Dindarlardan müxalifətə kəskin etiraz

Dindarlardan müxalifətə kəskin etiraz
  16 Sentyabr 2016    Oxunub:3392
Bakı şəhərində fəaliyyət göstərən dini icmalar bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək: "Heç bir siyasi perspektivi olmayan Milli Şura adlı qurumun və “Müsavat” adlanan partiyanın referendum ərəfəsində keçirdiyi və keçirmək istədiyi aksiyalarda dindarlara yönəlik çıxışların olması və mömin insanların meydanlara çıxması üçün siyasi çağırışlar edilməsi bizdə dərin təəssüf və narahatlıq hissi doğurur. Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq olan ölkə dindarlarını bu cür siyasi məsələlərə cəlb etmək cəhdləri yolverilməzdir".

Bəyanatda qeyd olunur ki, sürətlə inkişaf edən, bütün sahələrdə göstəricilərinə, o cümlədən iqtisadi gücünə görə regionun lider dövlətinə çevrilmiş Azərbaycanın uğurları hər bir ölkə vətəndaşı kimi dindarları da ürəkdən sevindirir: "Şübhəsiz ki, Ümummilli Liderimiz Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın bütün sahələr üzrə bugünkü uğurları Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Onun 2016-cı ili respublikamızda “Multikulturalizm ili” elan etməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində ardıcıl fəaliyyəti bizi xüsusilə qürurlandırır.

Təəssüf ki, gənc müstəqil dövlət olan və sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizin uğurlarından narahatlıq keçirən, müxtəlif vasitələrlə bu inkişafın qarşısını almağa çalışan radikal siyasi qruplar da var. Onlar məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən, hətta dinin və dindarların siyasiləşdirilməsi kimi yolverilməz metodlardan yararlanmağa çalışırlar. Dinin siyasiləşməsi, yaxud siyasi məsələlərə dini don geyindirilməsi və dindarların bu prosesə cəlb olunması dövlətçilik maraqlarımıza, milli-mənəvi dəyərlərimizə zidd olduğu üçün belə cəhdləri və onun arxasında duran bütün şəxsləri şiddətlə qınayırıq.

Bildiririk ki, dinin siyasiləşdirilməsinə çalışan şəxslər nə vətənpərvər siyasətçi, nə də sağlam ruhlu dindar ola bilər. Bakı şəhərində fəaliyyət göstərən dini icmalar və onların on minlərlə təəssübkeşi dinin və dindarların məqsədli şəkildə siyasiləşdirilməsinə xidmət edən bu cür halları qətiyyətlə pisləyir. Çünki xalqın mənəvi dəyərlərinə hörmət və ehtiram göstərən dindarların yeri siyasət meydanı, mitinqlər deyil, ibadət evləridir. Eyni zamanda inanclı, dindar qardaşlarımızı dini siyasiləşdirməyə çalışan radikal qrupların çağırışlarına qoşulmamağa çağırırıq.

“Məqsəd vasitəyə haqq qazandırır” prinsipini əldə rəhbər tutan, hətta ekstremist dini cərəyanlarla əməkdaşlıq edən radikal müxalif dairələr unudurlar ki, dindarlarımız İslamın gerçək mahiyyətini anlayan, milli-mənəvi dəyərlərimizə və dövlətçiliyimizə bağlı, siyasi maraqlarla dini etiqadı fərqləndirən yetkin insanlardır. Azərbaycanda din dövlətdən ayrı olsa da, o cəmiyyətimizin mənəvi sferasını tənzimləyən inanc sistemidir. Biz dindarlar da Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi kimi dini siyasətdən uzaq sayır və onun hər hansı dairələrin əlində siyasi alətə çevrilməsi cəhdini birmənalı şəkildə rədd edirik.

Bir daha bəyan edirik ki, dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə sadiq olan ölkə dindarları dövlətimizin din sahəsinə qayğısını, insanların öz etiqadlarına uyğun yaşamaları üçün yaradılmış şəraiti, multikultural və tolerant mühiti yüksək qiymətləndirir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafına yönəlmiş bütün fəaliyyətini dəstəkləyir".

Bəyanatı Bakı şəhərində fəaliyyət göstərən 41 dini icmanın rəhbəri imzalayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti