Gürcü baş nazirin qəfil Bakı səfəri - Məqsəd nə idi?

Gürcü baş nazirin qəfil Bakı səfəri - Məqsəd nə idi?
  02 Sentyabr 2016    Oxunub:4779
Tiflisi Bakıya yaxınlaşdıran səbəb: Gürcüstanın Azərbaycana ehtiyacı var

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili avqustun 31-də Bakıda işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, danışıqlar aparıb. Səfərdə gürcü baş nazirini energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Gigi Gigiladze müşayiət edib.

Maraqlı məqamlardan biri budur ki, Gürcüstan hökumətinin başçısı ölkəmizə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Tiflis görüşündən iki sonra təşrif buyurub.

Gürcüstan baş nazirin Bakıya təcili səfəri hansı zərurətdən qaynaqlanırdı?



Azərbaycan prezidenti İlham Əliyev baş nazir Giorgi Kvirikaşvili ilə görüşündə bir sıra mühüm məqamlara toxunub. Ölkə başçısı regiondakı sabitliyin energetika və nəqliyyat layihələrindən asılı olduğunu vurğulayıb: “Münasibətlərimiz tarixə, qardaşlığa, xalqlarımızın yaxın qonşuluğuna əsaslanır. Bu gün biz bütün sahələr üzrə - siyasi sahədə, iqtisadi sahədə fəal dialoq aparırıq. Bizi uğurla inkişaf edən, ölkələrimizə və xalqlarımıza fayda gətirən həm nəqliyyat, həm də energetika sahələrində layihələr birləşdirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından çox məmnunuq. Əminəm ki, sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək. Bizi tarix, coğrafiya, maraqların üst-üstə düşməsi və artıq qeyd etdiyim kimi, iri transmilli energetika, nəqliyyat layihələri birləşdirir. Bu layihələrin reallaşmasından, uğurlu fəaliyyətindən ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır” - ölkə başçısı görüşdə deyib.

Bakı səfərindən şad olduğunu deyən Kvirikaşvili bildirib: “Mən həqiqətən qardaş ölkədə olmaqdan çox şadam. Xalqlarımızı çoxəsrlik dostluq bağlayır. Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan və xalqlarımız arasında gələcək dostluğun möhkəmləndirilməsinə xidmət edən dostluq, strateji, regional, qlobal xarakterli layihələr bağlayır”.



Gürcüstanın baş nazirinin səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda ölkələrimiz arasında ikili münasibətləri inkişaf etdirməyə ehtiyac var: “Doğrudur, iki ölkə böyük layihələr icra edir, faktiki Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. İlin sonuna qədər Bakı-Tbilisi-Qars dəmiryolu xətti başa çatmalıdır. Düşünürəm ki, Gürcüstanın Azərbaycanla daha dərin iqtisadi-ticari əlaqələrin qurulmasına ehtiyacı var. Bunun nəticəsidir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstan səfərindən iki gün sonra bu ölkənin baş naziri Giorgi Kvirikaşvili Bakıya gəldi”.

Politoloq qeyd edib ki, Gürcüstan ortaq layihələrin sürətlə icrasında çox maraqlıdır: “Azərbaycan kreditləri, investisiyaları Gürcüstanı iqtisadi nöqteyi-nəzərdən ayaq üstə saxlamağa imkan verir. Bu baxımdan Gürcüstandan yeni layihələrlə bağlı hansısa təkliflər var ki, bunlar Bakıda və Tiflisdə belə intensiv şəkildə müzakirə olunur”.



Siyasi ekspert Arzu Nağıyev isə vurğulayıb ki, regional məsələlərin həlli istiqamətində iki ölkə səmərli iş aparır: “Gürcüstanın Azərbaycana ehtiyacı gün-gündən artmaqdadır. Baş nazirin Azərbaycana səfəri zamanı regional təhlükəsizlik, iqtisadi, siyasi və digər məsələlər müzakirə olunub. Bu gün Azərbaycan Gürcüstanla strateji əhəmiyyət kəsb edən çox mühüm regional iqtisadi layihələr həyata keçirir. “Cənub Qaz Dəhlizi”, Cənubi Qafqaz Qaz Boru Kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin davam etdirilməsi, eləcə də digər layihələr barədə müzakirələr aparılıb. Gürcü nazirin dediyi kimi, tərəflər arasında mühüm razılaşmalar əldə olunub”.

A.Nağıyev bildirib ki, gürcü nazirin səfəri zamanı yeni iqtisadi layihələrin reallaşdırılması ilə bağlı müzakirələr diqqət mərkəzində olub: “Hesab edirəm ki, Türkiyə-Azərbaycan-Rusiya prezidentlərinin üçtərəfli görüşündən sonra Gürcüstanın bu prosesə qoşulması gözlənilən idi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti