Koronavirus siyasəti: Fərqli yollar və nəticələr - TƏHLİL

      Koronavirus siyasəti:    Fərqli yollar və nəticələr -    TƏHLİL
  04 May 2020    Oxunub:18107
Koronovirus pandemiyası haqda ilk həyəcan siqnalları veriləndən sonra müxtəlif dövlətlər ona münasibətdə müxtəlif strategiyalar yürütməyə başladılar. Maraqlı məqam ondan ibarətdir ki, bu zaman hər bir dövlətin təkcə iqtisadi imkanları deyil, siyasi-ideoloji mahiyyəti də sınağa çəkildi.
Dünyada yoluxmaların və ölümlərin sayındakı eksponensial artım təxminən martın 6-7-dən başlayıb. Aradan artıq iki ay vaxtın keçdiyini nəzərə alsaq, ayrı-ayrı ölkələrin seçdiyi müxtəlif strategiyaları tutuşdurmaq və qiymətləndirmək zamanıdır. Fərqli dövlətlərin yürütdükləri strategiyaları şərti olaraq bir neçə qrupa bölə bilərik:

1. “Hərə öz başına çarə qılsın”

İsveç, qismən qonşusu Norveç, Belorus ilk vaxtlardan belə yanaşma seçdilər ki, sərt məhdudlaşırma tədbirlərinə ehtiyac yoxdur. İnsanları ehtiyatlı olmağa, imkan daxilində evdən işləməyə çağırdılar və qalan hər şeyi onların şəxsi məsuliyyətinə buraxdılar. Xəstələnənlər evdə müalicə olunur, onların ailə üzvləri karantinə alınmırdı.
Yanaşma belə əsaslandırılırdı ki, cəmiyyətdə təbii immunitetin yaranması üçün insanların çoxu bu virusa yoluxmalıdırlar. Ona görə də, risk qrupuna daxil olmayanların yoluxmasında pis bir şey yoxdur – sağlıqla xəstələnin.
İsveçdə 23.000 yoluxma, 2700 ölüm, Norveçdə 8000 yoluxma, 220 ölümün qeydə alınması bu strategiyanın yanlış olduğunu təsdiqləyir.

2. “Nəzarətdə saxlanılan yoluxma”

Niderlandın və Braziliyanın (tipik nümunə kimi) seçdikləri strategiyanı şərti olaraq belə adlandıra bilərik. Avropadakı klassik lokdaundan fərqi bu idi ki, kütləvi tədbirlərə məhdudiyyət qoyulur, əhali sosial təcridə və məsafə saxlamağa çağırılır, amma iş yerlərinin çoxu bağlanmırdı, evdən çıxmağa heç bir qadağa qoyulmurdu. “Məntiq” belədir: Qoy, insanlar yoluxsunlar, amma tədricən, birdən-birə yox. Bu yanaşma da özünü doğrultmadı: 40.000 yoluxma, 5000-dən çox ölüm sayı ilə Niderland Avropada ən pis göstəricilərdən birinə malikdir. Braziliyada vəziyyət lap acınacaqlıdır: 100.000-ə yaxınlaşan yoluxma və 7.000-ə çatan ölüm sayı göstərir ki, epidemiyanın əvvəlində ölkə rəhbərliyinin apardığı eksperiment nə qədər qorxulu və lazımsız imiş.

3. “Əsas iqtisadiyyatdır”

Praktik olaraq, bütün dövlətlər “İqtisadiyyat, yoxsa əhalinin sağlamlığı?” dilemması ilə üzləşməli oldular. Bir qrup ölkələr – tipik örnək olaraq Meksika və Yaponiyanı göstərə bilərik,- əvvəlcə birinci seçimə meyilləndilər. Hər ikisi çalışırdılar ki, məhdudiyyət tədbirləri ölkədəki işgüzar aktiviyi zəiflətməsin. Amma təəssüf ki, nə ölkələrin iqtisadiyyatı, nə də əhalinin sağlamlığı koronavirusu qətiyyən maraqlandırmırdı. Ona görə, tezliklə çox acı bir həqiqət üzə çıxdı: İqtisadiyyatı əhalinin sağlamlığından üstün tutan hökumətlər hər ikisini qurban verməyə məhkumdurlar. Bu yolu seçən dövlətlərin hamısı istər-istəməz ən geci aprelin birinci həftəsində seçimlərini ikinci varianta doğru dəyişərək, məhdudiyyət tədbirlərini sərtləşdirməyə məcbur oldular. Beləliklə, “it də getdi, ip də”: İqtisadiyyat da zərbə aldı, yoluxma və ölüm halları da xeyli çoxaldı. Strategiya özünü doğrultmadı.

4. “Gecikənlər”

İtaliya, Fransa, İspaniya, Britaniya, ABŞ, Türkiyə, Rusiya... – siyahını xeyli uzatmaq da olar,- onların əsas problemi çox tərəddüd etmələri və qəti addım atmaqda gecikmələri idi. Məsələn, İtaliyada ümumi karantinin ancaq martın 10-da tətbiq olunması çox dəhşətli gecikmə idi. Bəli, bu dövlətlər “iqtisadiyyat, yoxsa əhalinin sağlamlığı” dilemması qarşısında ikinci seçimi etdilər, amma tərəddüdləri xeyli çox çəkdi, virusun qarşısını almaq istiqamətində addımları ləng atdılar. Söhbətin İNSAN HƏYATINDAN getməsi onların qərarlarının tezləşməsinə təsir göstərə bilmədi. Nəticədə bu gün hamısı koronovirusa yoluxma və ölüm statistikasında yuxarı sətirlərdədirlər. Acı təcrübədə sübut olundu ki, bu məsələdə gecikmək – ölüm deməkdir. ABŞ və Fransa sonradan məhdudiyyətləri hətta Fövqəladə Vəziyyətin elan olunmasına qədər dərinləşdirdilər, amma vaxtında atılsa, bu addımların effekti daha böyük olardı.

5. “Əsas vətəndaşdır”

Cənubi Koreya, İsrail, Honkonq, Sinqapur Avstriya, Azərbaycan, Çexiya... bu yolu seçənlərin hər biri onu özünün bildiyi kimi getdi. Amma ümumi cəhətlər odur ki, İlk mərhələdən başlayaraq, insanların sağlamlığı üçün lazım olan heç nə əsirgənmədi: lazımdırsa - kütləvi testlər, lazımdırsa – məhdudiyyət, lazımdırsa – karantin... Əsas olan bütün bu addımları yubanmadan, lap başda tərəddüd etmədən atmaq idi. Çünki yoluxma zəncirinin qarşısı nə qədər tez alınsa, prosesi nəzarətə götürmək bir o qədər asan olur.
Bu strategiyanı seçən dövlətlər karantinin, sərhədlərin bağlanmasının yaradacağı iqtisadi problemlərdən qorxmadılar və birmənalı olaraq vətəndaşın sağlamlığını hər şeydən üstün tutdular. Metodun tətbiqi hər şeydən əlavə, dövlətin bütün orqanlarının sıx koordinasiya şəklində işləməsini nəzərdə tutur. Amma həyata keçirilməsi çətin də olsa, effektiv strategiya olduğu sübuta yetdi.

6. Sərt karantin, yaxud, fövqəladə vəziyyət

Çin gecikmə ilə də olsa, bu yolu seçdi. Uhanda hətta şəhərin rayonları arasında gediş-gəliş bağlandı, insanların evdən çıxmağı birdəfəlik yasaqlandı. Ərzağı xüsusi geyimli personal evlərə çatdırırdı. Bu, nəticə əldə etmək baxımından düzgün strategiya idi. Sonradan İtaliya, İspaniya, Fransa da oxşar metoda əl atdılar, amma əfsus, artıq çox gecikmişdilər. Malayziya, Venesula da sərt karantini seçməklə vəziyyətə nəzarəti ələ ala bildilər.

***

Ümumiləşdirsək, iki amili xüsusi vurğulamaq olar: Çeviklik və Qətiyyət. Maraqlıdır ki, ayrı vaxt məhz liberalizmin mərkəzi sayılan ölkələr “iqtisadiyyat, yoxsa insanların sağlımlığı” dilemması ilə üzləşəndə duruxdular, dərhal cavab verə bilmədilər. Və onların bu tərəddüdü on minlərlə insanın həyatı bahasına başa gəldi. Dərhal seçimini edən və insanları qorumaq istiqamətində fəaliyyətə başlayan dövlətlər isə bütün dünyaya həm də onu göstərdilər ki, sözdə yox, praktikada İNSAN HÜQUQLARINI qorumaq nə deməkdir. Axı öz hökumətinin uzun müddət tərəddüd etməsinə görə həyatını itirən insanların YAŞAMAQ HÜQUQU da var idi... Bu məqamda koronavuirus artıq dövlətlərin məruz qaldığı tibbi yox, sosial yox, hətta iqtisadi də yox, məhz siyasi test rolunu oynayır. Ona görə, postkoronavirus dünyasında yəqin, hər şeydən əlavə, siyasi ideologiyalar da təftişə uğrayacaq – xüsusilə, insan haqları bəndi.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti