“Şuşada atamın vəsiyyətini yerinə yetirdim” - Yalçın Adıgözəlov

 “Şuşada atamın vəsiyyətini yerinə yetirdim” -  Yalçın Adıgözəlov
  18 May 2021    Oxunub:10191
"Mən xoşbəxt oğulam ki, Şuşada atamın vəsiyyətini yerinə yetirdim. Atam "Qarabağ şikəstəsi" oratoriyasının Cıdır düzündə səslənməsini arzulayırdı. Onun arzusu reallaşdı".
Bunu Azvision.az -a Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov Şuşada Cıdır düzündə keçirilən "Xarıbülbül" festivalından danışarkən deyib.

Tanınmış dirijor Şuşada atasının vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt oğul hesab etdiyini söyləyib:

- Mən 10 yaşımdan başlayaraq, 1988-ci ilə qədər hər yay tətilimi Şuşada keçirirdim. Atamın yaxın dostu Süleyman Ələsgərovun evində ildə iki həftə qonaq qalırdım. O xatirələr heç vaxt yaddaşımdan silinməyəcək. Sonuncu dəfə Şuşadan 1988-ci ildə ayrılmışam. Həmin il atam, tanınmış bəstəkar Vasif Adıgözəlov və şairimiz Teymur Elçin Şuşada axrıncı dəfə Cıdır düzündə oldular. Onda artıq hadisələr başlamışdı. Bakıya qayıdandan sonra məşhur "Qarabağ şikəstəsi" oratoriyası ərsəyə gəldi. Həm bəstəkar, həm də şair dövlət mükafatına layiq görüldülər. Ondan sonra Şuşaya qayıtmaq qismət olmadı.



- 33 ildən sonra yenidən Qarabağa qayıtdınız. Şuşaya yaxınlaşdıqca hansı hissləri yaşayırdınız?

- Hər insanın həyatında vacib anlar olur. Mən Şuşaya qayıtmağımızı ilk övladımızın anadan olması ilə müqayisə edirəm. Valideynlər ilk övladının dünyaya gəlişi zamanı nə qədər həyəcan keçirirlərsə, mən də elə həyəcanlı anlar yaşadım. 6 ay idi ki, o günə hazırlaşırdıq və bilirdik ki, “Xarıbülbül” festivalı bərpa olunacaq. Amma Şuşaya daxil olan an ürəyimin dayanacağından ehtiyat edirdim. Çox həyacanlı idim. Bir gözümüz sevincdən, qürurdan gülürdüsə, bir gözümüz də ağlayırdı. Atam bu günü görmədi, ən böyük arzusu idi. Yaxın dostlarımız, görkəmli Azərbaycan oğulları, bəstəkarlarımız, şairlərimiz, hərbçilərimiz Şuşanın azad olunmasında əllərindən gələni etdilər. Amma bu günləri görmək onlara qismət olmadı. Bəziləri isə axrıncı günlərdə, 44 günlük Vətən Müharibəsi zamanı əbədiyyata qovuşdular. Amma bütün bunlar onların sayəsində baş tutdu. Xalqımıza, qızıl hərflərlə öz adını Azərbaycan tarixinə yazan hərbçilərimizə, Ali baş Komandana minnətdarıq. Ölkə başçının dəmir iradəsi və dəmir yumruğu hesabına Şuşa işğaldan azad olundu.



Bundan sonra "Xarıbülbül" festivalı ənənəvi keçiriləcək. Mən Cıdır düzündə “Qarabağ şikəstəsi” oratoriyasını ifa edərkən özümü çox xoşbəxt hiss etdim. Həmin gün ürəklə dedim ki, mən xoşbəxt oğulam. Çünki atamın vəsiyyətini yerinə yetirdim. Mənə vəsiyyət etmişdi ki, Şuşa azad olunanda bu arotoriyanı orada ifa edim, o zaman onun ruhum şad olacaq. Xalq artisti Alim Qasımov bu əsərin ilk ifaçısıdır. Biz 30 il bundan öncə Moskvada 1991-ci ilin 20 yanvarında şəhidlərimizin ildönümü münasibəti ilə “Qarabağ şikəstəsi”ni ifa etmişdik.30 il sonra bu əsəri şad günümüzdə, Cıdır düzündə ifa etdik. Tanrı xalqımızı qorusun. Bundan sonra hansısa düşmən bizə kəm baxa bilməz. Azərbaycan xalqı öz iradəsini, gücünü göstərdi.

- "Qarabağ şikəstəsi" ifa olunanda Cıdır düzü səmasında bir qartalın uçaraq dövrə vurduğunu deyirlər. Həmin mənzərəni görə bildinizmi?

- O bizim şəhidlərimizin, atalarımızın, əcdadlarımızın ruhu idi. Onlar bizi seyr etdilər. Oratoriya ifa olunanda hamı ağlayırdı. Hətta bizim əsgərlərimizin gözü yaşla dolmuşdu. Dövlət başçızmız da kövrəlmişdi. Hamının gözü qarşısına doğmaları, əzizləri, valideynləri gəlirdi. Biz şəhidlərimizin, onların ailələrinin qarşısında baş əyirik, onlara həmişə borcluyuq.



- Sanki siz də ifa edərkən başqa dünyada idiniz. Çox möhtəşəm səhnə idi.

- Təəccüblü deyil. Qarabağ müqəddəs torpaqdır. Mən İtaliyanı, Fransanı, İsveçrəni, dünyanın ən gözəl dağlar və çəmənlikləri olan digər ölkələri görmüşəm. Amma Qarabağ, Şuşa torpağından yoxdur. Oradakı enerji, mühit heç bir yerdə yoxdur. O torpaqlarda həyəcanlanmamaq mümkün deyildi. Hamımız göylərdə idik. Hələ də təəssüratlardan ayrıla bilmirik.

- Cıdır düzündən Xankəndiyə boylandınızmı? Ürəyinizdən nələr keçdi?

- Onlar hər şeyi eşidir və görürdülər. Görsünlər və utansınlar. Çünki biz 30 ildir ki, bu günü gözləyirdik. Haqq- ədalət yerini tutdu. Şuşa ilə yanaşı Xankəndini də cənnətə çevirəcəyik.

- Şuşadakı evinizin qalıqlarını tapa bildinizmi?

- Mümkün qədər şəhəri gəzdik. Məşqlər edirdik, konsert və digər işlərimiz oldu. Bu səbəbdən vaxtımız çox olmadı. Şuşada üç və ya dörd ev salamat qalıb. Hamısı yavaş-yavaş bərpa olunur. Zəfər yolu da açılacaq. Şuşaya rahat şəkildə gedib-gələ biləcəyik.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-artisti   Şuşa   Festival  





Xəbər lenti