`Bakı sammiti çox böyük layihənin əsasını qoydu`- PA rəsmisi (AUDİO)

`Bakı sammiti çox böyük layihənin əsasını qoydu`- PA rəsmisi (AUDİO)
  15 Avqust 2016    Oxunub:2862
“Bakı sammitinin baş tutması Azərbaycan dövləti və onun Prezidentinə olan beynəlxalq münasibətin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi deməkdir. Buna heç kimin şübhəsi olmasın”.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov “ASAN Radio”ya Azərbaycan, Rusiya, İran prezidentlərinin Bakıda keçirilən zirvə toplantısının əhəmiyyətindən danışarkən deyib.

N.Məmmədov vurğulayıb ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşünün Bakıda baş tutması dövlət başçısı İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində reallaşmış təşəbbüsüdür: “Azərbaycan prezidenti İlham Əliyev hər hansı bir məsələ ilə bağlı qərara gəlib, məsələni ortaya qoyursa, o mütləq böyük bir uğurla həyata keçir. Buna bir yox, onlarla böyük hadisələri misal gətirə bilərəm. Bu gün prezident ölkə daxilində yüzlərlə layihənin icrası ilə bağlı göstəriş verir və göstərdiyi vaxtda da yerinə yetirilir. Bu nöqteyi nəzərdən bu da çox böyük bir hadisədir. Çox gözəl haldır ki, həm Rusiya, həm də İran rəhbərliyi bunu gözəl niyətlə qəbul edib, bu istiqamətdə işləməyi qərara alıblar və bununla bağlı çox böyük bir bəyannamə artıq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb”.



N. Məmmədov hesab edir ki, bu 21-ci əsrin ən bəlkə də birinci böyük layihələrindən biridir: “Bu əməkdaşlıq formatı təkcə region yox, dünya ölkələri üçün əhəmiyyəti olacaq. Bu layihəni başqa layihələrdən fərqi ondadır ki, layihə getdikcə əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək və bütün ölkələrin stabilliyinə, təhlükəsizliyinə, inkişafına öz töhvəsini verəcək”.



PA rəhbərinin müavini vurğulayıb ki, Bakıda keçirilmiş Azərbaycan-Rusiya-İran üçlüyünün zirvə toplantısı Dağlıq Qarabağ probleminin həlli baxımından çox böyük əhəmiyyət daşıyır: “Ola bilsin ki, bu layihə münaqişənin həllində yeni addımların atılmasına öz töhvəsini versin. Dünyada quruculuq işləri, əməkdaşlıq hər zaman sabitlik, təhlükəsizlik, xoş münasibətlər tələb edir. Bunu üçün də belə bir böyük layihənin həyata keçirilməsi münaqişənin də həllini tezləşdirə bilər. Bu istiqamətdə Rusiya prezidentinin rolu böyükdür. Düşünürəm ki, bunun da böyük mənası var və doğrudan da real addımların atılması üçün imkanlar var”.



Rusiya-Türkiyə münasibətlərində yaranmış soyuqluğa münasibət bildirən N.Məmmədov bildirib ki, dövlətlər arasında müəyyən hadisələr bəzən soyuqluğa gətirib çıxarır: “Bu müddətdə də iki ölkə arasında yaranmış soyuqluğun aradan qalxması üçün Azərbaycan tərəfinin xidmətləri olub. Şübhəsiz hesab edirəm ki, Azərbaycan prezidentinin bu istiqamətdə gördüyü işlərin də öz faydası var. İstəyirik ki, bu iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələri möhkəm olsun. Bundan həm iki dövlət, həm də regionun özü müəyyən fayda görə bilər”.



AzVision.az


Teqlər:  





Xəbər lenti