin sədri Oqtay Əsədovun rusiyalı həmkarı Sergey Narışkinlə görüşü, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayevin Azərbaycana səfəri konkret sahələr üzrə razılaşmaların aparılmasından xəbər verir.

Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri məsləhətləşmələrin yekunu hesab oluna bilər və bundan sonra hər iki ölkənin rəsmiləri aparılan işlərin nəticəsinə dair rəy və təkliflərini dövlət rəhbərinə məruzə edəcəklər. Razılığın əldə olunması dövlət rəhbərlərinin qərarından asılı olacaq və güman etmək olar ki, bundan sonra prezidentlərin - İlham Əliyevlə Vladimir Putinin görüşünün baş tutması mümkündür.

Söhbət ondan gedə bilər ki, Rusiya düşdüyü geosiyasi və geoiqtisadi dalandan çıxmaq üçün Azərbaycanla hərtərəfli əməkdaşlığa can atır. Lakin bu əməkdaşlığı bərabərhüquqlu tərəfdaş kimi deyil, imperialist ruhda “böyük qardaş – kiçik qardaş” prinsipinə uyğun həyata keçirməyə çalışır və buna görə Bakını Avrasiya İttifaqına üzv etmək istəyir. Əvəzində isə Dağlıq Qarabağ probleminin həllinə söz verir. Azərbaycan isə təbii ki, münaqişənin həllini istəyir, lakin Rusiya ilə “şaquli” formatlı əməkdaşlıqdan imtina edir və bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq təklif edir. Məhz buna görə Avrasiya İttifaqına üzvlüklə razılaşmır.

Rusiyanın birdən-birə Azərbaycanla əməkdaşlığa can atmasının səbəbi nədir?

Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun son bəyanatları onu göstərir ki, Kiyev Krımın ilhaq olunması ilə razılaşmayacaq və öz ərazisini geri qaytarmaq üçün hər bir vasitədən istifadə edəcək. Rusiya prezidenti Vladimir Putinin Parisdə qərb liderləri ilə apardığı görüşlərdən sonra isə belə qənaətə gəlmək olar ki, Kreml də Ukraynada öz mövqeyindən geri çəkilmək və Krımı qaytarmaq fikrində deyil. Krımın ilhaqı Rusiya üçün hər nə qədər baha başa gəlsə də, prezident Putin üçün əvəzolunmaz “piar” rolunu oynadı və onun reytinqi görünməmiş həddə yüksəldi. Odur ki, Krımın geri qaytarılması Rusiya ictimayyəti tərəfindən uduzmaq kimi qəbul olunacaq və Putinin reytinqini aşağı salacağı üçün Kreml bu addımı atmayacaq.

Bu, o deməkdir ki, Rusiya-Ukrayna qarşıdurması hələ uzun illər davam edəcək. Qarşıdurmanın davam etməsi isə, Rusiyanın Ukrayna ərazisindən keçirdiyi qaz kəmərinin perspektivliyini sual altına alır. Kiyev özü üçün alternativ qaz mənbəyi tapan kimi, Rusiyaya təzyiq göstərmək üçün bu xəttdən imtina edəcək. Buna görə Rusiya alternativ ixrac marşrutları tapmaq məcburiyyətindədir.

İlkin olaraq Rusiya Çinə meyl göstərdi. Doğrudur, Rusiya ilə Çin arasında ildə 38 milyard kub metr qazın ixrac edilməsi haqqında müqavilə imzalandı. Lakin bu müqavilə tam olaraq Rusiyanın tələbatını ödəmir. Belə ki, Çinə ixrac olunacaq qazın həcmi Avropa ixrac olunan qazın həcmindən dörd dəfə azdır, qiyməti 20-30 dollar ucuzdur və nəhayət, müvafiq infrastrukturun qurulması üçün əlavə 70 milyard dollar vəsait tələb olunur.

Rusiya anlayır ki, nə yolla olursa-olsun Avropa qaz bazarına çıxış əldə etməlidir. Avropa isə, qaz almaqdan imtina etməsə də, bir mənbədən asılı olmaq istəmir. Rusiyanın Qara Dənizin dibi ilə Avropaya çəkmək istədiyi “Cənub axını” layihəsi AB-nin tələbi ilə dayandırıldıqdan sonra Moskvanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan savayı başqa çıxış yolu qalmır.

Rusiya Qara Dənizin dibi ilə boru xəttini Türkiyə ərazisinə keçirə bilər. Avropaya ixrac üçün isə TANAP-a qoşulmalıdır. TANAP-ın isə 58 faizi Azərbaycana məxsusdur. TANAP-a qoşulmayıb, Türkiyənin icazəsi ilə ona paralel xətt çəksə belə, Avropaya çıxış əldə etmək üçün Azərbaycanın payçı olduğu TAP-a qoşulmalıdır. Bu, məsələnin bir tərəfi.

Digər tərəfdən, Rusiya ərazisindən Ukraynaya, Ukraynadan isə Avropaya qaz ixrac edən Qazaxıstan Kiyevlə Moskvanın qarşıurmasından uduza bilər. Əgər Ukrayna öz ərazisindən qaz ixracını dayandırarsa, Qazaxıstan da ixracı dayandırmalı olacaq. Buna görə, Astana da alternativ ixrac kəməri üzərində düşünməlidir. Qazaxıstan üçün yeganə çıxış yolu Transxəzər kəmərinə qoşulmaqdır. Qazaxıstanın Rusiyanın xidmətlərindən imtina etməsi isə, Avrasiya İttifaqının sona qalmış üç üzvündən birinin də orbitdən çıxması anlamına gəlir. Bunu nəzərə alaraq, Rusiya Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istəyir ki, Transxəzər kəməri onun nəzarətində qalsın və bununla İttifaqın ayaqda qalması təmin olunsun.

Gürcüstanla münasibətlərin korlanması Rusiyanın İrana çıxışının qarşısını alır. Nəzərə almaq lazımdır ki, İran da, Avropaya qaz ixracı layihəsinə qoşulacaq. Rusiyanın köhnə dostu İranla hansısa formada əməkdaşlığı üçün yeganə körpü Azərbaycandır.

Bütün bunların əvəzində Rusiyanın Qarabağ probleminin həllini təmin edəcəyini gözləmək olar. Ermənistanın hazırkı mərhələdə Rusiya üçün heç bir əhəmiyyətinin qalmadığını əminliklə söyləmək olar. Ermənistanın “forpost” kimi üzərinə düşən əsas vəzifə Azərbaycanla Türkiyənin yaxınlaşmasına mane olmaqdır. Artıq Ermənistan bunun üçün yararsız hesab olunduğuna görə Rusiya rahatlıqla Yerevanın maraqlarını tapdalaya bilər.

Azərbaycanın Avrasiya İttifaqına qoşulması inandırıcı deyil. Bu Bakının Rusiyadan asılı vəziyyətə düşməsi görüntüsü yarada və Avropa ilə münasibətlərini poza bilər. Eyni zamanda, azərbaycanın suveren siyasət yeritməsini şübhə altına salmaqla imicinə zərər yetirər. Ancaq Türkiyənin də Avrasiya İttifaqına qoşulması ittifaqda tarazlıq yarada və Rusiyanın hegemon rolunu kölgəyə sala bilər. Azərbaycanın yalnız bu halda İttifaqa qoşulacağını ehtimal etmək olar.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti