“Körpü bank” nədir və nə üçün lazımdır? – TƏHLİL

“Körpü bank” nədir və nə üçün lazımdır? – TƏHLİL
  31 Mart 2017    Oxunub:12185
Ölkədə bank sistemini sağlamlaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qanunvericiliyə dəyişikliklər edilir. Bu, ödəmə qabiliyyətini itirmiş və yaxud itirməkdə olan bankların problemlərinin həlli üçün yeni prosedurların tədbiqi məqsədi daşıyır. Dəyişikliklər sırasında diqqəti cəlb edən məsələlərdən biri xüsusən, Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) “körpü banklar” yaratmaq səlahiyyətinin verilməsinin nəzərdə tutulmasıdır.

Bəs, körpü bank nədir? Onlar necə və niyə yaradılacaq?

Məlumdur ki, hazırda iqtisadiyyatımızın ən yaralı yeri məhz bank sektorudur, yəni buradakı mövcud vəziyyətdir. Düzdür, keçən il bank sektorunu sağlamlaşdırılmaq istiqamətində bir sıra addımlar atılmış, nəzarət gücləndirilmiş, şəffaflıqla bağlı tədbirlər görülmüş, cəza və inzibati xarakterli siyasət həyata keçirilmişdi. Məsələn, 11 sayda bank bağlandı. Xatırladım ki, Prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdi ki, iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu. Ancaq indi vəziyyət yaxşıdırmı?! Təəssüf ki, yox...

Bu gün də bağlanmalı olan bir sıra banklar mövcuddur. Hazırda ölkədə 32 bank fəaliyyət göstərir ki, bunlardan 2-si dövlətindir, 15-i isə xarici kapitallı banklardır. Ancaq sual olunur ki, bankı bağlamaq – onun lisenziyasını əlindən almaq asan və ağrısız məsələdirmi?! Sözsüz ki, yox... Birincisi öhdəliklər, ikincisi əhalinin əmanətləri məsələsi, üstəlik xeyli sayda işçinin bayıra atılması çox ciddi məsələlərdir.

Digər tərəfdən, məsələ bundan ibarətdir ki, söhbət əgər, sözügedən sektoru sağlamlaşdırmaq istəyindən gedirsə, bankları bağlamaq əsla, çıxış yolu da deyil. Bəziləri qeyd edirlər ki, sistem əhəmiyyəti olmayan bankları "silmək" lazımdır. Bu, qətiyyən düzgün yanaşma deyildir. Belə ki, sistem özü əgər, xəstə vəziyyətdədirsə, 5-10 bankı bağlamaqla əsla, sağlamlaqlıq əldə etmək mümkün deyil.

Ümumiyyətlə, şərhlərimdə və açıqlamalarımda dəfələrlə qeyd etmişəm ki, bankların sayını bazar özü müəyyən etməlidir, hansısa "dirijor çubuğu" deyil. Bu mənada, qeyri-sağlam bankları dərhal bağlamaq əsla, çıxış yolu deyildir. O cümlədən, məsələn, Beynəlxalq Bankda (ABB) olduğu kimi dövlət hesabına müvafiq bərpa və dəstək siyasəti yürütmək də düzgün sayılmır.

İndi ABB ilə əlaqədar bunu "bağışlamaq" olardı. Çünki bazarın 1/3 hissəsindən çoxu məhz ona məxsus idi. Amma məsələn, əyani göründü ki, “Bank Standart” ilə bağlı buna nail olmaq mümkün olmadı. Halbuki, əhalinin yerləşdirdiyi əmanətlərinin həcminə görə, “Bank Standart” sistemdə 2-ci ən böyün bank sayılırdı.

Bəs, nə etməli?

Bu mənada, "körpü bank" yaradılması ideyası olduqca əhəmiyyətli məsələdir. Əvvəla, sıfır vəziyyətdən yeni bir bank yaratmaq üçün azı 1 ilə yaxın vaxt tələb olunur. Üstəlik, əgər, bu və ya digər bank və yaxud banklar real olaraq iflas həddində və "xəstə" vəziyyətdədirlərsə, bu o demək deyil ki, həmin banka və yaxud banklara iqtisadiyyatda heç vaxt ehtiyac olmayıb və elə indi də yoxdur. Xeyr. Bu, belə deyil.

Bankı sağlam vəziyyətə gətirmək üçün onu investora satmaq olar və ilk növbədə də məhz bu, lazımdır. “Körpü bank” mexanizminin yaradılması da məhz, bu baxımdan əhəmiyyətlidir. Bu, əsla, yeni bank yaradılması demək deyil. Qeyri-sağlam bankın sağlam banka çevrilməsi üçün demək olar ki, bir yoldur - aralıq mərhələsidir.

Belə ki, bütövlükdə bankın özü bağlanmır – onun, necə deyərlər "xəstə hissəsi” kəsilib atılaraq, sağlam aktiv ilə öhdəlikləri yeni quruma transformasiya edilir. Və bunun da bazasında konkret investor, yəni ki, müvafiq bank satın almaq istəyən və yaxud yeni bank yaratmaq istəyən tərəfdaş və yaxud tərəfdaşlar axtarılır.

Yeri gəlmişkən, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı da məsələyə münasibətində izahatında konkret olaraq bildirmişdir ki, tənzimləyicidə potensial bank investorlarının müvafiq siyahısı olur və onlar əslində, real olaraq bank almaq istəyən hansı ödəmə qabiliyyətli qurumlar olduğunu dəqiq bilirlər. “Məsələn, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı var ki, tək Azərbaycanda yox, hətta Gürcüstanda və Rusiyada kimlər bank almaq istəyirlər və biz, belə hal ilə üzləşsək, həmin bankları kimlərə təklif edə bilərik”,- deyə R. Aslanlı əlavə edib. Körpü bankı yaradılması da məhz bu məqsədə xidmət edir.

Odur ki, hesab edirəm, bank sistemində canlanma yaratmaq üçün bu özü günümüzdə ən çox tələb olunan mexanizm və çıxış yollarından biri hesab edilir. Çünki, qısa desək, bu və ya digər vasitəni bağlamaq və yaxud dağıtmat sonadək çox da çətin məsələ olmasa da, yaratmaq çox çətin prosesdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Bank   #KörpüBank   #İqtisadiyyat   #Təhlil  





Xəbər lenti