Bir Cənab şəhərində

Bir Cənab şəhərində
  06 Avqust 2013    Oxunub:1440
Etibar Hüseynov

Mərkəzi Seçki Komissiyasının son qərarını da nəzərə alsaq, onda seçkilərə nə az, nə cox, 2 ay vaxt qaldı. Yəni cəmisi 60 gün. Bir neçə gündən sonra da namizədlərin rəsmi qeydə alınması və təbliğat kompaniyasına start veriləcək. Müxalifət düşərgəsindəsə hələ də itkgin düşmüş vahid namizəd axtarışı davam edir.
Bəri başdan deyim ki, son günlər baş verən proseslərə diqqət yetirdikdən sonra Rüstəm İbrahimbəyovda olan bacarıq və istedada heyran qalmışam. Məndən olsaydi bir yekə Oskar da ona özüm verərdim. Və bu arada tez-tez "Rüstəm İbrahimbəyov siyasətci deyil, getsin kinosunu çəksin" deyənləri də qınamaq istərdim. Rüstəm məllim siyasətçidi, özü də yekəsindən. Bir adam ki, 20 ilin siyasətçilərinin başına kəndir keçirib neçə aylardır ki, arxasınca sürüyə bilir, onlarla məzələnir, onları dolaya bilir, ona siyasətçi deməməyə necə diliniz gəlir?

Mən, sadəcə, bütün bu prosesdə Rüstəmin lox yerinə qoyduğu müxaliflərə söz deməyə və ad qoymağa çətinlik çəkirəm. Rüstəm yalan danışmaqdan, bunların qulaqlarına lapşa asmaqdan yoruldu; Bunlar həmən yalanlara inanmaqdan yorulmadılar. Artıq neçənci dəfəsi belə itirilən "filan tarixdə mütləq Bakıya gəlirəm" mesajına nə qədər inanmaq olar axı? Sonuncu dəfəsə "böyük kombinator" bu sadəlövh "ac həriflər"i Tiflisə topladı. Özü də sahibi erməni olan "Vera Plase" otelinə. Tiflisə yollanan bu hərif dəstəsi də bu "otel toplantısı"na utanmaz-utanmaz "Tiflis sammiti" kimi dəbdəbəli bir ad da qoydu və onun 2 gün davam edəcəyini bəyan elədi. Bəs nə bilmişdiniz? Hər nə olmasa, kişinin uşaqları sammit keçirir axı. Amma sonunda məlum oldu ki, bu üzdəniraq sammit heş 6 saat da çəkməyib.

Və bu toplantı Rüstəm İbrahimbəyova ümid bəsləyənləri sadəcə olaraq xəyal qırıqlığına uğradıb. Əvvəla, ona görə ki, Milli Şuranın sədri və namizədi ölkəyə gəlməkdən faktik olaraq imtina etdi. İkincisi, ona görə ki, Rusiya vətəndaşlığından çıxmaqla bağlı ciddi əngəllərinin mövcudluğunu etiraf etdi və ikili vətəndaşlığından dolayı prezidentliyə namizədliyinin Azərbaycanda qeydə alınmamaq ehtimalının reallığını faktik olaraq boynuna aldı.



Yani əvvəllər "məni Bakıya buraxmazlar" deyən İbrahimbəyov bu dəfə bəhanə etdi ki, bəs o Bakiya gəlsə onu "Bakıdan buraxmazlar". O isə Rusiya vətəndaşlığından çıxmaq ücün mütləq Moskvada olmalıdir. Və bunun ardınca da ətrafına toplaşan həriflərə də bir "sən öl" vuraraq söz verib ki, bəs vətəndaşlıq məsələsini həll edəndən sonra Bakıya gəlməyən heç kişi deyil. Bundan sonra da onlara "obed"də adama 1 xaçapuri, axşam yeməyinəsə bir boşqab grücü xəngəli yedizdirib, yola salıb Bakıya. Vəssalam. Bu qədər bəsit.

Bu məqamda mənim əsəblərim dözmür və istəyirəm bu müxalifət dəstəsindən soruşam ki, "ay mən deyənlər, yaxşı, bu Rüstəm kişi qocalıb 74 yaşı var, yəni hay-hayı gedib, vay-vayı qalib - indi tutalım ki, bunun yadından çıxıb-cıxıb... bəs sizin ağıl-huşunuza nə gəlib ki, indiyə qədər bu vətəndaşlıq məsələsini gündəmə gətirib müzakirə etməmisiniz? Bu ağıl, bu fərasət, bu qabiliyyətləmi, hakimiyyətə gəlib, bu xalqı idarə etmək istəyirsiniz?"

Nə isə. Bu dəfə də İbrahimbəyov "ac hərif"ləri gürcü paytaxtinda, erməni otelinə toplayıb, bir xəngəl qonaqlığı ilə yola verdi. Deyilənə görə, gələn dəfə müxalifətin zirvə toplantısı Özbəkistan paytaxtında olacaq. Və Rüstəm əkə də bu dəfə onları özbək plovuna qonaq edəcək.

Amma məndən Şuradakı cənablara məsləhət - nabadə Daşkənddəki möhtəşəm zirvə toplantısından 2018-ci il üçün vahid namizədinizi təyin eləməmiş qayıdasınız. Cünki sonra gec olacaq. Bunu öz aranızdan seçə bilməyəcəyinizi hamı bilir. Amma bəd ayaqda Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullyeva da heç də pis namizəd deyil. Azərbaycanda da kifayət qədər pupulyardır. Son aylar bütün günü dodaqaltı zümzümə etdiyiniz "Sən gəlməz oldun", " Bəri gəl" kimi mahnıları da gözəl ifa edir.

Rüstəm məllim isə bu dəfə də gələsi olmadı. Deyəsən, gec də olsa, 74 yaşlı qoca nəhayət, anladı ki, Bakı artıq bir 60-cı illərdən qalma əski və geridə qalmış bir cənub şəhəri yox,.. yeni, müasir və inkişaf etmiş bir CƏNAB şəhəridir. Və onu da bu şəhərdə hec kəs gözləmir.




Teqlər:  





Xəbər lenti