Bu gecə benzin bahalaşacaq? - "Rəhbərlik dedi ki, narahat olmayın" (FOTO)

22:40   14 İyul 2017    Oxunub: 32361

Azərbaycanda benzinin qiymətinin qalxacağı ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. İddialara əsasən “Aİ-92” markalı benzin bu gecə 20 qəpik bahalaşaraq 90 qəpik olacaq.

Bəzi sürücülərin tədarük görmək üçün yanacaqdoldurma məntəqələrinə üz tutduğu deyilir.

AzVision.az-ın əməkdaşı insanlar arasında təşvişə səbəb olan xəbəri dəqiqləşdirmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə yanacaqdoldurma məntəqəsinə baş çəkib.

SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin işçiləri bu barədə sürücülərdən məlumat aldıqlarını deyiblər. Onların sözlərinə görə, benzin bahalaşsaydı, qabaqcadan xəbərdarlıq edilərdi.

Digər yanacaqdoldurma məntəqələrində də qiymət artımından xəbərsiz olduqlarını bildirdilər.



“Benzinin bahalaşacağı haqda bizə rəsmi məlumat daxil olmayıb. Kimsə xəbər yayıb, sürücülər də təşvişə düşüblər. Qiymət artımı olsaydı, bizim qabaqcadan xəbərimiz olardı. Rəhbərliklə danışdıq. Dedi ki, belə bir şey gözlənilmir, narahat olmayın.

Ümumiyyətlə, benzinin qiyməti qalxanda, Vergilər Nazirliyinin əməkdaşları yanacaqdoldurma məntəqələrində çənləri yoxlayaraq möhürləyirlər. Yeni qiymət müəyyən ediləndən sonra satış həyata keçirmək mümkün olur” - Ruslan Məmmədov adlı məsul şəxs deyib.

Qeyd edək ki, hazırda benzinin qiyməti dəyişməyib. “Aİ-92” markalı benzin 70 qəpiyə satılır.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Benzin    




Rubrikanın digər yazıları