Bayden: ABŞ İsrailə bütün İran PUA və raketlərini vurmağa kömək etdi

      Bayden:    ABŞ İsrailə bütün İran PUA  və raketlərini vurmağa kömək etdi
  14 Aprel 2024    Oxunub:757
ABŞ prezidenti Co Bayden İranın İsrailə hücumunu qətiyyətlə pisləyib. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri ABŞ hərbçilərinin dəstəyi ilə daxil olan, demək olar ki, bütün pilotsuz təyyarələri və raketləri vurmağa nail olub.
“Mənim göstərişimlə İsrailin müdafiəsini dəstəkləmək üçün ABŞ qüvvələri son bir həftə ərzində bölgəyə raketdən müdafiə təyyarələri və esmineslərini yerləşdirib.

Bu yerləşdirmələr və qoşunlarımızın fövqəladə bacarığı sayəsində biz İsrailə daxil olan demək olar ki, bütün dronları və raketləri vurmağa kömək etdik”, - Bayden Ağ Evin saytına verdiyi açıqlamada bildirib.

ABŞ prezidentinin sözlərinə görə, raketlər və pilotsuz təyyarələr İran, İraq, Yəmən və Suriya ərazilərindən buraxılıb. Hücum zamanı ABŞ-nin Yaxın Şərqdəki heç bir qüvvəsinə və ya obyektinə ziyan dəyməyib.

Ağ Ev rəhbəri bildirib ki, G7 liderlərini İranın həyasız hücumuna birgə diplomatik cavabı koordinasiya etmək üçün çağıracaq.

Xatırladaq ki, İran aprelin 1-də Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq dünən axşam saatlarında İsrailə qarşı onlarla raket və pilotsuz uçan aparat atıb.

İsrailin məlumatına görə, ümumilikdə 200-ə yaxın mərmi atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran pilotsuz təyyarələri və raketləri İsrail ərazisindəki hədəfləri vurub.

KİV-in məlumatına görə, İsrail hüdudlarından kənarda ABŞ, Böyük Britaniya və İordaniya İranın onlarla raket və PUA-sını vurub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti