Bazarda araba sürən məktəblilər... (Reportaj+Fotolar)

  06 Sentyabr 2016    Oxunub : 18241
Bazarda araba sürən məktəblilər... (Reportaj+Fotolar)
Reportaj hazırlamaq üçün üz tutduğumuz növbəti məkan “Vasmoy bazarı”dır. Burada el dili ilə desək hər cür insana rast gəlmək olar. Keyfiyyətsiz malını sırımağa çalışan satıcıdan tutmuş “donuzdan bir tük qoparmaq qənimətdir” deyib malın qiymətini “öldürən” alıcılara, cibgir qaraçı uşaqlarına kimi...
Reportaj zamanı bizimlə həmsöhbət olan Anar və İbrahim bazarda araba sürməklə məşğul olur. Onların yaşı az olsa da, zəhmətlə işləyib, ailələrinə dəstək olurlar.



Anar: 16 yaşım var, ailəmiz atam, anam, bacım və qardaşımdan ibarətdir. Bakıxanov qəsəbəsində yaşayırıq. Hazırda 293 nömrəli məktəbdə oxuyuram.

İbrahim: 14 yaşım var, ailəmiz 5 nəfərdən ibarətdir. 227 nömrəli məktəbdə təhsil alıram.

-Burada işləmə səbəbiniz maddi ehtiyacdan qaynaqlanır, yoxsa...?

Anar: Anama kömək edirəm, həm də məktəb paltarı alacağam.

İbrahim: Həm maddi baxımdan, həm də məktəb paltarı almaq üçün burada çalışıram.



-Ailədə sizdən başqa işləyən varmı?

Anar: Var, atam bulvarda mühafizəçi işləyir. Anam da baxçada “kaşa” bişirir.

-Atan təxminən nə qədər maaş alır?

- 800 manat.

-Yəni, mühafizədə işləyən bu məbləğdə maaş ala bilir?

Anar: Verirlər, niyə vermirlər ki?!

İbrahim : Mənim atam “Xalqlar dostluğu”ndakı fəhlə bazarında işləyir. Günə 10-15 manat qazanır.



Bəs, anan işləmir?

-Evdar xanımdır, işləmək istəmir.

-Hər gün təxminən nə qədər pul qazanırsınız?

İbrahim: İşdən asılıdır , elə gün olur ki, çox olur. 6 və ya 10 manat arasında dəyişir.

Anar: Artıq iki ay olar ki, burada işləyirik. İlk dəfə təndirxanada işləyib, çörək satmışıq. Ondan sonra yavaş- yavaş arabaya keçmişik.

-İşləmək təklifini kim irəli sürdü?

Anar: Pul qazanırıq, avar-avara gəzmirik. Avara uşaqlara qoşulmuruq. Kişi əziyyətlə də olsa pul qazanar.

İbrahim: Evə gedəndə pul aparırıq.



-Məktəbdə necə oxuyursunuz, qiymətləriniz yaxşıdırmı?

İbrahim: Orta .

Anar: Babat .

-Hansı fəndən pis, hansından yaxşı qiymət alırsınız?

Anar: İngilis dili, fizika, riyaziyyat fənlərindən qiymətlərim pisdir. Ancaq rus dili, biologiya, informatika, əmək, idman dərsini sevirəm.

İbrahim: Fizika və kimya fənnini sevmirəm. Azərbaycan dili və fiziki tərbiyədən yaxşı qiymət alıram.

-Sinif yoldaşlarımız bazarda çalışdığınızı bilirmi ?

Anar: Bəli.

-Münasibətləri necədir?

Anar: Yaxşı. Onları da işləməyə dəvət etmişik. Biri bizimlə işləyir.

-Sizcə, bazar uşaqların yeridirmi?

İbrahim: Məncə, əziyyətə alışmaq lazımdır, halal çörək yemək lazımdır.

Anar: İşləyirik, qazanırıq, pulu evə veririk. Bəziləri kimi ailəmizə ziyan vurmuruq.



-Ailənizin maddi durumu yaxşı olsaydı, bu yaşda yenə də işləyərdiniz?

İbrahim: Yaxşı iş olsaydı, işləyərdik.

-Bazarda fərqli insanlar var, yaxşı da, pis də, tərbiyəli də, tərbiyəsiz də...

İbrahim: Burada yaxşı adam da var, pis də. Bəzən pulumuzu kəsirlər, onlarla dalaşırıq.

Anar: “Vasmoy bazarı” yaxşı bazardır. Bəzən görürlər ki, yük ağırdır, özəri kömək edirlər. Eləsi də olur ki, deyir, özün apar. Bəzən bir manat əvəzinə 3 manat pul verirlər.



-İş qrafkiniz necədir?

İbrahim:Səhət saat səkkizin yarısından axşam saat səkkizə qədər işləyirik.

-Dərslər başlayandan sonra nə edəcəksiniz?

İbrahim: Dərslərimizi oxuyacağıq.

-Hansı peşənin sahib olmaq istərdiniz?

İbrahim: Hərbçi olmaq istəyirəm. Bu, mənim arzumdur.

Anar:Qatar sürən olmaq istəyirəm. Yaxşı işdir, nə əziyyət çəkirsən, nə də kiminləsə dava edirsən.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az

Foto


Teqlər: