Son 11 ildə seçki pozuntuları - Statistika

Son 11 ildə seçki pozuntuları  - Statistika
  18 Avqust 2016    Oxunub:1736
“Seçki pozuntularına daha çox bələdiyyə orqanlarına seçkilərdə rast gəlinib, bu da bələdiyyə seçkilərində daha kütləvi iştirakla bağlıdır”.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

O bildirib ki, 2005-ci il noyabrın 16-da Milli Məclisə keçirilmiş və 2006-cı il mayın 13-də keçirilmiş təkrar parlament seçkilərində Baş Prokurorluğa 365 müraciət daxil olub: “Həmin müraciətlərin 102-i MSK-dan, 35-i seçki komissiyalarından, 4-ü seçki bloklarından, 31-i hüquq-mühafizə orqanlarından, 193-ü vətəndaşlardan daxil olub. Ümumilikdə, 20 cinayət işi başlanıb. Seçiciləri ələ almağa görə 6 cinayət işi, sənədlərin saxtalaşdırılmasına görə 5 cinayət işi, xuliqanlığa görə 4 cinayət işi, hakimiyyət nümayəndəsinə zor göstərilməsinə görə 1 cinayət işi, seçki komissiyalarının işinə müdaxilə etməklə bağlı 3 cinayət işi, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 1 cinayət işi başlanıb. Həmin şikayətlərdən 14 iş məhkəməyə göndərilib, 18 nəfər barəsində qanuni hökm çıxarılıb. Həmin 18 nəfərdən 5-i deputatlığa namizəd, 6-sı məntəqə və dairə seçki komissiyalarının sədrləri, 4-ü seçki komissiyalarının üzvü, 3-ü adi şəxslər olub. Qanun pozuntularına yol verildiyi üçün 10 dairə üzrə seçkinin nəticələri ləğv edilib. 2008-ci ilin prezident seçkilərində prokurorluğa heç bir şikayət daxil olmayıb”.

R. Usubov 2010-cu ilin noyabrın 7-də keçirilən parlament seçkilərində prokurorluğa 93 müraciətin daxil olduğunu açıqlayıb: “Həmin müraciətlərlə əlaqədar baş prokurorun qərarı ilə deputatlığa namizəd Vidadi İsgəndərov barədə cinayət işi qaldırılıb. Bu cinayət işi seçicilərə və seçki komissiyalarının üzvlərinə hədələmə və zor tələb etməklə əlaqədar açılıb. Eyni zamanda 1 noyabr 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 23 şikayət daxil olub. Həmin müraciətlərin 17-i aidiyyatı üzrə MSK-ya, ikisi dairə seçki komissiyasına göndərilib, 4 müraciətlə bağlı isə müraciət müəlliflərinə qanunvericiliyin tələbləri izah edilib. Bundan əlavə, 90 saylı Ağdaş seçki dairəsi üzrə nəticələr ləğv edilib, 18 iyun 2016-cı ildə bu dairə üzrə əlavə seçkilər keçirilib. Beləliklə, bu sahədə müsbət dinamika müşahidə olunur”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti