Şəfqət bacısı - Füzuli Sabiroğlunun hekayəsi

      Şəfqət bacısı    - Füzuli Sabiroğlunun hekayəsi
  28 Noyabr 2019    Oxunub:5418
...Boğazı quruduğundan ağrıkəsici həbi zorla uddu və ikiəlli gicgahlarını sıxaraq kürəyini stansiyanın ağappaq mərmər üzlüklü sütununa söykədi. Dəhşətli ağrıdan az qalırdı ki, huşunu itirsin. Metro qatarının gurultusu başına düşmüşdü. Ona elə gəlirdi ki, beyninin içində sonsuz qaranlıq tunellərlə müdhiş taqqıltılar salaraq, arabir ətürpərdici səslərlə təkərlərini cırıldada-cırıldada qatarlar şütüyür.
Bu taqqıltıların və cırıltıların ahənginə uyğun olaraq onun bütün bədəni əsim-əsim əsirdi. Əlləri ilə ağrıdan zoqquldayan gicgahlarını, boyun damarlarını ovuşduraraq bu dəhşətli səsləri azaltmağa, sakitləşdirməyə çalışdı.

Nə qədər ötdüyündən xəbəri olmadı. Bircə onu hiss edirdi ki, polad təkərlərin zəhlətökən gurultusu getdikcə azalır və azalıqca da başında, bədənində olan ağrılar, əsmələr sakiləşir. İndi qatarlar güclə eşidiləcək uğultularla sonu görünməyən qaranlıq tunellərin dərinliklərinə doğru şütüyərək bir-bir yox olurdular. Başındakı olan-qalan ağrıları da sonuncu sərnişinlər tək özü ilə aparan sonuncu qatar da yoxa çıxdıqdan sonra ətrafa qaranlıq və sükut çökdü. Belə qulaqbatırıcı sakilikdən və başından çəkilib getmiş ağrılardan sonra içinə dolan sərinliyin ləzzətindən astaca inildəyərək bir neçə dəfə dərindən nəfəs aldı. Hələ bir az da beləcə qalmaq, tərpənməmək və bu ləzzətli anların ömrünü bir neçə dəqiqə də uzatmaq istəyirdi. Ancaq kimsə qollarından tutub onu elə silkələdi ki, özünü yıxılmaqdan zorla saxladı. Başını qaldırıb metro stansiyasının ağappaq, gur işığından gözlərini qıya-qıya qarşısındakı kök, lopabığ polisə və kənarda dayanıb ikrahla onu süzən adamlara baxdı. Nə baş verdiyini anlamağa çalışırdı ki, polis sercantı yekə qarnını bir az da qabağa verərək:
- Nə olub ə … Bu nə gündü düşmüsən? İçmisən, yoxsa çəkmisən?! - deyə yoğun səslə bağırdı.

Polis işçisinin ət basmış, istehza və nifrət dolu gözləri onun üzünə zillənmiş olmasaydı, bu sualın ona yox, bir başqasına ünvanlandığını zənn edəcəkdi. Bir azca qəddini düzəldib çaşqın baxışlarla yenə də ətrafı nəzərdən keçirdi. Düşdüyü bu stansiyanın tanış olmayan görkəmi onu elə çaşdırmışdı ki, nə edəcəyini, nə cavab verəcəyini bilmirdi. Gözlərini gəzdirib divarda iri, qızılı hərflərlə yazılmış «Xalqlar dostluğu» sözlərini oxuduqdan sonra, elə bil nəyi isə xatırlamağa başlayırdı ki, yenə də polis serjantının kobud səsi ona fikirlərini cəmləməyə imkan vermədi:
- Düş qabağıma, görüm. Gedək, orada aydınlaşdırarıq.

Serjantın səsindəki hədələyici ton onu birdən-birə hövsələdən çıxartdı. Var gücü ilə bağırmaqdan, bu yekəqarın hərifə dişinin dibindən çıxanı deməkdən özünü zorla saxladı. Hiss edirdi ki, əsəbiləşib qışqırsa, başının dərinliklərində gizlənib hərəkətə gəlmək üçün məqam gözləyən ağrılar, bəndini dağıtmış sel kimi bir andaca soyuq küləklərin cövlan elədiyi tunelləri dolduracaq və sonra bu ağrıların çəkidib getməsi müşkülə çevriləcəkdi. Ona görə də özünü ələ almağa çalışıb suçlu adam kimi serjantın yanına düşərək girişdəki növbətçi polis otağına tərəf getdi. Otaqda orta yaşlı polis kapitanından başqa heç kim yox idi. Qarşısındakı dəftərxana kitabına nə isə yazan zabit başını qaldıran kimi, sercant yöndəmsiz və gülməli tərzdə hərbi təzim edib: - Cənab kapitan, vətəndaş stansiyada sərxoş vəziyyətdə ictimai asayişi pozarkən tərəfimdən saxlanılaraq yoxlanılmaq üçün gətirilmişdir. Zabit yorğun-yorğun kreslosuna yayxanaraq boyun fəqərələrini şaqqıldadıb əsnədi və quru, laqeyd bir ahənglə:
- Sənədini ver görüm! - dedi.
O, dinməz-söyləməz əlini pencəyinin qoyun cibinə salıb üstündə olan yeganə sənədi - əlillik vəsiqəsini çıxarıb zabitə uzatdı. Zabit vəsiqəni açıb xeyli göz gəzdirdikdən sonra başını qaldırıb əlindəki rezin dəyənəyini yelləyə-yelləyə rəisindən göstəriş gözləyən sercanta:
- Əhədov, sən gedə bilərsən, - dedi və əlindəki vəsiqəyə bir də baxaraq (yəqin ki, onun adını oxuyurdu):
- Eldar, qardaş, Qarabağda döyüşmüsən, yaralanmısan. Sizin kimi oğlanlara mənim böyük hörmətim var. Ancaq belə olmaz axı, içib metroya girmək, camaatı narahat etmək sənə yaraşmaz, - deyib vəsiqəni ona uzatdı.

İndi onun bu polis zabitinə sərxoş olmadığını izah və sübut eləməyə nə həvəsi vardı, nə də danışmağa taqəti qalmışdı. Özünü əzgin və yorğun hiss edirdi. Ayaqlarını sürüyə-sürüyə otaqdan çıxdı və girişdə dayanmış polislərin yanından ötüb, yeraltı keçidə adladı. Halı getdikcə xarablaşırdı. Ürəyi bulanır, havası çatışmırdı. Birtəhər yeraltı keçiddən çıxdı və çıxan kimi də üzünə dəyən sərin payız küləyi onu azca da olsa özünə gətirdi.

Qaranlıq düşmüşdü. Səki boyunca düzülmüş köşklərin bəziləri bağlanmış, bəzilərinin satıcıları isə artıq yır-yığış edirdilər. Başı hərlənir, taqətsizlikdən dizləri əsirdi. Bağlı köşklərdən birinin yanında yerə atılmış taxta yeşiyi götürüb arxa tərəfdə işıq düşməyən bir yerə qoydu və oturub cibindən siqaret çıxartdı. İndi bir az dincəlmək, metro qatarının gurultusundan pərən-pərən olmuş fikirlərini bir yerə cəmləyib çiliklənmiş yaddaşını bərpa etmək və nə baş verdiyini, buraya nə üçün gəldiyini rahatca aydınlaşdırmaq olardı.

Anasını rayona yola saldığı gecə avtobusu tərpənən kimi, şəhər avtovağzalının tünlüyündən və havanı dolduran ürəkbulandırıcı dəm qazından canını qurtarmaq üçün üzüyuxarı - «20 Yanvar» metrosuna tərəf tələsdi. Oradan isə Yeni Yasamala gedən avtobuslardan birinə minib evə getməliydi. Onu metroya girməyə hansı səbəbin məcbur etdiyini anlaya bilmirdi. Çünki axırıncı dəfə metroya altı il əvvəl minmişdi. Onda hərbi qospitaldan çıxdığı iki, ya üç həftə olardı. Bədənindəki yaralar sağalsa da, başındakı - sağ gicgahından dörd barmaq yuxarıdakı qəlpə yarası onu çox incidirdi. Həkimlər onu evə yazsalar da, yataq recimində, sakit şəraitdə qalmağı məsləhət görmüşdülər. Sakit bir may axşamı evdə otura bilməyib qonşusu Azərlə şəhərə gəzməyə çıxmışdı. Mərkəzə yaxın yerlərdən birində evə tez qayıtmaq üçün metroya düşmüşdülər və bir stansiya getməmiş qatarın taqqıltısından başında dəhşətli ağrılar qalxmışdı. Onlar növbəti stansiyada düşməyə məcbur olmuşdular. Sonra evə necə gəldikləri yadında deyildi. Düz bir ay yataqdan qalxa bilmədi. Bu hadisədən sonra tək-tük hallarda şəhərə çıxsa da, metroya minməyi heç vaxt ağlına gətirmirdi. Artıq onu üşütməyə başlayan payız küləyinin soyuğumu, yoxsa aşağıda - metro tuneli ilə hərəkət edən qaratın güclə hiss edilən uğultusumu, elə bil hər şeyi birdən-birə çox sürətlə onun yadına saldı. Avtovağzaldan aralanıb metroya sarı qalxarkən yolboyu düzülmüş avtobuslar səmtdən kimsə bir neçə dəfə onu səslədi. Dayanıb səs gələn tərəfə baxanda gülə-gülə ona sarı yüyürən keçmiş əsgərini gördü. Qucaqlaşıb görüşdülər. Oğlan sevindiyindən dili dolaşa-dolaşa elə sürətlə danışırdı ki, onun nə dediyini güclə anlaya bilirdi. Sən demə, yaralanan vaxt hamı onun öldüyünü zənn edibmiş və bu altı-yeddi ildə o, sağ qalmış döyüşçü dostlarının yaddaşında şəhid kimi yaşayırmış. Ayrılanda döyüşçü dostu bayaqkı kimi tələsə-tələsə yox, bir az duruxaraq:
- Cəmilə bacı - uşaqların yarasını sarıyan qadın yadınızdadır? «Xalqlar dostluğu» metrosunun yanında balaca bir bazar var, orada meyvə, kartof, soğan satır, - dedi və əlini yellədib bayaqdan, yəqin, onu gözlədiyi üçün aramsız siqnal verən mikroavtobusa mindi.

Bütün bunlar o qədər sürətlə baş vermişdi ki, oğlanın adını belə xatırlamağa macal tapmamışdı. Əsgər dostu getmiş olsa da, onun son cümlələri münbit torpağa düşmüş dən kimi cücərib boy atır, yarpaqlayırdı. Böyüdükcə də kökü yaddaşının daha dərin 'qatlarına enir, az qala unutmaqda olduğu xatirələrdən şirə çəkərək çiçəkləyirdi. Bu çiçəklərdən bir az barıt, bir az torpaq, bir az da iydə çiçəyinin ətri duyulurdu və bu ətir içini doldurduqca ürəyinə sevinc qarışıq həyəcan, intizar, narahatlıq hakim kəsilirdi. Bundan sonrasını isə çox dumanlı şəkildə xatırlayırdı. Bu dumanı dağıdıb qalan şeyləri təfərrüatı ilə xatırlamağın indi onun üçün əhəmiyyəti yox idi. Qəfil çaxan şimşəyin parıltısı və sanki, başındakı yara yerindən beyninə dolan göy gurultusu onu xəyaldan ayırdı. Başını qaldırıb qapqara qaralmış göy üzünə baxdı. Deyəsən, yağış yağacaqdı. Ayağa durub ətrafa boylandı. Metroya minə bilməzdi. Cibindəki pulun məbəğini götür-qoy edib, yolun o biri tərəfindəki dayanacaqda müştəri gözləyən taksiyə tərəf getdi. Taksinin arxa oturacağına yayılıb gözlərini yummuşdu. Arabir çaxan şimşəyin parıltısını indi o bütün varlığı ilə duyur, hiss edirdi və bu parıltıda Cəmilənin kədərli çöhrəsi görünüb yox olurdu. 93-cü ilin qışı idi. Onların yenicə təşkil olunmuş hərbi hissəsi Füzuli rayonunun Mahmudlu kəndində yerləşdirilmişdi. Qoşunlarımız ermənilərin yaydan başlayan hücumlarını çətinliklə də olsa, dayandıra bilmişdilər və cəbhənin bəzi nöqtələrində düşmənə ağır əks-zərbələrin endirilməsi xəbərləri gəlirdi. Hər belə xəbər əsasən gənc çağırışçılardan və ehtiyatda olan zabitlərdən təşkil olunmuş hərbi hissənin döyüşçülərində böyük ruh yüksəkliyi yaradırdı. Hər dəfə uzaqdan və yaxından eşidilən top gurultularından, güllə səslərindən sonra əsgərlərinin:
- Komandir, biz nə vaxt döyüşə gedəcəyik? - sualı artıq onu təngə gətirmişdi. Yuxarı komandanlıq isə onlara, əsgərlərin psixoloji hazırlığı ilə məşğul olmağı tapşırırdı. Hər axşam qərargahda keçirilən yığıncaqlarda batalyonların silah və sursat təminatından, texniki məsələlərdən söhbət getsə də, hiss olunurdu ki, onların hərbi hissəsini daha vacib bir tapşırıq gözləyir. Çünki komandanlığın sürətləndirilmiş proqramla da olsa, yüksək səviyyədə təlim keçmiş və hər cəhətdən təmin olunmuş bu hərbi hissəyə böyük ümidlər bəslədiyini bildirdilər. Cəbhə xəttində isə döyüşlər getdikcə qızışırdı.

Belə həyəcanlı günlərin birində, axşam yoxlanışı zamanı batalyon komandiri yanınca gəlmiş iki nəfəri onlara təqdim etdi. Ortaboylu, dolubədənli, ortayaşlı kişi batalyonun həkimi, arıqbədənli, ilk baxışdan yeniyetməyə bənzətdikləri ikinci adam isə şəfqət bacısı idi. Həkimin adı Sahib, şəfqət bacısının adı Cəmilə idi. Cəmilənin şaxtadan və günəşdən yanıb mis rənginə çalan çöhrəsi, əsgər mundirinə uyuşmayan arıq, çəlimsiz bədəni onu 15-16 yaşlı, bığ yeri təzəcə tərləmiş yeniyetməyə bənzədirdi. Ancaq onun hər şeyə laqeyd görkəminin, sərt baxışlarının arxasında gizlədilən qadın zərifliyi, arabir yol çəkən gözlərinin dərinliklərindən qaynayıb üzə çıxır və tezcə də yox olurdu. Onun kimliyi, buraya necə düşməsi bütün batalyon üçün müəmmaya çevrilmişdi. Bu müəmmanı isə onlara səhərisi gün axşam yoxlamasından sonra həyətdəki ocağın başına çay içib söhbət etməyə yığışdıqları vaxt Sahib həkim açdı.

Cəmilə elə bu rayondan, indi ermənilərin əlində olan dağ kəndlərinin birindən imiş. Qardaşı və əri rayonun özünümüdafiə batalyonunda qulluq edirlərmiş. Ermənilər kəndlərini işğal edəndə ikisi də şəhid olmuşdu. Cəmilə 5 yaşlı oğlunu və 7 yaşlı qızını qaynanası ilə Bakıya yollayıb, o vaxtdan burada qalmışdı. Bundan əvvəl şəfqət bacısı kimi qulluq etdiyi könüllülər batalyonu ləğv edildiyinə görə bu hərbi hissənin komandirinə və tibb xidmətinin rəisinə yalvar-yaxar edərək yenə də şəfqət bacısı kimi qulluq etməyə razılıq ala bilmişdi. Sahib həkimin bu ağrılı və kədərli hekayəti Cəmilənin başına gələn müsibətləri onlar üçün aydınlaşdırsa da, onun heç kəsin heç zaman sona qədər dərk edib anlaya bilməyəcəyi dünyasından xəbər verirdi.

Həmin gecə Eldargilin batalyonuna döyüş hazırlığı əmri verildi. Üç batalyon gecə yarısı cəbhə xəttinə yola düşməliydi. Düşmən duyuq düşməsin deyə gecə hərəkət edən və təyin olunmuş yerə səhərə yaxın çatan əsgərləri növbəti əmr gələnə qədər daldalanmaq və dincəlmək üçün iki gün əvvəl azad olunmuş kəndin təhlükəsiz yerlərində yerləşdirmişdilər. Ermənilər kənddən çıxarılsalar da, arxadan onlara köməyə gəlmiş muzdlu döyüşçülərin hesabına kənddən bir az aralıda - üzüm bağlarında mövqe tutub möhkəmlənə bilmişdilər. Günorta batalyon komandiri döyüş tapşırığını yerində izah etmək üçün bütün zabit və gizirləri ön xəttə apardı.

Erməniləri geri çəkilməyə məcbur etmiş və indi kəndin kənarındakı arxı dərinləşdirərək səngər qurub mövqe tutmuş batalyonun üz-gözündən yorğunluq və yuxusuzluq tökülən komandiri vəziyyəti ətraflı izah etdikdən sonra onlar mövqelərdə qalıb ətrafı diqqətlə öyrəndilər. Düşmən tərəfdə sakitlik idi. Görünür, bizimkilərin belə tezliklə hücuma keçəcəklərini gözləmirdilər. Axşamüstü onlar döyüşçüləri səhərəyaxın başlanacaq hücuma hazırlamaq üçün geriyə qayıtdılar. Evlərdən birinin həyətindən keçəndə Eldar qəribə səslər eşidib dayandı. Səs evin içərisindən gəlirdi. Hər ehtimala qarşı avtomatını hazır saxlayaraq yavaş-yavaş evə yaxınlaşdı. Taybatay açıq qalmış qapıdan barmaqlarının ucunda içəri girdi və heyrətdən yerindəcə donub qaldı.

Şüşəbəndin o biri başında güzgüsü sınmış termonun qarşısındakı kətildə arxası ona sarı bir qadın oturmuşdu. Qadın çiyinlərindən aşağı tökdüyü uzun saçını daraya-daraya zümzümə edirdi və öz aləminə elə qapılmışdı ki, arxadan gələn taqqıltıya belə dönüb baxmadı. Qadının sinəsindən qoparaq boğazında qaynayıb yanıqlı nalə ilə ətrafa yayılan səsi mahnıya da bənzəyirdi, sevdiyinin məzarı başında söylənən ağıya da. Təəccübdən və həyəcandan qapının ağzında donub qalmış Eldar nə edəcəyini bilmirdi. Birdən qadın qəfildən arxaya çevrildi və onu gördü. Onun alışıb-yanan qapqara gözləri, bəxtiyarlıq yağan üzü birdən-birə dəyişib ciddiləşdi. Tələm-tələsik saçını burub başının ortasına yığdı və əlləri əsə-əsə sancaqlayaraq qulaqlı əsgər papağını başına qoyub ayağa durdu.

Qadın çönüb başıaşağı qapıya tərəf gələndə Eldar çaşdığından az qaldı ki, avtomatını əlindən yerə salsın. Bayaqdan onu sehirləmiş su pərisinə bənzər varlıqdan əsər-əlamət qalmamışdı. Qarşısındakı adam üzü mis rənginə çalan, cılız bədənli yeniyetməyə bənzəyən şəfqət bacısı idi. Cəmilə onun üzünə baxmadan qapıdan çıxdı və həyətdəki ağacların arasında yox oldu. Səhərəyaxın hücum əmri verildi. Göyün üzü tutqun olduğundan göz-gözü görmürdü. Düşməni duyuq salmamaq üçün əsgərlər təlimdə dəfələrlə məşq edib öyrəndikləri kimi asta və ehtiyatlı addımlarla irəliləyirdlər. Yolun yarısında onlara uzanmaq və sürünərək irəliləmək əmri verildi. Bayaq hücum əmri verilərkən qəflətən içinə dolmuş həyəcan və gərginlikdən, indi demək olar ki, əsər-əlamət qalmamışdı. Eldara elə gəlirdi ki, bu gərginlik, həyəcan və qorxu hissi hər addımda əriyərək damla-damla onları ilk döyüş anından, bəlkə də, kiminsə həyatına qoyulacaq son nöqtədən ayıran zamana, vaxta hoparaq onu ağırlaşdırır, daşlaşdırır. Nəhayət, bu nəhəng kristal öz ağırlığına davam gətirməyib haradasa dəhşətli bir gurultuya yerə düşüb çilik-çilik oldu. Onun işıq saçan qəlpələri yeri-göyü doldurmuşdu. Düşmən səngərlərinə çatıb atəş açan əsgərlər 30-40 metr aralıdan güclü atəşlə qarşılaşdılar. Düşmən burada ikinci müdafiə səddi qurmuşdu və bu səngərlər daha güclü müdafiə olunurdu. Hava işıqlaşanda müqaviməti qırılmış ermənilər bu səngərləri də boşaldıb geriyə çəkilməyə başladılar.

Sonralar belə ağır döyüşlər çox oldu. Onlar müharibənin bütün ağırlıqlarına və dəhşətlərinə yavaş-yavaş alışdılar. Ancaq hamını təəccübləndirən bircə şey vardı ki, o da döyüş hazırlığı əmrtsa, haradasa Cəmilə ilə rastlaşacağını ağlına gətirməzdi. Bu gözlənilməz xəbər onu sevindirməkdən daha çox sarsıtmışdı bəlkə də. Hər döyüşdən sonra düşmən əsgərlərinin cəsədlərini seyr etməkdən doymayan və sevinc qarışıq vəhşi parıltısıyla adamın canına üşütmə salan o gözlərdəki atəşin bir-iki kilo meyvə alacaq müştərini gözləyə-gözləyə sönməsi ilə barışmaq istəmirdi o. Bəlkə də, o oğlan səhv etmişdi. Bəlkə də, kiminləsə dəyişik salmışdı Cəmiləni. Yataq otağına keçəndə arvadı yatmışdı. Gecə lampasının işığında, öz kiçik çarpayısında şirin-şirin uyuyan oğluna bir xeyli tamaşa edib, paltarını soyundu və yatağına uzandı. Bir saata yaxın idi ki, nə illah edirdisə, gözlərinə yuxu getmirdi. Atdığı sakitləşdirici həblərin də xeryi olmurdu. Əksinə, beyninin dərinliklərində qəribə bir uğultu ilan kimi qıvrıla-qıvrıla yuxarıya doğru can atırdı. Hər qıvrılıb açıldıqca bu uğultular güclənərək gah metro qatarının tuneldən gələn gurultusuna, gah da avtomat, pulemyot taqqıltılarına və mərmi partlamasına bənzər səslərə çevrilirdi. Artıq başındakı qəlpə yarasının yerinin bu səslərin ahənginə uyğun necə vurduğunu aydın hiss edirdi. … Ağır döyüşlərdən sonra qoşunlarımız düşmənin tamamilə yandırıb xarabalığa çevirdiyi Horadiz qəsəbəsinə daxil ola bildilər.

Qəsəbənin görkəmi neçə-neçə dəhşətlərlə üz-üzə gəlib bərkimiş, müharibənin eybəcərlikləri fonunda əsəbləri daşlaşmış əsgərləri əməlli-başlı şoka salmışdı. Onun bölüyü dəmir yolu xəttinin sağında və solunda mövqe tutaraq hücum əmri gözləyirdi. Ermənilər müqavimətin mənasız olduğunu anlayır, pərakəndə şəkildə geri çəkilərək Əhmədalılar kəndində toplaşmış əsgərlərinin mümkün qədər itkisiz geriyə çəkilməsi üçün vaxt qazanmaq istəyirdilər. Onlardan bir az aralıda, hələ də tüstülənən birmərtəbəli evə daldalanaraq düşmən tərəfə aramsız atəş açan tankın gurultusundan qulaqları batmış Eldar güclə də olsa batalyon komandirinin radiostansiyadan «Şəfəq», irəli!» əmrini eşitdi. Bir neçə addım atmışdı ki, güclü partlayış səsi və gözlərini qamaşdıran parıltıdan sonra ayaqları yerdən üzüldü, ətraf zülmətə qərq oldu. Elə bil, gözəgörünməz bir əl onu götürüb qaranlıq bir boşluğa atmışdı. Ətrafdakı qaranlıq yavaş-yavaş çəkilsə də, harada olduğunu ayırd edə bilmirdi. Nəhayət, çətinliklə də olsa, başının üstündə yanmış evin qapqara kösövə dönmüş tirlərini və bü tirlərin arasından görünən tüstüyə, toz-dumana qərq olmuş səmanı seçə bildi. Başında dəhşətli ağrı və uğultu vardı. Sağ gicgahından bir az yuxarıdan ürəyinin döyüntüsü ilə həmahəng top gurultusuna bənzər gurultular qopurdu və hər dəfə bu səslərlə bərabər başından qalxan ağrıdan hər tərəf gah qaranlıqlaşır, gah da gözqamaşdırıcı qıpqırmızı işıqla dolurdu. Başının sağ tərəfi, beyninin içinə qədər od tutub yanırdı. Ona elə gəlirdi ki, bu istilikdən beyni yavaş-yavaş əriyərək aşağıya, boynuna doğru axır. Bədəni keyiyib ağırlaşaraq, sanki cansız qaya parçasına çevrilmişdi. Bütün gücünü toplayıb, qışqırmaq, ətrafdakıları köməyə çağırmaq istədi. Ancaq boğazından çıxan səs haraydan çox zəif iniltiyə bənzədi. Hiss edirdi ki, başının üstündə kimsə dayanıb, ancaq onun kim olduğunu ayırd edə bilmirdi. Həmin adam yanında diz çöküb diqqətlə onun üzünə baxanda Cəmiləni tanıdı.

Nəsə demək istədi, ancaq səsi çıxmadı. Gücü yalnız dodaqlarını tərpətməyə çatdı. Cəmilə tələsə-tələsə çantasından sarğı və dərman çıxara-çıxara nəsə deyirdi. Beynindəki uğultu onun nə dediyini anlamağa imkan verməsə də, heyrətdən bərəlmiş gözlərindən, əllərinin əsməsindən bərk həyəcanlandığı hiss olunurdu. Cəmilə bir əli ilə onun başını ehmalca qaldırıb, hazırladığı dərmanlı tənzifi onun yarasının üstünə qoyanda dəhşətli ağrıdan taqətsiz halda zarıdı. Cəmilə onun yarasını sarıya-sarıya:
- Döz, qurban olum, bir azca da döz! İndi hər şey yaxşı olacaq … Qorxma, elə də ağır yara deyil. Eləcə üzdən cızıb keçib. Sağalacaqsan. Vallah, sağalacaqsan, - deyirdi.

Onun yalvarış və nəvaziş dolu səsindən beyni yavaş-yavaş aydınlaşır, bədəni yumşalıb yüngülləşirdi, elə bil. Başındakı uğultular bu səsdə əriyib həll olunaraq harayasa axır, yoxa çıxırdı. Cəmilənin səsi qarışmış uğultu uzaqlaşdıqca ətraf yavaş-yavaş qaranlıqlaşırdı. İndi o, Cəmilənin qaranlılığı və sükutu güclə yararaq ona çatan ağlaşma dolu zəif səsini eşidirdi. Ölmə, qurban olum! Eşidirsən, ölmə! .. öl-mə … öl-mə …Bir neçə marşrut dəyişə-dəyişə, nəhayət ki, gəlib «Xalqlar dostluğu» stansiyasına çatdı. Bazarın girəcəyində ayaq saxlayıb dəmir və taxta parçalarından, müxtəlif yeşiklərdən düzəldilmiş yöndəmsiz piştaxtaları, onların arxasında büzüşüb oturmuş adamları bir xeyli süzərək nə edəcəyini götür-qoy eləməyə başladı. Alıcısından satıcısı çox olan bu bazarda, yəqin ki, Cəmiləni tapmaq çətin olmayacaqdı. Ancaq o istəyirdi ki, bazarı dönə-dönə axtarsın, Cəmiləni tapmayıb döyüşçü dostunun yanıldığına inanaraq geri qayıtsın və günlərin bir günü ağlına gətirmədiyi bir yerdə təsadüfən onunla rastlaşsın. Ancaq bircə bu gün, burada Cəmiləni görməsin. Elə birinci cərgənin sonuna təzəcə çatmışdı ki, arxa tərəfdən eşitdiyi səs mismar kimi beyninə işləyərək bütün bədənini silkələdi:
- Götür qardaş, təzə meyvədi. Neçə kilo deyirsən çəkim. Ucuz verəcəm, götür …
Bu, onun səsi idi - Cəmilənin yalvarış, hıçqırıq və nəvaziş dolu səsi … Bu səs altı il idi ki, onun başındakı uğultularda, bədənindəki ağrılarda yaşayırdı. «Ölmə, qurban olum! Eşidirsən, ölmə! Öl-mə… öl-mə…»

Ağrıları tutanda bu səsdəki nəvazişə, yalvarışa ehtiyac duymuşdu. Nə arvadının, nə anasının, nə də bacısının səsində onu sakitləşdirib xilas edəcək o sehri tapa bilmirdi və belə anlarda ona elə gəlirdi ki, ölür. Hər dəfə də bu səs zülmətin və sükutun buz soyuqluğunu əridərək onu geriyə qaytarırdı. Çevrilib baxdı. Səs gələn tərəfdəki piştaxtaların arxasında dayanmış adamların arasında Cəmiləni görmədi. Orada göyərtisatan yaşlı qadından, piştaxtanın arxasında büzüşüb oturmuş üzütüklü cavan oğlandan savayı kimsə yox idi. Onların arasındakı piştaxtanın qabağında isə yaşlı bir kişi dayanıb nə isə alırdı. Kişi zənbilini götürüb aralandı və o, əllərini rəngi getmiş gödəkçəsinin ciblərinə basıb oturmuş qadını gördü. Eldarın başında nə isə tərpəndi və ağrı dolu bir uğultuyla qaranlıq tunellərin dərinliyinə doğru şütüyərək yox oldu. O, gözlərini qadının üzünə zilləyərək donub qalmışdı. Solğun çöhrəsindən ümidçizlik, çarəsizlik və yorğunluq tökülən, gözləri yol çəkə-çəkə xəyala getmiş bu ağsaçlı qadının Cəmilə olduğuna inanmaq istəmirdi.

Cəmilə də sanki üzərindəki baxışları hiss etdi və başını qaldırıb onu gördü. Bir anlıq üzü işıqlandı, rəngi dəyişdi və dönüb əvvəlki Cəmilə oldu. O, ürəklənib yaxınlaşmaq istəyirdi ki, Cəmilə narahat-narahat yerində qurcuxdu və başını aşağı salıb, üzünü yana çevirdi. Soyuqdan büzüşmüş bədəni bir az da kiçildi, balacalaşdı. Eldar nə etdiyini, hara tələsdiyini özü də bilmirdi. Bircə onu bilirdi ki, mümkün qədər buradan tez qaçmaq, uzaqlaşmaq istəyir. Yenə də metronun girişində dayanmışdı. Uzaqdan bir uğultu yaxınlaşmaqda idi. O, bu uğultunun başındanmı, metro tunelindənmi gəldiyini ayırd edə bilmirdi. Getdikcə bədəninə yarı həyəcan, yarı qorxu qarışıq qəribə bir hiss hakim kəsilirdi. Bu hissləri o, ancaq döyüşdən əvvəl keçirmişdi. Bu elə bir duyğu idi ki, onu 1-2 dəfə dadmış adam onun əsirinə çevrilir və ölüm təhlükəsi ilə üz-üzə gəlib onu dəf etmək ehtirası bir adətə, vərdişə çevrilirdi. Çoxdan həsrətində olduğu bu hiss indi onu aşağıya - metroya doğru itələyirdi.…

Vaqondakı boş yerlərdən birində əyləşib gözlərini yumdu. Qatar qaranlıq tunelin dərinliklərinə doğru şütüdü… Metronun çıxışındakı bazarda camaat özündən getmiş ağsaçlı cavan qadının başına toplaşmışdı. Onun başını dizinin üstə almış göysatan qadın:
- Ay balam, bu bədbəxtə yenə nə oldu durduğu yerdə?.. - deyə-deyə üzünə su səpərək onu ayıltmağa çalışırdı.



Teqlər:





Xəbər lenti