Müasir feminizm nədir və nə ilə məşğuldur – ARAŞDIRMA

   Müasir feminizm nədir və nə ilə məşğuldur –    ARAŞDIRMA
  02 İyun 2022    Oxunub:4220
Feminizmə həsr olunan birinci yazıda onun tarixi kökləri, necə yaranması və klassik mərhələləri haqqında danışmışdıq. İkinci yazıda isə müasir feminizmin növlərini, məqsədlərini və haqqındakı mifləri araşdıracağıq.
Liberal feminizm

Feminizmin ilk olaraq meydana çıxan tipinin məhz bu olduğu düşünülür. Onun xüsusiyyətlərini hələ 19-cu əsr feministlərinin, xüsusən də ABŞ-dakı açıqlamalarında görmək olar. Liberal feminizm qadınların əsas problemlərinin - təhsil hüququnun, boşanmanın, mülkiyyət hüququnun, azad səyahətin həllinə yönəlib. Feministlər bu məsələləri hüquqi, siyasi və iqtisadi cəhətdən həll edirlər. Onlar köklü dəyişikliklərə can atmır, qadınların həyatını islahatlar və qanun yaradıcılığı yolu ilə yaxşılaşdırmaq istəyirlər.

Marksist feminizmi

Bu növ feminizmin ideyaları qadınların muzdlu işçi olduğu “kapitalist sistemi bəlalarının” pislənməsi ilə xarakterizə olunur. Keçmişin marksist feminizminin parlaq nümayəndələri Klara Setkin, Lili Braun və Aleksandra Kollontaydır.

1920-ci illər Rusiyası gender bərabərliyi baxımından ən mütərəqqi ölkəyə çevrilərək, bu hərəkata böyük töhfə verdi: qadınlar nəinki səs verə bildilər, oxumağı və yazmağı öyrəndilər, “mətbəx əsarətindən” xilas oldular, ana olub-olmamaq haqqında özləri qərar verə bildilər. Ölkədə abort cinayət sayılmadı.

Marksist feministlər “məişət köləliyinin” - qadınların kişilərə və gündəlik həyata görə karyeralarından və təhsildən imtina etməsinin səmərəsizliyini qeyd edirlər. 2016-cı ildə aparılan bir araşdırma aşkar etdi ki, yır-yığış, yemək bişirmək, uşağa baxmaq və yaşlı valideynlərə qulluq birlikdə qadınların 23 ilini alır, kişilərsə iyirmi illik bu əlavə işdən azaddırlar.

Sosialist feminizmi

Bu hərəkatın davamçıları deyirlər ki, qadını təkcə kapitalizm deyil, həm də ictimai münasibətlər – patriarxal ənənələr əzir, ona görə də, cəmiyyəti təkcə iqtisadi yox, həm də sosial cəhətdən dəyişmək lazımdır. Əgər marksist versiyada bütün qadınların birləşməsi mümkün deyildisə, buna sinfi mübarizə mane olurdusa, sosialist feminizmi qadınların ümumi təcrübəyə əsaslanacaq birliyini inkar etmir.


Radikal feminizm

Radikal feministlər cəmiyyətin əsas problemini patriarxal qaydalarda, kişinin qadın üzərində hökmranlığında görürlər. Patriarxal ideyalar bütün sistemə nüfuz etdiyi üçün onu islahat etmək mümkün deyil, ancaq məhv etmək olar. Üstəlik, radikal feminizm artıq gender bərabərliyindən, qadını ön plana çəkməkdən danışmır, çünki onun unikal reproduktiv funksiyası - ali imtiyazı var. Radikal feminizmin ifrat forması ayrılıq, yəni patriarxal prinsip əsasında qurulan münasibətlərin rədd edilməsidir.

İnterseks feminizm

İnterseks feministlər deyirlər ki, tək qadın təcrübəsi yoxdur. Məsələn, ağdərili qadın bərabərsizliyi yalnız qadın kimi hiss edəcək, qaradərili lezbiyan isə eyni anda üç əlamət üzrə əziyyət çəkəcək: cinsiyyət, irq və orientasiya. Buna görə də, qadınların hüquqları uğrunda mübarizə LGBT üzvlərinin hüquqları uğrunda, irqçiliyə və əlil insanlara qarşı ayrı-seçkiliyə qarşı mübarizədən ayrılmazdır.

Kişi feminizmi

Feminizmlə bağlı fikirləri bölüşən kişilərə pro-feminist deyilir. Qadın və kişilərin həqiqi bərabərliyi üçün ilk çıxış edənlərdən biri yuxarıda adı çəkilən Britaniya siyasətçisi Con Stüart Mill olub. Müasir feministlər və pro-feministlər deyirlər ki, patriarxal cəmiyyət təkcə qadınlara deyil, kişilərə də zərər vurur, onlara xas olmayan xüsusiyyətlər sırıyır - zəhərli kişiliyi tətbiq edir. “Qız kimi vurursan”, “kişilər ağlamaz”, “əsl kişi çörəkverəndir, himayədardır”, “əsgərlik etmədinsə, kişi deyilsən”... Kişi rolu hamıya uyğun olmayan məhdud xüsusiyyətlər siyahısına salınır. Bununla belə, bəzi feministlər kişilərin bərabərliyin müdafiəsinə real töhfə verəcəyinə şübhə ilə yanaşırlar, çünki onların qadın təcrübəsi və itirəcək bir şeyləri yoxdur – “Risk yoxdur, şan-şöhrət boldur”.

Feminizm indi nə ilə mübarizə aparır

Müasir Qərb cəmiyyətində gender stereotipləri hələ də güclüdür: qadınlar üçün kişilərə nisbətən yüksək maaşlı vəzifədə çalışmaq daha çətindir və bərabər iş üçün kişilərlə bərabər əmək haqqı almaq hələ mümkün olmayıb. Dünyada, xüsusən də Rusiyada qadınlar üçün qadağan olunmuş peşələrin siyahısı hələ də mövcuddur (baxmayaraq ki, kişilər üçün belə bir siyahı yoxdur). Dövlət qadının reproduktiv sağlamlığına xüsusi qayğıya çağırır. Uşaq doğmağı planlaşdırmasa belə, müəyyən peşələr onun üçün yenə də qapalı olacaq. Bəziləri hesab edir ki, bu ayrı-seçkilik deyil, çünki qadınlar özləri odunqıran və ya kötükdaşıyan kimi işlərdə işləmək istəmirlər. Ancaq siyahıdakı bir çox peşələrin maaşı çox yüksəkdir.

İş yerlərində qadınlar tez-tez təqib və qərəzlə üzləşirlər. Reproduktiv zorakılıq çiçəklənməkdə davam edir, qadınlara seçim imkanı verilmədən onlara təzyiqlər olunur. Cinsi zorakılıq, qurbanı günahlandırmaq və rüsvay etmək (“günah özündədir”), ayrıseçkilik yaradan qanunların qəbulu, çoxları üçün hələ də məhdud təhsil imkanları feminizmin 21-ci əsrdə üzərində işləməli olduğu şeylərdir.


Feminizm haqqında miflər

Feminizm mahiyyəti etibarilə qadınları “kişiləri taxtdan salmağa”, “büstqalterləri yandırmağa” və “ayaqlarını qırxmamağa” çağırmır. Yevangelist Pat Robertsonun 1990-cı illərdə iddia etdiyi kimi, o "qadınları ərlərini tərk etməyə, uşaqları öldürməyə, cadugərliklə məşğul olmağa, kapitalizmi məhv etməyə və lezbiyan olmağa məcbur edən hərəkat" deyil. Müasir feminizmin ərlərə nifrətlə əlaqəsi yoxdur: hətta ən radikal feministlər belə kişilərə deyil, patriarxata qarşıdırlar. Onların çoxu xoşbəxt ailə qurub, feminizm ideyalarından əl çəkmədən uşaq böyüdürlər.

“Qadın hüquqları uğrunda mübarizəni çox zaman kişilərə nifrətin sinonimi kimi qələmə verirlər. Dəqiq bilirəm ki, bu belə olmamalıdır. Feminizm kişi və qadınların bərabər hüquq və imkanlara malik olmasına inanmaqdır. Bu, cinslərin siyasi, iqtisadi və sosial bərabərliyi doktrinasıdır”, – 2014-cü ildə BMT-nin xoşməramlı səfiri olmuş feminist aktrisa Emma Uotson bildirib.

8 Mart necə yaranıb?

1909-cu ildə nyu-yorklu qadınlar səsvermə hüququ və kişilərlə bərabər maaş almaq uğrunda küçələrə çıxdılar. Növbəti il Klara Setkin və Roza Lüksemburq qadınlar üçün bərabər hüquqlar təşviq edən, qadınlara hörmətin artması və populyarlaşması elementinə çevrilən bir bayram təsis etdilər.

Sovet hakimiyyəti qadın hərəkatını fəal şəkildə dəstəklədi, lakin 1970-ci illərə doğru 8 Mart istirahət günü elan edildikdən sonra inqilabi mübarizə ideyaları konfet-buket təbrikləri ilə əvəz olundu. 21-ci əsrə doğru nəhayət, sadəcə Qadınlar Gününə çevrildi. Hazırda məsələn Rusiyada əhalinin yalnız 5%-i bunu qadınların emansipasiyası ilə əlaqələndirir.
Bu, bir tərəfdən bərabərliyin əldə edilməsində müsbət tendensiyanın olduğunu, qadın hüquqları uğrunda daha az mübarizənin zəruriliyini göstərir, digər tərəfdən, bayramın "qadınlığın" və "gözəlliyin" tərənnümünə yönəldilməsi onun prinsiplərinə qətiyyən uyğun gəlmir.

Nadir Quliyev



Teqlər: Feminizm  





Xəbər lenti