Hökumət nekroloq yazdı

12:30     11.02.2013     2924

Nekroloqda akademikin tərcümeyi-halı qeyd olunub, onun Azərbaycan elminin inkişafındakı xidmətləri sadalanıb.
Qeyd edilib ki, M. Kərimov radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb, onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub.
M. Kərimov radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparın. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək, beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub.
M. Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə layihədə respublika alimlərinin fəal iştirakını təmin edib. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü olub.
M. Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri alıb.
Milli Elmlər Akademiyasının prezidenti kimi Azərbaycan elminin beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrlə əlaqələrini xeyli genişlənməsinə xidmət edib. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini verib.
Mahmud Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.
Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Nekroloqda tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsinin onu tanıyanların qəlbində həmişə yaşayacağı qeyd edilib.
Nekroloqu Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Artur Rasi-zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Misir Mərdanov, Əli Abbasov, Arif Mehdiyev, Arif Həşimov, Akif Əlizadə, Nailə Vəlixanlı, Cəlal Əliyev, Cəmil Əliyev,Vaqif Fərzəliyev, İsmayıl Hacıyev, Akif Hacıyev, Nadir Seyidov, Arif İsmayılzadə, Əhliman Əmiraslanov, Qərib Məmmədov, Kamal Abdullayev, Xoşbəxt Yusifzadə, Tofiq Nağıyev, Nəriman Quliyev, Arif Paşayev, Abel Məhərrəmov, Siyavuş Qarayev, İsa Həbibbəyli, Urxan Ələkbərov, Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Vasim Məmmədəliyev, Telman Əliyev, Adil Qəribov, Rasim Əlquliyev, Əyyub Quliyev və Nazim Məmmədov imzalayıblar.
Qeyd edək ki, M. Kərimovun cənazəsi vidalaşmaq üçün 2013-cü il fevralın 11-də saat 12.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaq.
Dəfn mərasimi Fəxri Xiyabanda keçiriləcək.

Digər videolar