Rus hakerləri nəyə qadirdir? Mif və reallıq – ARAŞDIRMA

  14 Dekabr 2016    Oxunub : 4703
Rus hakerləri nəyə qadirdir? Mif və reallıq – ARAŞDIRMA
Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi müəyyən edib ki, Rusiya noyabr ayının 8-də baş tutan Prezident seçkilərində Donald Trampın qalib gəlməsi üçün seçkilərə kibermüdaxilə edib.

ABŞ-da seçki marafonunun qızışdığı dövrdə Amerikaya kiberhücumların artması medianın gündəmində idi. Avqust ayında Federal Təhlükəsizlik Bürosu da bununla bağlı xəbərdarlıq etmişdi. Prezident seçkilərinə 2-3 ay qalmış İlinoys ştatında 200 min seçiçinin şəxsi informasiyaları hakerlər tərəfindən oğurlanmışdı. Arizona ştatında isə seçicilərə aid məlumat bazasına hakerlər virus buraxmışdılar. Buna bənzər onlarla hal qeydə alınmışdı. Arizona, İlinoys ştatlarındakı olayları incələyən Federal Təhlükəsiz Bürosu açıqlmasında "Rusiyanın dəstəklədiyi haker qrupları"na diqqət çəkmişdi.

Pentaqon, Dövlət Departamenti, Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) kimi qurumlar Rusiyanı araşdıran beyin mərkəzlərinə edilən hücumların arxasında Moskvanın durduğunu açıq ifadə etmişdilər. Bütün bunlardan aydın olurdu ki, seçki zamanı kiber hücumlar daha intensiv hal alacaqdı. Kiber müdaxilələrin arxasında Rusiyanın durması vitse-prezident Co Bayden tərəfindən də etiraf edilmişdi. Hücumların nəticəsində internet şəbəkəsinin kəsildiyi və eleketron bazada qırılmaların meydana gəldiyi vurğulanır.

"Vaşinqton Post" iddia edir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) noyabrın 8-də ABŞ-da keçirilən seçkilər zamanı Rusiya rəhbərliyi ilə bağlı olan və “WikiLeaks” saytına Hillari Klintonun qərargahının rəhbəri Con Podesta da daxil olmaqla, Demokratlar partiyasının serverlərini qırmaq yolu ilə əldə olunan minlərlə elektron poçtu ötürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib.



ABŞ-ın seçkilərə kiber müdaxilənin olması ilə əlaqədar başlatdığı dərin araşdırmadan sonra Avropada da həyəcan təbili çalındı. Kiber təhlükəsizlik yenidən ən yüksək formada müzakirə mövzusuna çevrildi. Məlum olduğu kimi, Fransada 2017-ci ilin may ayında Prezident seçkilərinin 2-ci turu baş tutacaq. Bununla bağlı Fransanın Beynəlxalq Müdafiə və Təhlükəsizlik Agentliyi siyasi partiyalara ehtiyatlı olmağı tövsiyə edib.

"Le Monde" qəzeti yazır ki, adıçəkilən qrum ABŞ-dakı olayı əsas götürərək, Fransa Parlamentində təmsil olunan siyasi partiya mənsubları ilə görüşlər keçirib və kiber hücumların gözlənildiyinə dair xəbərdarlıq edib. Bu əsnada sağ sektorun tanınmış siması Marin Le Penin seçkilərin ikinci turunda iştirak edəcəyini diqqətdən qaçırmaq olmaz. Təbii ki, ABŞ-ın təcrübəsini və Rusiyanın Marin Le Penni dəstəklədiyini nəzərə alsaq, Fransanın Rusiyadan gələcək kiber təhdiddən narahat olması tamamilə başa düşüləndir.

Unutmaq olmaz ki, 2012-ci ildə NATO-nin Çikaqo zirvə görüşündə kiber təhlükəsizliklə bağlı Alyansa üzv ölkələr arasında koordinasiya çatışmazlığının olduğu bildirilmişdi. Buna görə də 2013-cü ildə NATO-nun 5 üzvü - Danimarka, Hollandiya, Kanada, Norveç və Rumıniya daha sıx əməkdaşlıq qurmaq üçün "Multinational Cyber Defense Capability Development Project" adlı birgə layihəyə başlamışdılar.

