"Hər suya girdikcə ayaqlarım yanırdı" - Rusiyada uşaqları xilas edən Rza + Video

 "Hər suya girdikcə ayaqlarım yanırdı" -  Rusiyada uşaqları xilas edən Rza + Video
  26 Yanvar 2024    Oxunub:1605
Novosibirskdə yaşayan azərbaycanlı Rza Rzayev ötən həftə şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində istilik magistralında baş verən partlayış zamanı 20-si məktəbli olmaqla 30-a yaxın insanın həyatını xilas etməsi ilə yaddaşlarda qaldı.
Hadisə şahidlərinin sözlərinə görə, istilik sistemində baş verən qəzadan sonra qaynar su 6-7-ci mərtəbəyə qədər çıxıb. Ən yaxın küçə isti su altında qalıb və 14 nəfər yaralanıb. Belə bir məqamda Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından ehtiyatla keçib, sonra isə taxtalardan körpü düzəldərək insanların oradan çıxmasına kömək edib. Novosibirskdən olan fəallar həmyerlimizin bu yaxşılığını unutmayıblar, hətta ona təşəkkür əlaməti olaraq doğum günündə kart hesabına 71 min 524 rubl pul da köçürüblər.

AzVision.az Novosibirskdə hər kəsin “Xalq qəhrəmanı” adlandırdığı Rza Rzayevlə söhbətləşib. Həmyerlimiz 1979-cu ildə Göyçay rayonunun Çərəcə kəndində anadan olub. Ailəlidir və iki qız övladı var. 2010-cu ildə işləmək üçün Novosibirskə köçüb.

- Ailəm də mənimlə birgə burada yaşayırdı. 8 aydır ki, onlar Azərbaycana qayıdıblar. Qızlarım burada bağçaya, məktəbə gediblər. İndi isə Azərbaycanda rus sektorunda oxuyurlar. Həyat yoldaşım müəllimədir. Novosibirskdə fəhlə kimi işləyirəm. Hadisənin baş verdiyi yer bizim evdən çox da uzaqda deyil. Partlayış nəticəsində qaynar su 6-7-ci mərtəbədən də yüksəyə qalxırdı. Bu Novosbirskdə ikinci hadisə idi. Suyun təzyiqi elə güclü idi ki, “Land Cruiser” maşınlarını qaldırıb çevirirdi. Suyun hərarəti 100 dərəcə olardı. 14 nəfər yanıq xəsarəti ilə xəstəxanaya aparıldı.



- Oradan təsadüfən keçirdiniz?
- İşdən gəlirdim, polislər yolları kəsmişdi, həmin əraziyə heç kimi buraxmırdılar. Göz-gözü görmürdü. Telefonun işığını yandırdım. Yaxınlıqdakılardan nə baş verdiyini soruşdum. Bu dəm ikinci partlayış oldu. Gözlərimə inanmadım.

Partlayış yerinin yaxınlığında məktəb yerləşir. Həmin məktəbdə mənim qızlarım da oxuyublar. Uşaqlar qorxub qışqırırdılar ki, “kömək edin, Allah xatirinə”. Ruslar var idi ki, baxıb keçirdilər, qorxurdular, girmirdilər. O yol kanala çevrilmişdi. Adam baxanda belə vahimələnirdi. İsti su o qədər sürətlə fontan vururdu ki.

Mən taxtaları yola düzüb körpü düzəltmək istədim. Birinci cəhdimdə alınmadı. Su taxtanı vurub apardı. Böyürdə balaca bazar var. Oradan yenə taxta gətirib keçid düzəltdim və birinci uşağı götürüb keçdim. İkincini xilas etmək üçün addımlayanda ayağımın suda yandığını hiss etdim. Həyatımı riskə atıb edirdim. Çünki gözümün qabağına balalarım gəldi. Uşaq sevən adamam. Havada 30 dərəcə şaxta var idi. Çıxdım qırağa ki, ayağım soysun, yenidən suya girim... Növbəti məktəblini qucağıma götürdüm, anasına dedim ki, qorxmayın indi hamını xilas edəcəyəm.

Beləliklə düzəltdiyim körpüfason taxtalar vasitəsi ilə 20- dən çox uşağı xilas etdim. Həmin an sanki Allah mənə güc verdi. Çox təhlükli idi. Ayağım bir az büdrəsəydi, suya düşüb yanacaqdım.

Həmin vaxt heç özümün də xəbərim olmadan jurnalistlər şəkillərimi çəkiblər. Saat yarımdan çox mən orada oldum. Ümumilikdə isə 30-dan çox insanı xilas etdim. Deyirdim, ay Allah, sən mənə özün güc ver, bu uşaqlara heç nə olmasın. Məndən nə üçün belə fədakarlıq etdiyimi soruşurdular. Cavabımda ”çujix detey ne bıvaet”(Yad uşaq olmur) deyirdim. Hadisə yadıma düşəndə indi də ürpənirəm.



- Özünüz xəsarət aldınızmı?
- Ayağım bir az yandı. İnsanlara kömək edəndən sonra evə gəldim. Soyuqdan titrəyirdim, suyun içindəydim. Şalvarım əynimdə donmuşdu. Dostum Nicat gəlib məni evinə apardı. Orada geyimlərimi qurutduq və səhəri günü işə getim. Allah elə etdi ki, heç xəstələnmədim də.

Axşam isə Jenya adlı tanış rus zəng edib dedi ki, xilas etdiyim anın fotoları bütün internetdə yayılıb və saytlar məni axtarır. Xahiş edirlər ki, mənimlə kiminsə əlaqəsi varsa, nömrəmi versinlər. Beləliklə, mənimlə danışmaq istəyənlərlə əlaqə saxladım. Yanvarın 17-dən bu günə kimi zənglər gəlir. Hətta Litvadan da zəg edib müsahibə alırlar.

- Övladlarınız belə qəhrəmanlıq etdiyinizdən xəbərdardılarmı?
- Qızlarım deyir, ata sən qəhrəmansan.



- Hesabınıza köçürülən pulu nə etdiniz?
- Bu məsələyə aydınlıq gətirmək istəyirəm. Azərbaycanda yazırlar ki, Rza həmin pulla vətənə gəlib ailəsini görəcək vəs. Elə deyil.

Jurnalist Anna Skok yanvarın 19-u mənim doğum günündə zəng edib dedi: “Rza ad gününüzə hədiyyə etmək istəyirik. İki saat ərzində 71 min 524 rubl pul yığılıb, onu kartınıza köçürəcəyik". Mən təşəkkür etdim. Hesabıma göndərilən həmin pulu Novosbirskdə əlil uşaqlar üçün olan bağçanın hesabına yolladım. Əlimdə çekim də var. Mən o uşaqları pula görə xilas etməmişəm. Biz belə tərbiyyə almamışıq. Millətindən aslı olmayaraq kömək etməliyik.








Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti