Söyüş alnınıza yazılıb

Söyüş alnınıza yazılıb
  14 Sentyabr 2016    Oxunub:13960
Vüsal Məmmədov

Radikalların keçirdiyi hər mitinqdən sonra eyni vəziyyət təkrarlanır: Əks mövqedə duran jurnalistlərin söyülməsi kampaniyasına start verilir. Qıraqdan baxanda belə görünür ki, sanki meydanda bir sürü var, onun başında duran çoban çomağını yelləyib işarə edəndə bir dəstə eyni anda ağzını açıb başlayır: “Məəə... Siz yaltaqsınız, xainsiniz, sabunsunuuuuuz... məəəə...”


Mən özüm də, eyni mövqeni və düşüncələri paylaşdığımız bir sıra digər həmkarlar da dəfələrlə bu halla üzləşmişik. Açığı, adi günlərdə də olur, amma xorla yox; hansısa KÜTləvi tədbirdən sonra isə özünü siyasət fermasındakı kimi hiss edirsən: hər tərəfdən mələşmə, böyürtü, arabir isə hətta xoruz banlaması eşidilir.

Bu sürünün üzvləri döyüşdən söyüşə qədər deqradasiya etmiş adamlardır; onlar DÖYÜŞ adı ilə meydana çıxır, sonra isə işlərini SÖYÜŞ ilə bitmiş sayırlar. Söyülən isə jurnalistlər olur. Jurnalistdən başqasını söyməyə hünərləri çatmır, ona görə də hökumətə, məmurlara, qayınanalarına olan bütün acıqlarını jurnalistlərə tökürlər. Təcrübə göstərir ki, sosial şəbəkədə hamını söymək təhlükəlidir, yetim jurnalistdən başqa– hər tərəfindən döşə getsin, sənə heç nə eləməyəcək. Radikal müxalifətçilərin nəzərində jurnalist boks armudu kimi bir şeydir – stressini atmaq üçün istədiyin qədər guplaya bilərsən, uzağı, yerində fırlanacaq.

Burada bir zəruri düzəlişə əşhədü-ehtiyac duyuram: söhbət iqtidaryönlü mediada çalışan jurnalistlərdən gedir. Radikal mediada çalışan jurnalistə barmağını vursan, dönüb mühacir statusunu alıb, Avropaya qaçar, gər ki, bu miskin iqtidaryönlünü sərpa söyərlər, ağrımaz.

Olmayan şeylərə üz tutmaq ayıb deyilsə, gəlin bir balaca vicdanınıza müraciət edək. Amma lütfən, əvvəlki cümlədə məntiqi vurğunu düz qoyun: orada “balaca” sözü təyindir və vicdan tamamlığına, daha doğrusu, natamamlığına aiddir. Yaxşı, lap belə ən dibindən baltalayaq və burasından tutaq ki, jurnalistlərin dediyinin hamısı səhv və yalandır. Nə deyir bu xain jurnalistlər? Deyirlər ki, mitinqə az adam gəlmişdi, deyirlər ki, Əli Kərimli o mitinqin təşkili üçün xaricdən pul alıb və bir də deyirlər ki, iştirakçıların müəyyən qismi ora pul ilə gətirilib. Tutaq ki, hamısı yalandır: Əli Kərimli bir qəpik də almayıb və Amerika səfirliyinə bayramlaşmaq üçün gedibmiş; mitinqə də o qədər adam gəlibmiş ki, növbəti aksiyanı keçirmək üçün “Məhsul” yox, “Marakana” stadionu lazımdır. Lap yaxşı. Amma bunun əksini deyən jurnalistləri niyə söyürsünüz? Yalan yazır – oxumayın, boykot edin, düzünü siz yazın, qoy, sizi oxusunlar; passiv etiraz bəs etmirsə, deyin ki, “Ay jurnalist, sən yalan yazırsan, həqiqət isə budur” və faktınızı ortaya qoyun. Amma söymək niyə?

Bu, sadəcə məzəmmət deyil. Mənə jurnalistləri söyən insanların düşüncə tərzi, psixologiyası, şəxsiyyətlərinin ictimai məzmunu maraqlıdır. Bu adamlar hesab edirlər ki, hamı onların dediyini deməlidir, hamı onlar kimi düşünməlidir; əks halda, bunu etməyən sabundur, xaindir, yaltaqdır.

Bu adamların yaşadığı dünyada əks fikir, alternativ düşüncə anlayışı yoxdur. Hamısı mikrodiktatorlardır. Onlar üçün ancaq iki tip adam var: 1) Mənim kimi düşünənlər; 2) Sabunlar, xainlər, yaltaqlar.

Bu zadlar (pardon, “zatlar” yazmaq istəyirdim) elə bilirlər ki, insan əgər iqtidarın dediyini doğru sayırsa, o, mütləq pul alıb, nəsə marağı var, sabundur, xaindir, yaltaqdır.

Onların yanaşmasına görə, Azərbaycan xalqı və dövləti üçün nəyin yaxşı və lazımlı olmasını ancaq özləri düz bilirlər. Başqa hamı səhv bilir. Hətta xalqın özü də! Axı xalq da onların yanında deyil, “Məhsul” stadionunda görünmür. Və əsasən hakimiyyətin siyasətini düzgün sayır. Belə çıxır ki, radikalların yanaşmasına görə, Azərbaycan xalqı da sabundur, xaindir, yaltaqdır.

Yəni radikalların təsəvvür etdiyi Azərbaycan belədir: 10 milyona yaxın insanın əmələ gətirdiyi sabunlar, xainlər, yaltaqlar dənizinin ortasında “Məhsul” stadionu şəklində balaca bir aysberqin üzərində Əli Kərimli həyata qarşı dimdik dayanıb. Bu, artıq təkcə jurnalistləri də yox, bütün Azərbaycan xalqını təhqir etməkdir.

Bu, azlıqda olmağın aqoniyasıdır. Bu, içində diktatorluq iddiası, hikkəsi və kini ola-ola özünü demokrat kimi göstərmək məcburiyyətinin yaratdğı qəzəbdir. Bu, döyüş məğlubiyyətin acısını azaltmaq üçün söyüş yumruqlarını düyünləyib, başqa insanların üstünə atılmaqdır. Bu, dəvəsi ölən ərəbin səhranı söyüb-lənətləməsi kimi bir şeydir.

Şəxsi aspektə qayıtsaq isə, bu, sadəcə, əxlaqsızlıqdır. Deyirlər təhqir – acizlərin silahıdır, amma bu, tam olaraq düz deyil; Təhqir – aciz əxlaqsızların silahıdır. Əxlaqlı insan bütün hallarda özünü əxlaqlı aparır.


Teqlər:  





Xəbər lenti