Bəs Rusiya əslində Kiber Savaşda nəyə qadirdir və ABŞ-dakı seçkilərə həqiqətən müdaxilə olubmu?

Yada salaq ki, hələ 2006-cı ildə NATO-nun Riqa zirvə görüşündə kiber təhdidlər geniş müzakirə obyekti olmuş və NATO-nun bu sahədə güclü müdafiəyə malik olmadığı üzə çıxmışdı. 2007-ci ildə Rusiya ilə Estoniya arasında ciddi anlamda kiber savaş yaşanmışdı.



ABŞ prezidenti Barak Obama seçkilərə edilən müdaxilənin arxasında Rusiyanın ola biləcəyi iddia ilə əlaqədar 2017-ci ilin 20 yanvarına, yəni səlahiyyət müddəti bitənə kimi bütün lazımi araşdırılmaların aparılmasını və çox ciddi raport hazırlanmasını tapşırıb. Həmin raportun üzərində Birləşmiş Ştatların 17 xüsusi xidmət orqanı işləyir. Rusiyanın seçkilərə kiber müdaxilə etməsi ilə bağlı ilkin dosyeni CİA artıq senatorlara təqdim edib. Bəzi KİV-lərin iddiasına görə, Rusiya hakerləri respublikaçılara məxsus bazaya da müdaxilə ediblər. Lakin maraqlıdır ki, oradakı bilgilərdən öz məqsədləri üçün faydalanmayıblar.

Məsələnin müzakirəsi o dərəcədə qızışıb ki, bəzi demokratlar, o cümlədən, CİA-nın keçmiş rəhbəri Maykl Morell bu hadisəni 11 sentyabr terror aktına bənzədib.

Konkret olaraq Moskvanın kiber gücünə gəlincə, demək lazımdır ki, Rusiya bu sahədə yetərincə strukturlaşmış dövlətdir və istənilən ölkənin elektron sistemini sıradan çıxarmağa qadirdir. 2007-ci ildə Estoniyanın elektron hökumət bazasının darmadağın edilməsi bunun sübutu idi. Rusiyanın kiber ordusu Estoniyanın elektron bank sistemini, hökumətini və mediasını çökdürməyi bacarmışdı. 2008-ci ildə baş vermiş Rus-Gürcü müharibəsində ikinci dəfə bunun şahidi olmuşduq. O vaxt Gürcüstan prezidenti Mixeil Saakaşvillinin president.gov.ge saytı da daxil olmaqla, “.ge” domenindəki əksər saytlar dağıdılmışdı.

Rusiyanın gücünü göstərən başqa bir nümunə 2014-cü ildə Ukrayna ilə münasibətlər gərginləşəndə həmin ölkəyə məxsus saytların sıradan çıxarılmasıdır. 2015-ci ildə Türkiyə-Rusiya münasibətlərinin korlandığı ərəfədə müxtəlif səviyyələrdə lokal kiber hücumlar başladıldı və vətəndaşlara aid kifayət qədər böyük həcmdə şəxsi bilgilər oğurlandı, müxtəlif türk saytları sıradan çıxarıldı.

2015-ci ildə isə rus hakerləri Pentaqona məxsus e-poçt sisteminə daxil olmağı bacarmış, 4 min nəfər hərbi personal və vətəndaşların şəxsi bilgilərini ələ keçirmişdilər, hətta sistem düz 2 həftə offlayn rejimində işləmişdi.

Bütün bunları nəzərə alaraq, demək olar ki, Rusiyanın ABŞ-dakı elektron seçki sisteminə müdaxiləsi haqda deyilənlər o qədər də əsassız görünmür. Sözsüz ki, belə böyük iddianı sübut etmək üçün ABŞ-ın xüsusi xidmət orqanları tutarlı, ciddi sübutlar toplamalıdırlar. Ancaq məlumdur ki, kiber müdaxiləni dəlillərlə sübut etmək o qədər də asan iş deyil. Çünki hücum edən tərəf adətan bunu öz ərazisindən deyil, ikinci, hətta üçüncü ölkə üzərindən həyata keçirir. Beləcə, əsl kiber hücumu reallaşdıran tərəf özünü ustalıqla kamuflyaj edir.

Fərrux Həsənov
AzVision.az

Teqlər: