Malidə qiyamçılar sərhədləri bağladı, Milli Komitə yaradıldı

 Malidə qiyamçılar sərhədləri bağladı, Milli Komitə yaradıldı
  19 Avqust 2020    Oxunub:1698
Malidə qiyam qaldıran hərbçilər xalqıın xilası üçün Milli Komitə yaratdıqlarını elan ediblər.
Azvision.az xəbər verir ki, bu barədə üsyançıların nümayəndəsi İsmayıl Vaq ORTM1 kanalının efirində deyib.

"Biz xalqın xilası üçün Milli Komitə olaraq, xalq və tarix qarşısında məsuliyyəti üzərimizə götürüb, dövlətimizin varlığını təmin etmək qərarına gəldik".

Qiyamın təşəbbüsçüləri seçkilərə aparan siyasi dəyişikliyə çağırıblar və bütün beynəlxalq razılaşmalara əməl edəcəklərini vəd ediblər.

Bundan əvvəl, Mali Prezidenti İbrahim Bubakar Keyta istefa verdiyini və parlamenti buraxdığını açıqlayıb. Bu, onun qiyamçılar tərəfindən tutulmasından bir neçə saat sonra baş verib.

“Bu andan etibarən öz səlahiyyətlərimdən imtina etməyi qərara alıram. Hakimiyyətdə qalmaq naminə qan tökülməsini istəmirəm”, - deyə Keyta bildirib.

Qiyamçılar ölkənin bütün sərhədlərinin bağlandığını və komendant saatı tətbiq olunduğunu elan ediblər.

"Bu gündən etibarən bütün hava və yerüstü sərhədlər əlavə xəbərdarlığa qədər bağlanacaq və saat 21:00-dan 05:00-a qədər komendant saatı tətbiq ediləcək", - deyə qiyamçıların nümayəndəsi İsmayıl Vaq vurğulayıb.

Qeyd edək ki, Malidə hərbi bazada qiyam olub. Qiyamçılar Prezident İbrahim Bubakar Keytanı və Baş Nazir Bubu Sisseni girov götürdüklərini deyiblər.

Yerli KİV qiyama polkovniklər Dyau və Kamaranın, eləcə də general Şeyk Fantamadi Dembelenin rəhbərlik etdiyini yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali  





Xəbər lenti