Pişiyin samanlıq siyasəti: Kərimlinin həbsi kimə sərf edirdi?

  19 Noyabr 2018    Oxunub : 21410
 Pişiyin samanlıq siyasəti: Kərimlinin həbsi kimə sərf edirdi?
Son vaxtlar AXCP-nin bloger sədri Əli Kərimli reytinq baxımından Real Partiyasının rəhbəri İlqar Məmmədova açıq-aşkar uduzurdu. Bunun isə çox sadə, eyni zamanda, normal məntiqlə yanaşanda absurd sayıla biləcək bir səbəbi vardı: İlqar Məmmədovun həbs edilmiş olması.
Nə intellekt (Onların heç biri intellektual deyillər) , nə natiqlik qabiliyyəti (bu baxımdan Kərimli Məmmədovu üstələyir) , nə sosial baza (real həyatda heç birinin ciddi tabanı yoxdur) , nə də siyasətçi üçün vacib şərt olan xarizmaya görə deyil, məhz “yatıb-çıxdığına” görə Məmmədov Kərimlini üstələyə bilmişdi.

Belə bir vəziyyətdə AXCP-nin baş blogerinin “kiçik, amma qalibiyyətli bir müharibəyə” (Pleve) , yəni bizim şəraitə interpretasiya etsək, tutulub-buraxılmağa əşhədü-ehtiyacı vardı. Çünki həm müxalifətin əsas fiquru olmaq üçün İlqar Məmmədovla reytinq yarışında bu, vacib şərtə çevrilmişdi, həm də getdikcə Əli Kərimliyə niyə dəyib-dolaşan yoxdur” sualı daha tez-tez səslənirdi. Xüsusilə də İlqar Məmmədovun “yatıb-çıxmasının” fonunda bu sual daha kəskin təsir bağışlayırdı.

Dəyib-dolaşan isə ona görə yox idi ki, Kərimli son illərdə özünü çox “ağıllı” aparırdı, icazəsiz heç bir aksiya keçirməmişdi. Durduğu yerdə niyə kiməsə dəyib-dolaşsınlar ki? O, bütün mitinqləri icra orqanları ilə razılaşdırır, aksiyalar qanun çərçivəsində baş tutur, hətta səslənən şüarlar belə, razılaşdırılan mövzulardan kənara çıxmırdı. Öz siyasət biznesini sakitcə yürütmək üçün optimal xətt idi. Amma İlqar Məmmədov azadlığa buraxılandan sonra ona marağın xeyli artması, görünür, Kərimlini taktikanı dəyişməyə vadar etdi.

Burada məsələ təkcə reytinq və nüfuzda deyil, müxalifətə ayrılan qrantların axını da istiqamətini dəyişə bilərdi. Kərimli isə qrantı əldən buraxmamaq üçün bir neçə günlük həbs nədir ki, lap böyrəyinin birindən də rahatca keçməyə hazır olan insandır - illərdir onu müşahidə edən siyasi yazarlar bunu çox gözəl bilirlər.

Beliklə, indiki şəraitdə Kərimlinin “balaca bir həbsi” hamıdan çox məhz elə onun özünə lazım idi. O, "yüngülvari" tutulmaqla eyni anda bir neçə hədəfi vururdu: 1) İlqar Məmmədovla rəqabətdə çatışmayan arqumenti öz təbliğat arsenalına əlavə edir, 2) “Niyə Kərimli həbs olunmur” kimi sualları ortadan qaldırır və 3) Qrant mübarizəsində şanslarını yenidən möhkəmləndirir.

Bəs bu siyasi avantüra riskli deyildimi? Əlbəttə, yox! Kərimli kimi təcrübəli, saçını müxalifətdə ağartmış və hələ qalan tüklərini də ağardacaq bir siyasətçi əla bilirdi ki, hansı pozuntuya görə ona hansı cəzanı verə bilərlər. Buna yəqinlik hasil edəndən sonra, güman ki, neçə vaxtdir hakimiyyətə “yüngülvari” bir itaətsizlik aksiyası üçün fürsət gəzirmiş. Milli Dirçəliş Günü zamanı çoxdan gözlənilən həmin fürsət ələ düşdü.

Açığı, bunu əvvəlcədən planlaşdırmaq elə də çətin deyildi: Aydın idi ki, icazəsiz aksiyaya imkan verilməyəcək, müqaviməti imitasiya edənlər isə saxlanılacaqlar. Yəni pişiyin könlü elə lap əvvəldən samanlıqda idi, sadəcə, təcrübəli pişik bu dəfə özü işi elə qurdu ki, vurub, ora salsınlar.

Bir tərəfdən baxanda, hər şey qanuna uyğun baş verib: İcazəsiz aksiya keçirilib və hüquqi çərçivədə ölçülər götürülüb. Amma digər tərəfdən, baş verən hadisə ancaq və ancaq Kərimlinin özünün xeyrinədir. “Bax gör, bu, kimə sərf edir” prinsipi isə hələ Qədim Romada məlum idi, o vaxtdan bəri də heç nə dəyişməyib.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: Əli-Kərimli