Deputatlar payız sessiyasına hazırdırlarmı?

Deputatlar payız sessiyasına hazırdırlarmı?
  30 Avqust 2016    Oxunub:4687
Bu gün Milli Məclis deputatlarının tətil müddəti başa çatıb.
AzVision.az millət vəkillərinin yay tətilini necə keçməsi və payız sessiyası üçün planları ilə maraqlanıb.

YAP-çı deputat Aydın Mirzəzadə bildirib ki, işlərinin çoxluğu ilə əlaqədar yay istirahətinə çox az vaxt sərf edib: “Çox qısa bir müddət ərzində tətildə oldum. 3 gün Şəkidə, 7 gün isə Mingeçevirdə istirahət etmişəm. Ardınca referendumla əlaqədar Bakıya qayıtdım. Daim iş yerimdə olmuşam. Deputat həmkarlarımın əksəriyyətini iş başında, fəaliyyətdə görmüşəm. Sentyarın 1-dən Milli Məclisin payız sessiyasına hazırlıqlar başlayır. İlk növbədə dairəmlə işimi davam etdirəcəyəm, komitə iclaslarına hazırlaşacağıq, sessiya üçün planlarımızı müəyyələşdirəcəyik. Sentyabrın əvvəlində komitəmizin iş planı üzərində işləyəcəyik. Eyni zamanda seçicilərimlə görüşlərimi davam etdirəcəyəm. Çalışacağam ki, sentyabrın 15-də Mingeçevirdə məktəblərin birində yeni tədris ilinin açılışında iştirak edim, eyni zamanda 15-16 sentyabrda seçicilərin növbəti qəbulunu keçirim”.



A.Mirzəzadə sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar ciddi fəaliyyətdə olduğunu qeyd edib: “Referendumla əlaqədar üzvü oldum Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan” təşviqat qrupunda aktiv fəaliyyətimi davam etdirirəm. Təşviqat qrupu məni Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təyin edib və komissiyanın iclaslarında iştirak edirəm. Məqsədimiz sentyabrın 26-da keçiriləcək referendumun yüksəsk səviyyədə, qanunauyğun, şəffaf, demokratik keçirilməsidir”.



Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da yay istirahətinə az vaxt sərf etdiyini söyləyib: “Bu gün Milli Məclis qanunvericilik bazasının yaradılması baxımından əvvəlki illərə nisbətən gərgin iş qrafikinə malik deyil. Yəni, Azərbaycanda bütün sahələrdə qanuvericilik bazası yaradılıb. Bəzi sahələrdə, elm, təhsilin ayrı-ayrı sahələrində qanunvericilik aktlarının hazırlanması prosesi gedir və qarşıdakı 5 il ərzində bu sahələrə aid qanunlar hazır olacaq. Belə qanunların hazırlanıb, qəbul olunmasına ehtiyac var. Biz əsasən cəmiyyətimizin bütün sahələrinin inkişafının məntiqinə söykənən və vaxtilə qəbul olunan qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə məşğuluq”.

F.Ağamalının sözlərinə görə, bu gündən başlayaraq ən vacib iş referenduma hazırlıqlardır: “Mən “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun tərkibində vəkil kimi qeydiyyata alınmışam. Sentyabrın 26-a qədər bütün fəaliyyətimi bu istiqamətə yönəldəcəyəm”.



Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə yay tətilini Bakıda keçirdiyini deyib: “Milli Məclisin payız sessiyasında təhsillə bağlı qanunların müzakirəyə çıxarılmasının tərəfdarıyam. Ölkənin təhsil sistemidnə islahatlar çox vacibdir. Bununla yanaşı bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyidir. Azərbaycanın öz müstəqilliyini dünyaya tanıtmaq, dost qazanmaq, dövlətimizə qarşı olan haqsızlığı aradan qaldırmaq üçün çalışacağıq ki, parlamentlərarası münasibətləri, beynəlxalq təşkilatlarla əlaqələrimizi daha da gücləndirək. Eyni zamanda çalışacağıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dünyadan dəstək qazanaq”.



Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə yay tətilində paytaxtdan kənara çıxmayan deputatlardandır: “Milli Məclisdə fövqəladə heç nə olmur. Hər şey normal rejimdə davam edir. Ümid edirəm ki, payız sessiyasında da normal iş rejimində işləyəcəyik”.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının sentyabrın 30-da başlayacağı gözlənilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti