Bakı Aşqabad üçün Avropaya qapıdır – TƏHLİL

  24 Noyabr 2018    Oxunub : 21391
 Bakı Aşqabad üçün Avropaya qapıdır – TƏHLİL
Dövlət başçımızın qonşu Türkmənistana rəsmi səfəri çoxdan arzuolunan idi və hər iki ölkə üçün vacib sayılırdı. Ümumiyyətlə, Azərbaycan-Türkmənistan münasibətlərinin yaxşı səviyyədə olması, daim inkişaf etdirilməsi bir çox ölkələr üçün də vacib xarakter daşıyır. Çünki ortada dünya iqtisadiyyatı, o cümlədən, region ölkələri üçün çox böyük strateji əhəmiyyət daşıyan enerji resursları, tranzit, müxtəlif təyinatlı mal və məhsulların daşınması kimi məsələlər mövcuddur. Bunlar təkcə hər iki ölkəyə aid mövzular deyillər.
Düzdür, iqtisadi cəhətdən ölkələrimiz arasında münasibətlər və əlaqələr onsuz da yaxşı vəziyyətdədir. Səfər zamanı dövlət başçılarının geniş tərkibli görüşündə Prezident Qurbanqulu Berdiməhəmmədov da qeyd etdi ki, bu ilin ilk 9 ayı ərzində əmtəə dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 17% artması sevindirici faktdır. Və əlavə etdi ki, kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyillər var.

Dövlət başçımız isə bildirdi ki, əmtəə dövriyyəsi artsa da, ölkələrimizin potensialını tam əks etdirmir və bu sahədə hələ çox işlər görmək lazımdır. Qarşılıqlı mal mübadiləsi, idxalı-ixrac sahəsində çox böyük imkanlar və potensial mövcuddur. Söhbət kənd təsərrüfatı, sənaye və ümumiyyətlə, qeyri-neft emalı sahələrindən, burada istehsal olunan məhsullardan gedir. Türkmənistan bu sahələrdə Azərbaycan üçün çox əlverişli bazar ola bilər. Əks tərəfin də buna ciddi maraq göstərdiyi aşkar nümayiş etdirilir.

O ki qaldı enerji resurslarına, neft sektoruna aid məsələlərə, Türkmənistan ilə Azərbaycanın bu sahədə böyük təbii ehtiyatlara malik ölkələr olduğu bəllidir. Odur ki, enerji resursları sahəsində əməkdaşlıq iki ölkənin sıx münasibətdə olmasını zəruri edir. Dövlət başçımız İlham Əliyev bu mənada qeyd etdi ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Özü də bu əməkdaşlıq mübadiləni əhatə etmir və yalnız bununla xarakterizə olunmur, oluna da bilməzdi. Söhbət, bazarlara çıxışdan gedir.

Məlumdur ki, Azərbaycan bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı, icraedicisi, həmçinin, sahibi hesab edilir. Bunlar Bakı-Tbilisi-Ceyhan, artıq istismarına başlanmış Cənubi Qafqaz qaz boru kəmərləri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Hansı ki, adı çəkilən tikililərin hər biri regionun bütün ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarındadır. O cümlədən, Türkmənistan üçün də olduqca vacib və əhəmiyyəti infrastrukturlardır. Təkcə elə bu infrastrukturlar Aşqabadın Bakı ilə sıx münasibətdə və əlaqələrdə olmasını vacib edir.

Yəni Azərbaycan-Türkmənistan siyasi və iqtisadi əlaqələrinin yüksək səviyyədə olması və durmadan inkişafı əslində, Bakıdan çox, Aşqabad üçün vacibdir. İlk növbədə o səbəbdən ki, Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanı deməkdir. Və Türkmənistan neftinin real olaraq Bakı-Tbilisi-Ceyhan boru kəməriylə nəql edilməsi əməkdaşlığa nə qədər böyük ehtiyac olduğuna dair sübutdur. O cümlədən, Türkmənistan böyük qaz resurslarına da malik ölkədir. Belə ki, Cənubi Qafqaz qaz boru kəməri də Türkmənistan üçün ölkəmizə olandan daha əhəmiyyətli və cəlbedici xarakter daşıyır. Hər iki ölkə bu tranzit imkanlarından birgə istifadə etmək və Asiya-Avropa, Avropa-Asiya arasında enerji resurslarının daşınmasında eyni siyasət yürütmək perespektivinə malikdirlər ki, bu da onların nüfuzunun gələcəkdə artması üçün yaxşı imkan deməkdir.

Energetika qalsın bir yana... Yuxarıda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin adını çəkdik. Bu dəmir yolu xəttinin tikintisi 10 ilə yaxın vaxt apardı. Çünki bir çox ölkələr onun rentabelliyinə inanmırdılar. Buna görə də onun tikintisinin ağırlığı əsasən, Azərbaycanın üzərinə düşdü. Amma tikinti başa çatdıqdan sonra məlum oldu ki, marşrutun mühüm əhəmiyyəti var. Çünki Azərbaycan hökuməti bu layihə başa çatdırılmamış Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ortaya qoydu. Belə ki, Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi mühüm hadisə oldu. O mənada ki, bu Liman Xəzər dənizinin demək olar, hər mənada ən böyük limanı sayılır və regionda bütün yükdaşımaların, başqa sözlə desəm, “zəncirin” mərkəzi həlqəsini təşkil edir. Yəni, adı çəkilən Liman bütün daşımaların istər-istəməz ortaq nöqtəsi - mərkəzi rolunu oynayır.

Təsadüfi deyil ki, iki ölkə arasında imzalanan sayca 21 sənədin əksər hissəsi də birbaşa və ya dolayısı ilə məhz qeyd olunan sahələrə aiddir, yəni nəqliyyat üzrə əməkdaşlıq məsələlərinə... Bütün bunlar, Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi işinə xidmət edəcək ki, bununla da Böyük Tarixi İpək Yolu hər iki ölkə ərazisindən keçdiyindən, Türkmənistan ilə Azərbaycansız Şərq-Qərb və o cümlədən, əks istiqamətdə yerüstü əlaqələr və daşımaların qeyri mümkün olduğu bir daha sübuta yetirilir.

Bu mənada, iki ölkə arasında imzalanan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair, ölkələrdən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə bizim Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi, o cümlədən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması, həmçinin iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında Sazişlər xüsusən, əhəmiyyət daşıyacaq.

Sözün qısası, yaxın keçmişdə Türkmənistan ilə ölkəmiz arasında “Azəri”, “Çıraq” və “Kəpəz” yataqları ilə bağlı ortaya çıxan məlum mübahisə və narazılıqlara rəğmən, Aşqabada çoxdan əyandır ki, Bakı onun üçün Avropaya açılan qapıdır.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: