"65 ildə həyatın hər üzünü görmüşəm" - Kazım Abdullayev

"65 ildə həyatın hər üzünü görmüşəm" - Kazım Abdullayev
  06 Aprel 2018    Oxunub:8918
"Əgər telefonuna zəng gəlmədisə, sənətdən getmək lazımdır"

Bu gün Əməkdar artist, teatr və kino aktyoru Kazım Abdullayevin doğum günüdür. 65 yaşı tamam olan tanınmış aktyor doğum günü təssüratlarını AzVision.az-la bölüşüb.
- Doğum gününüzü təbrik edirəm. Adətən bu günü necə qeyd edirsiniz? Kimlərlə birlikdə olursunuz?

-Ad günlərimi ailəmlə, uşaqlarımla birlikdə qeyd edirəm. Yalnız 60 illik yubileyimi teatrın kollektivi ilə birlikdə restoranda qeyd etdimişdik.

- "Yaş kişinin var-dövlətidir" deyirlər. Sizcə yaşdan var -dövlət olar, yoxsa yaş üst- üstə yığılmış illərdir?

-İnsan yaşa dolduqca daha da kamilləşir, dünyaya baxışı dəyişir. Yəqin ona görə deyirlər. Ancaq doğurdan da elədir. İnsan yaşa dolduqca özünü kamil hiss edir, hər şeyə reaksiya vermir. Çünki həyatı görə-görə gəlirlər.

-“65”in kürəyini yerə vurmaq çətin olmadı ki?



-Çətinliklər çox oldu. Bilirsiniz ki, 90-cı illərdə elə bir dövr gəldi ki, sənətdə, işdə durğunluq oldu. Sənət adamları işsiz qaldılar. Həm işimizdə, həm də həyatımızda çox çətin günlər yaşadıq. Həyatın hər üzünü - yaxşısını da, pisini də görmüşəm. Müharibəni də, inqilabı da yaşayıb bura çatmışam. Ən yaxşı dövrümüz, yaradıcılıqla məşğul olacağımız günlər pis vaxtlara düşdü. Sistemin dəyişilməsi, sovetin dağılması bütün proseslər bizə təsir etdi. İndi şükürlər olsun ki, iş var. Teatrda da işim çoxdur. Seriallara çəkilirəm. Dublyajla məşğulam. Hələ ki, yaxşıyam. Özümü heç 65 yaşda hiss etmirəm. Təki can sağlığı olsun, qalan hər şey düzələr.

- Geri qayıdıb həyatınızı kitab kimi vərəqləsəniz, ən çox hansı illərdə dayanıb xatirələrə dalarsınız?



-Demək olar ki, mənim həyatım pis keçməyib. Həmişə işdə-gücdə olan adam olmuşam. Bir qayda olaraq kiməsə lazım olmuşam. Nə qədər ki, sənətimizə, rejissorlarımıza lazımam, deməli, yaşayıram. Vay o gündən ki, sənin telefonuna zəng gəlməsin. Əgər telefonuna zəng gəlmirsə, sənətdən getmək lazımdır. Çox təssüflənirəm ki, yaxşı dövrlərimiz 90-cı illərə düşdü. Kaş ki, o durğunluq olmayaydı. Bəlkə də indiyə qədər daha çox iş görmüş olardıq.

-Hərdən keçmişə, ötən günlərə qayıtmağı arzulayırsınızmı? Ürəyinizdən belə arzular keçirmi?

-Əlbəttə, olur. Amma mümkün olmadığından bunlar arzu olaraq qalır.



-Oynadığınız hansı obrazın sizi təbrik etməsini istəyərdiniz?

- Bütün obrazlar mənə daxilən yaxındır. İstəyərdim ki, Ərtoğrul, Oqtay, Kəlbi Kəhər, İbrahim xan məni təbrik etsin.

-Nəvələriniz varmı?

-Nəvələrim yoxdur. Övladlarım məni qocaltmaq istəmirlər. Deyirlər, onda baba olacaqsan, indi isə atasan. Yuxudan duran kimi məni öpüb, təbrik ediblər. Hədiyyə də alıblar. Axşam isə süfrə açacaqlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti