Litva Seymi Belarusdakı seçkilərin nəticələrini tanımadı

Litva Seymi Belarusdakı seçkilərin nəticələrini tanımadı
  18 Avqust 2020    Oxunub:2536
Litva Seymi fövqəladə iclas zamanı Belarusdakı prezident seçkilərinin nəticələrini və Aleksandr Lukaşenkonu qanuni lider kimi tanımayan qətnamə qəbul edib.
Azvision.az “Sputnik Litva”ya istinadən xəbər verir ki, qətnamənin lehinə 120 deputat səs verib, əleyhinə çıxan olmayıb. Eyni zamanda iki millət vəkili bitərəf qalıb.

Sənəddə deyilir ki, deputatlar Belarusda demokratik prosedurlara uyğun olaraq yeni seçkilərin keçirilməsini tələb edirlər. Üstəlik, vasitəçilik göstərməyə də hazırdırlar.

"Parlament üzvləri nəticələrin saxtalaşdırılmasına və Avropa İttifaqı (Aİ) səviyyəsində insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Belarus rəsmilərinə qarşı fərdi sanksiyaların tətbiq edilməsinə çağırır. Təklif olunur ki, onların Aİ-yə girişləri qadağan edilsin və hesablar dondurulsun",- deyə məlumatda qeyd olunub.

Seymin qətnaməsi Litva, Avropa Şurası, Avropa Komissiyası liderlərinə, Avropa Parlamentinə, Aİ-yə və NATO-ya üzv ölkələrin hökumətlərinə ünvanlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti