İran Azərbaycanla əlaqələrin daha güclü olmasını istəyir

 İran Azərbaycanla əlaqələrin daha güclü olmasını istəyir
  18 Avqust 2020    Oxunub:2893
“Azərbaycan İranla ən arzuolunan münasibətlərə malik qonşu ölkələrdən biridir”.

Azvision.az xəbər verir ki, bunu İranın vitse-prezidenti, Proqram və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Bağır Nobəxt Ərdəbilə səfəri zamanı jurnalistlərlə açıqlamasında deyib.
Onun sözlərinə görə, əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir.

“İki dost və qardaş ölkə olan İran və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün hər zaman bir-birinin yanında olub və hal- hazırda bu münasibətlərin möhkəmləndirilməsi üçün birgə addımlar atılır. Ümid edirik ki, səylərin bəhrəsini görəcəyik”,- deyə İran rəsmisi bildirib.

O əlavə edib ki, Azərbaycan Respublikası ilə qonşu olan Ərdəbil əyalətində sənaye şəhərciyinin yaradılması, dəmir yolu xəttinin birləşdirilməsi, habelə yük terminalının inşası kimi ortaq sərhəd layihələri davam edir.

"Onların istismarı ilə bu əlaqələrin güclənməsinə kömək edəcəyimizə ümid edirik. Birgə layihələrin inşası hökumətin qonşu ölkələrlə münasibətləri möhkəmləndirmək öhdəliyinin bir hissəsidir.

Ümid edirik ki, növbəti illərdə münasibətlər hər iki ölkənin daha da çiçəklənməsinə səbəb olacaqdır. Bəzi anlaşılmazlıqlara baxmayaraq, münasibətlərin möhkəmləndirilməsi dostcasına aparılmalıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   İran  





Xəbər lenti