`FETÖ Azərbaycandakı bəzi müxalifət qurumları ilə əlaqəlidir`

`FETÖ Azərbaycandakı bəzi müxalifət qurumları ilə əlaqəlidir`
  21 Avqust 2016    Oxunub:8435
Azərbaycanın apardığı daxili və xarici siyasət göstərir ki, ona qarşı aparılan qərəzli yanaşmaların heç bir nəticəsi olmayacaq.

Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Novruz Məmmədov bəzi beynəlxalq qurumların Azərbaycana olan qeyri-obyektiv mövqeyinə münasibət bildirərək qeyd edib ki, Azərbaycan bu gün regionun sabit, təhlükəsiz ölkəsi olaraq öz siyasətini davam etdirməkdədir. Bəzən Qərb dairələri, beynəlxalq qurumlar və dövlətlər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Lakin sonradan onlar özləri bunun heç bir nəticə vermədiyini gördükdə yenidən Azərbaycana tərəf addım atmağa başlayırlar. Prezident Administrasiyası rəhbərinin müavini hazırda belə bir halın müşahidə olunduğunu deyib. O, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ciddi zərər vurmaqda şübhəli bilinərək həbs edilən “Real” hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı bəzi beynəlxalq qurumların verdiyi bəyanatların da qərəzli olduğunu bildirib.

“Bu cür addımlar, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri heç vaxt nəticə verməyəcək. Azərbaycana qarşı bu ikili standartlardan əl çəkmək lazımdır. Azərbaycan 25 ildir öz seçdiyi yol ilə düzgün və uğurla, beynəlxalq əlaqələrini də daim inkişaf etdirərək, möhkəmləndirərək gedir”,- deyə N.Məmmədov diqqətə çatdırıb.

Bəzi beynəlxalq qurumların Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasəti həzm edə bilmədiklərini vurğulayan Prezident Administrasiyası rəsmisi ölkəmizin heç bir dövlətin nəzarəti altında olmadığını və bundan sonra da olmayacağını qeyd edib. O, Ermənistanda baş verən son hadisələrə də toxunaraq deyib ki, bu ölkədə bir-birinin ardınca mitinqlər, etiraz aksiyaları keçirilir və onlarla insanın hüququ pozulur. Bunu beynəlxalq təşkilatlar da bilir, amma nə bəyanat verir, nə də mövqe bildirirlər. Novruz Məmmədovun fikrincə, ikili standartlardan biri də budur.

Prezident Administrasiyasının rəsmisi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələrə də toxunub. O bildirib ki, “FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və “FETÖ”çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq. N.Məmmədov deyib: “Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”.

Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk üçtərəfli görüşünə toxunan Novruz Məmmədov “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğunu vurğulayıb. Prezident Administrasiyası rəsmisi deyib: “Onlarla ölkəni birləşdirəcək bu nəqliyyat dəhlizi bu gün üçün dövlətlərin inkişafının, onların sabitliyinin və təhlükəsizliyinin təmini üçün çox böyük addımdır. Ola bilsin ki, bu da müəyyən mənada dolayı yollarla Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. Bir daha təkrar edirəm ki, Azərbaycan öz yolu ilə gedir, düzgün addımlar atır və ölkəmiz də ona qarşı atılan bütün addımların cavabını verir, onları qəbuledilməz hesab edir”.

N.Məmmədov müsahibəsində Azərbaycana qarşı atılan addımların heç bir nəticə verməyəcəyinə əminliyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti