`Prezident mütləq işğal olunmuş torpaqları qaytaracaq` - Novruz Məmmədov (AUDİO)

`Prezident mütləq işğal olunmuş torpaqları qaytaracaq` - Novruz Məmmədov (AUDİO)
  15 Avqust 2016    Oxunub:6272
“İşğal olunmuş torpaqlarımızın geri qaytarılacağına xalqımızın heç bir şübhəsi olmasın”.

AzVision.az xəbər verir ki, bu fikirləri Prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov “ASAN Radio”ya açıqlamasında deyib.

N.Məmmədov vurğulayıb ki, bu məsələni prezident İlham Əliyev qarşısına əsas vəzifə, məqsəd kimi qoyub: “Azərbaycan Prezidenti İlham Əliyevin özünün də qeyd etdiyi kimi qarşısında duran əsas vəzifəsi, məqsədi budur ki, işğal altında olan Azərbaycan torpaqlarını öz xalqına, dövlətinə geri qaytarsın. Sizi əmin edirəm ki, bu mütləq həyata keçəcəkdir. Buna bizim xalqımızın heç bir şübhəsi olmasın”.



PA rəhbərinin müavini bildirib ki, münaqişə həll olunarsa, bu ilk növbədə erməni xalqı üçün faydalı olacaq: “Bu gün nə üçün Ermənistan müəyyən mənada təcrid olunmuş vəziyyətdədir? Ona görə ki, Azərbaycan torpaqlarını 25 ildən artıqdır işğal altında saxlayır və biz münaqişənin sülh, danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə nail ola bilmirik. Bu birinci növbədə erməni xalqı üçün gələcəyə də problemlər ortaya qoyur. Bu nöqteyi nəzərdən Rusiya prezidenti Vladimir Putinin fikiri ilə razıyam. Eyni zamanda münaqişə həll olunarsa, regionda sabitlik bərqərar olar, təhlükəsizlik təmin olunar və Ermənistanın həm Türkiyə ilə, həm Azərbaycanla ölkələr arasında əməkdaşlığı bərpa olunar. Əslində Ermənistan tarix boyu, SSRİ dövründə də Azərbaycanla əməkdaşlıqdan həmişə bəhrələnirdi. İndi də bu imkanlar yaranar. Bu isə nəfəs almaq üçün erməni xalqına böyük bir pəncərə olar”.



AzVision.az


Teqlər:  





Xəbər lenti