Mehriban Əliyevanın Rusiyaya səfəri qeyri-neft sektoruna yeni imkanlar açır - TƏHLİL
"Gəncə Avtomobil Zavod"u ilə “Ural Avtomobil Zavod”u arasında 7,8 milyon dollar məbləğində “Ural” yük avtomobilin tədarükünə dair çərçivə Sazişi ölkəmizdə maşınqayırma sənayesi üçün böyük töhfə verəcək.
Və yaxud da, Azərbaycanın “Nabucco” şirkəti ilə Rusiyanın “Neopark” MMC arasında Azərbaycanda mexanik və robot təchizatlı parkinqlərin salınması üçün müvafiq avadanlığın tədarükü barədə razılaşma, eləcə də, “Azproduct” MMC ilə “Velrıbprom” MMC arasında imzalanan Saziş çərçivəsində 2,34 milyon dollar məbləğində 3 min ton dondurulmuş balığın Rusiyaya ixracı geniş perespektivlər açır.
Ümumiyyətlə, ölkəmizin ikinci şəxsinin Rusiyaya rəsmi səfəri iqtisadiyyatımızın məhz qeyri-neft sektorunun inkişafı baxımından böyük perspektivlər açır. Hazırda Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı sarıdan bir nömrəli bazardır. Bu, həm adı çəkilən ölkə ilə münasibətlərimizin real vəziyyətindən irəli gəlir, həm də Rusiyanın çox böyük bazar olması ilə əlaqədardır.
Yəni, Azərbaycanda qeyri-neft sektorunun inkişafı Rusiyadan müəyyən mənada çox asılı vəziyyətdədir. Bunu açıq şəkildə etiraf etmək gərəkir. Söhbət, ölkəmizin real olaraq ixrac imkanlarından gedir. Bütün iqtisadi aspektlər nöqteyi-nəzərindən qeyri-neft məhsullarımız üçün məhz Rusiya bazarlarına ixrac səmərəli və məqsədəuyğun xarakter daşıyır. Bütün bunların nəticəsidir ki, hər iki ölkə arasında əmtəə dövriyyəsi durmadan artır. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olmuşdusa, cari ilin yanvar-sentyabr ayları ərzində bu rəqəm 26 faizə çatıb.
Bu onu göstərir ki, imkanlar əslində daha böyükdür. Əmtəə dövriyyəsi üzrə mövcud potensial bəlkə də hesablana bilinməyən səviyyədədir. Və hazırda bundan çox cuzi səviyyədə istifadə olunur. Məsələn, bu gün Azərbaycan kənd məhsullarının Rusiya bazarına ixracatı 600 milyon dollara yaxın təşkil edir. Hökumətlərarası komissiya çərçivəsində aparılan qısa təhlil nəticəsində bu rəqəmi azı 2 dəfə artırmaq mümkün olduğu qənaətinə gəlinib.
Bu sıraya sənaye, emal müəssisələrimizin də istehsal mallarını əlavə etmək mümkündür və lazımdır. Lakin bunun üçün qarşılıqlı investisiya əlaqələrini də diqqət mərkəzinə almalıyıq. Düzdür, bu sahədə də real göstəricilər yaxşıdır. Ancaq ortada böyük imkanlar var.
Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollar təşkil edir. Azərbaycandan Rusiya iqtisadiyyatına isə bu rəqəm 1,2 milyard dollara bərabərdir.. Halbuki, neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə yanaşı, qeyri-neft sektorunda, maşınqayırmada, istehsal avadanlığı sahəsində, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxşaxəli müştərək layihələr vasitəsilə investisiyaya dair rəqəmləri ən qısa müddət ərzində 2 dəfəyə qədər artırmaq mümkündür.
Hər iki ölkənin sahibkarları da bu işdə fəal olmalıdırlar. Bunun üçün ortada kifayət qədər əsaslar var. Rusiya sahibkarları üçün Azərbaycan investisiyalar baxımından digər ölkələrdən daha əlverişlidir, o cümlədən, bizim sahibkarlar üçün də Rusiya. Oturub, hər şeyi dövlətlərimizin və hökumətlərimizin təşkil edəcəyini gözləmək də düzgün deyil. Çünki, ən azı ortada yaxın keçmişimizdən bir yaxınlıq var, ortaq əməkdaşlıq ənənələri və sair amillər mövcuddur.
Digər bir məsələ isə turizmlə bağlıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı artıq uzun müddətdir ki, prioritet seçildiyindən, turizm diqqət mərkəzindədir. Bu sahədə çox müasir infrastruktur yaradılıb. Regionda ən müasir turizm infrastrukturu məhz Azərbaycandadır. Lakin qiymətlərdə bir az bahalılıq var. O cümlədən, xidmət işlərində rəqabət qabiliyyətliliyə nail olmaq və sair kimi problemlər mövcuddur. Rusiyadan ən çox turist axını demək olar, həmişə Türkiyə istiqamətində olub. Gürcüstan da bu sahədə bizə rəqib idi. Ancaq real olaraq, biz artıq, nisbətən üstün mövqeyə çıxa bilmişik. Belə ki, son vaxtlar Rusiyadan ölkəmizə turist axını çoxalıb. Və bu, getdikcə artmaqdadır. Təsadüfi deyil ki, 2019-cu ilin ilk 9 ayında ən çox turist məhz Rusiyadan gəlib. Odur ki, bu sahədə daha böyük nəticələrə nail olmaq mümkündür.
Bunun üçünsə ilk növbədə Türkiyə ilə rəqabətdə üstün mövqelərə nail olmaq lazımdır. Qiymət siyasətinə ciddi diqqət yetirmək gərəkdir. Turizm sektorunda mövcud xidmət səviyyəsi daha yüksək keyfiyyətə çatdırılmalıdır. Üstəlik, Rusiya vətəndaşları üçün, yəni istirahətə, müalicə məqsədilə gələnlər üçün əlavə stimullaşdırıcı paketlər təqdim etmək olar. Təkcə bu yolla, sözügedən ölkədən ildə 2 milyona yaxın insanın gəlişinə nail olmaq mümkündür.
Sözün qısası, Rusiya Azərbaycan üçün təkcə, kənd təsərrüfatı malları bazarı deyil və olmamalıdır da. Bayaq qeyd etdim ki, Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri bütün digər sahələrdən ən çox iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı üçün töhfələr bəxş etdi.
Birinci vitse-prezidentimiz Rusiya KİV-inə müsahibəsində də, ölkələrimiz arasında münasibətlərin çoxvektorluluğundan danışarkən, məhz iqtisadi amilləri qabardıb və konkret olaraq, həm də tranzit-nəqliyyat sisteminin imkanlarına toxunub.
Bəli, “SOCAR Polymer” müəssisəsinin, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, “KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, “P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisi kimi işlər ölkəmizin qeyri-neft sektoru üçün böyük töhfədir. Lakin, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi layihələr də Azərbaycanın Rusiya iqtisadiyyatı üçün açdığı imkandır. Hansı ki, sözügedən layihə reallaşdıqdan sonra, (uzunluğu 7 min kilometrdən çoxdur) bu marşrut üzrə yükdaşımaların həcmi getdikcə artmaqdadır.
Ölkələrimiz arasında qarşılıqlı iqtisadi maraqların təmini üçün sərhəd-keçid məntəqələrində, gömrük və vergi sahəsində müasir texnologiyaların tədbiqi, ümumiyyətlə bütün bu sahələrdə mövcud prosedurların maksimal səviyyədə sadələşdirilməsi, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ardıcıl və fasiləsi xarakter daşımalıdır ki, Rusiya ilə əlaqələrdən qeyri-neft sahəmizin neft-qazı üstələməsi məqsədilə maksimum istifadə oluna bilsin.
Pərviz Heydərov
Azvision.az üçün
Teqlər: