Rusiya Ermənistana 50 min tondan çox pulsuz silah verib - Sarkisyan etiraf etdi

Rusiya Ermənistana 50 min tondan çox pulsuz silah verib -  Sarkisyan etiraf etdi
  19 Avqust 2020    Oxunub:4816
Rusiya 2010-2018-ci illərdə Ermənistana 50 min tondan çox pulsuz hərbi-texniki yardım göstərib.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın Moskvanın 2016-cı ilin aprelindəki dördgünlük müharibədə rolu barədə açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, 2016-cı ildə müxalif deputat olan Nikol Paşinyan dördgünlük müharibə barədə Rusiyanın bildiyini və döyüşlərin Moskvanın razılığı ilə başladığını iddia edib.

Onun sözlərinə görə, bu, İrəvanı Bakıya ərazi güzəştlərinə getməyə məcbur etmək və bununla da Azərbaycanı Avrasiya İqtisadi İttifaqına cəlb etmək məqsədilə edilib.

2020-ci ilin yanvarında isə Paşinyan dörd il əvvəl verdiyi açıqlamanı şərh edib. O deyib ki, Rusiya rəhbərliyi ilə Ermənistanı narahat edən problemləri müzakirə edib. Paşinyan bütün maraqlı suallara cavab aldıqlarını əlavə edib.

Sarkisyan isə düşünür ki, siyasi baxımdan, belə bəyanatlar bilgisizlikdən irəli gəlir.

"İnsanlar müttəfiqlər haqqında təsdiqlənməmiş, doğru olmayan fikirlər yaydıqda bunun çox dərin nəticələri olur. Rusiya bizim strateji müttəfiqimizdir. Belə bir ifadə - müttəfiqinizi müharibəyə təhrik etməkdə günahlandırmaq xəyanətdir. Buna icazə vermək olmaz. Bu, Rusiyanın müttəfiq olaraq çox böyük yardım göstərdiyi zaman xüsusilə yolverilməzdir”.

Sarkisyan xatırladıb ki, 2010-cu ildə ovaxtkı Rusiya Prezidenti Dmitri Medvedevin dövlət səfəri zamanı əlavə protokol imzalanıb, buna əsasən Ermənistandakı Rusiya hərbi bazası əlavə öhdəliklər götürüb.

Onun sözlərinə görə, buna qədər 102-ci baza MDB-nin xarici sərhədlərinə cavabdeh idi. 2010-cu ildən bəri isə Ermənistanın bütün sərhədi üçün məsuliyyəti öz üzərinə götürüb. Üstəlik, Ermənistan silahlı qüvvələrinin arsenalının yeniləməsinə kömək etmək məsuliyyəti də bura daxildir.

Sarkisyan, həmçinin deyib ki, 2018-ci ilə qədər Rusiyadan 50 min tondan çox hərbi yardım alıblar: "Hərbi-texniki yardım dedikdə, bu pul ödəməməyiniz deməkdir".

Keçmiş dövlət başçısı "İskəndər", "Toçka-U", 200 milyon və əlavə 100 milyon kredit çərçivəsində alınan silahların bura daxil olmadığını əlavə edib.

“Belə bir şəraitdə Rusiyanın aprel döyüşlərinə təhrik etməsi və bu barədə bildiyini demək düşünürəm ki, səhvin nəticəsi idi. Belə bəyanatlar vermək olmaz”.

Sarkisyan xatırladıb ki, Ermənistandan başqa digər ölkələrdə, hətta Belarusda "İskəndər" yoxdur: "Bu, müttəfiq münasibətlərin göstəricisidir, ya yox?".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Sarkisyan  





Xəbər lenti