Mürəkkəb oyunların fiquru: Atambayev nələr etmişdi və harada “yandı” – TƏHLİL

  14 Avqust 2019    Oxunub : 17704
 Mürəkkəb oyunların fiquru: Atambayev nələr etmişdi və harada “yandı” – TƏHLİL
Qırğızıstan Çin və Əfqanıstanla həmsərhəd, ərazisində iki supergücün - Amerikanın və Rusiyanın hərbi bazalarının (Manas və Kant) yerləşdiyi kiçik, yoxsul, amma geostrateji əhəmiyyəti böyük olan ölkədir. Buna görə də, oradakı hadisələr təsadüfi sayıla bilməz.
Ölkənin dördüncü prezidenti Atambayevin həbsi ərəfəsində orada Avrasiya İqtisadi Birliyinin yubiley sammiti keçirilməli idi. Üstəlik, Atambayev həbsindən bir müddət öncə Kremldə Putinlə görüşmüşdü. O, 2014-cü ildə ABŞ-ın Manas hərbi bazasını bağlatdırmış və bunu onunla əsaslandırmışdı ki, mülki aeroportda hərbi bazanın yerləşməsi doğru deyil. Bununla belə, Kant hərbi bazasının avtomatik istifadə müddəti onun dövründə uzadılmışdı. Lakin Atambayev vurğulamışdı ki, Rusiya ilə Qırğızıstanın münasibətləri bir hərbi baza vasitəsilə yox, dərin və çoxşaxəli iqtisadi inteqrasiya ilə müəyyən olunur. "Biz artıq bu hərbi oyunlarda iştirak etmək istəmirik",- demişdi Atambayev.

Son 20 ildə postsovet məkanında etnik və geosiyasi qarşıdurmanın əsas mərkəzlərindən biri olan Qırğızıstan ABŞ, Rusiya və Çinlə münasibətlərində balansı son dərəcə dəqiq gözləməli idi. Əks halda, indi olduğu kimi xarici güclərin qarşıdurması və klanlararası taxt-tac mübarizəsi kövrək sabitliyi asanlıqla məhv edə bilər. Tyan-şan, Altay və Pamir dağları arasında sıxılıb qalmış, dənizə çıxışı olmayan, üstəlik, demoqrafik, iqtisadi cəhətdən özündən daha güclü qonşuları Qazaxıstan və Özbəkistan tərəfindən yeri gəldikcə təzyiqlə üzləşən Qırğızıstan müstəqillik əldə etdiyi dövrdən bəri iki dəfə inqilab dalğası yaşamış ölkə olaraq, növbəti inqilab ərəfəsindəki kimi görünür.

1933-cü ildə basmaçilər üsyanından sonra qırğızlar müstəqillik dövründə iki dəfə inqilab etməklə onları müti, itaətkar hesab edənləri xeyli təəccübləndirdilər. Lakin bu inqilablar doğrudanmı qırğızların öz ağlının və iradəsinin məhsulu idi?!

Ailə-klan münasibətlərinin dərin kök saldığı, fərdin azadlığı anlayışının mənsub olduğun klandan ayrı təsəvvür belə edilmədiyi cəmiyyətdə Qərb demokratiya ənənələrinin kök atıb cücərməsinə heç bir ümid işığı, əlverişli zəmin yoxdur. Demokratiya Qırğızıstan üçün sadəcə, böyük geosiyasi oyunların həyata keçirilməsi, Qərbin müdaxilə edib, Rusiyanı oradan sıxışdırıb çıxarması üçün bir bəhanədir. Əfqanıstanda cəmləşmiş İŞİD nəinki Qırğızıstanın, bütün Orta Asiyanın, eləcə də Rusiyanın başı üzərində Damokl qılıncı kimi dayanıb, əmr gözləyir. MDB müşahidə missiyasının rəyinə görə demokratik yolla seçilmiş, sosial-demokrat, rusiyapərəst, onun həbsindən şəxsən Sergey Narışkinin narahatlıq keçirdiyini bəyan etdiyi Almazbek Atambayev Avrasiya İqtisadi Birliyinin sammiti ərəfəsində qalmaqallı şəkildə həbs edilirsə, orada atılan güllələr Kremlə atılmış deməkdir.



Rusiya Qırğızıstanla münasibətini ilk növbədə sosial-iqtisadi asılılıq üzərində qurub. Hər il 300 min qırğız Rusiya əmək bazarında iş tapır ki, bu da ilk növbədə Rusiyanın Bişkekə tətbiq etdiyi sadələşdirilmiş viza proseduru ilə bağlıdır. Rusiya Qırğızıstanda ABŞ-dan daha çox, Çinlə geosiyasi nüfuz uğrunda savaşır, çünki bu, onun isti dənizlərə çıxışının, çar və SSRİ dövründə də həyata keçirilmiş, Putinin dirçəltdiyi Avrasiyaçılıq, isti dənizlərə çıxma və dünya gücü olmaq ambisiyalarının bir hissəsidir. Çin isə Mərkəzi Asiyanın nəhəng enerji resurslarına və digər təbii ehtiyatlarına çıxış, eləcə də bu ərazilərdən öz mallarını daşımaq üçün tranzit məqsədilə istifadə etməyə çalışır. Deməli, ABŞ Qırğızıstanda nüfuz dairəsi əldə etməklə, Çinin resurslara və dünya bazarına kommunikasiya çıxışlarına əngəl olmaq istəyir. Böyük İpək Yolu, "Bir qurşaq, bir yol"dan sonra Çin ehtiyat marşrutlar axtarışındadır və onun qarşısını həm ABŞ, həm Rusiya Qırğızıstanda almağa çalışır.

Qırğızıstanla 980 km. sərhədi olan Çini narahat edən həm də Türkiyə amili və İslam təhlükəsidir. Çinin başağrısına çevrilmiş Sinsizyan-uyğur vilayəti türkçülük və islam həmrəyliyi adı altında separatizm təhdidi Çini narahat etməyə bilməz. Üstəlik, Qırğızıstan son illərdə türkdilli dövlətlərin toplaşdığı mərkəzə çevrilib. Avrasiyaçılıq, türkçülük, islam həmrəyliyi və s. Çini qorxudan məsələlərdir.

Azərbaycan bu məsələdə orta, barışdırıcı mövqe tutur və Çinin də maraqlarının nəzərə alınması tərəfdarı kimi çıxış edir. Çünki biz Avrasiyanı birləşdirən nəhəng layihələrin iştirakçısı, türkdilli, müsəlman ölkəsiyik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdəki toplantısında ötən il Azərbaycan prezidenti İlham ƏliyevBakı-Tbilis-Qars” dəmiryolu layihəsinə Türkiyə, Azərbaycanla yanaşı, digər ölkələrin də qoşulması təklifini irəli sürmüşdü. Türkdilli dövlətlərin regional təhlükəsizlik məsələlərinə diqqət çəkən dövlət başçısı İlham Əliyev bu məsələdə tərəfdaşlığın vacibliyini vurğulamışdı. Hazırda dünyada əsas problemlərdən biri təhlükəsizlik məsələləridir. Burada bölgə ölkələri öz aralarında əməkdaşlıq edərək qlobal, regional təhdidlərə qarşı sağlam mövqe nümayiş etdirməlidirlər. Perspektivdə siyasi, təhlükəsilik, humanitar, iqtisadi sahədə əməkdaşlıqların gücləndirilməsi istiqamətində gələcək görüşlərin keçirilməsi və bu birliyin dünya sisteminə təsirinin daha da artırılmasına çalışılacaq. Bu təşkilatın güclənməsi, inkişafı gələcəkdə türkdilli dövlətlərin dünya siyasətində, beynəlxalq sistemlərdə həmrəy çıxış etməsinə və güclü söz sahibi olmalarına gətirib çıxaracaq.



Bununla belə, regionda geosiyasi mübarizə səngimək bilmir, əksinə, getdikcə alovlanır. Çin hər halda 1933-cü il basmaçı üsyanını unutmayıb. Lakin Qırğızıstanda proseslərə ən çox təsir gücü olan dövlət Rusiya olaraq qalır. Böyük ehtimalla, Atambayevin həbsinə Rusiya imkan verib. Çünki bəzi məsələlər hakimiyyətdə olduğu zamanlarda onun heç də təkcə Rusiyanın deyil, ABŞ-ın da marağın nəzərə aldığını göstərir.

Atambayevlə Ərdoğanın münasibəti çox pisdir. Hətta Türkiyə mediası AK Parti təmsilçilərindən misal gətirərək, Atambayevin həbsini FETÖ-nun təşkil etdiyi 17-25 dekabr həbsləri və 15 iyul çevriliş cəhdi ilə müqayisə edirlər. Türkiyə ilə ABŞ-ın əsas mübahisə mövzularından biri FETÖ vasitəsilə Orta Asiyadan, xüsusilə Qırğızıstandan ABŞ-a ötürülməli olan 53 milyard dollar pulun lazımi yerə çatmasına Türkiyənin mane olması idi. Məhz bu səbəbdən də Türkiyənin bütün çağırışlarına baxmayaraq, Orta Asiya respublikalarının bəziləri, cümlədən Qırğızıstan FETÖ məktəblərini bağlamaq istəmədi. Çünki burada birbaşa ABŞ-ın göstərişi var idi. FETÖ ABŞ-ın Orta Asiyada maraqlarının həyata keçirilməsi vasitələrindən biri idi. Rusiya vaxtilə bunu bildi və qarşısını aldı. Çünki Orta Asiya Çin, Rusiya, İran kimi ABŞ üçün əhəmiyyətli rəqiblərin yaxınlığında yerləşən Qırğızıstanın Türkiyə ilə münasibətlərin kəskinləşməsi bahasına da olsa, FETÖ məktəblərini saxlaması onların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin örtük təşkilatları olması ilə bağlıdır. Qırğızıstan Türkiyənin FETÖ məktəblərini bağlamaq xahişini məhz Atambayevin dövründə rədd etdi. Həmin vaxtlar Ərdoğan bundan narazı qalmış, XİN başçısı Çavuşoğlu FETÖ-nun Qırğızıstanda çevriliş edə biləcəyi haqda xəbərdarlıq etmişdi. Buna görə Türkiyə Atambayevin həbsini FETÖ ilə əlaqələndirməyə çalışır.

ABŞ hazırda FETÖ vasitəsilə Orta Asiyadan gələn və Mərkəzi Kəşfiyyat İdarəsinə, Pentaqona catacaq pulların Türkiyədə anti-FETÖ əməliyyatları zamanı müsadirə olunmasına görə çox narahat idi. Əslində FETÖ-nun maliyyə mənbələrinin kökünün kəsilməsi, onunla əlaqədə olan şirkətlərin çökdürülməsi ABŞ-a gedən çirkli pulların qarşısının alınması əməliyyatı idi. Atambayev bu məsələdə Türkiyəyə qarşı mövqe tutaraq, ABŞ-ın yanında yer almışdı. Türkiyə Rusiya təyyarəsini vuranda Ankaranın üzr istəməsini tələb edən Atambayev ziddiyyətli oyunlarda iştirak edib və onun bugünkü həbsi də bunun nəticəsidir. Buna görə də sifarişin, yaxud həbsə razılığın hansı dövlət tərəfindən gəldiyini söyləmək çətindir. Lakin bir şey dəqiqdir ki, Qırğızıstan böyük güclərin qarşıdurmasının mərkəzinə çevrilir və bu, həm də demokratiya deyil, Asiya taxt-tacı uğrunda mübarizədir.

Nəzakət Məmmədova
Azvision.az üçün

Teqlər: Qırğızıstan   Atambayev