ASAN TV-nin yaradılması ilə bağlı rəsmi təkzib verildi

ASAN TV-nin yaradılması ilə bağlı rəsmi təkzib verildi
  11 Avqust 2016    Oxunub:12201
Son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) “ASAN TV”- nin fəaliyyətə başlayacağı barədə xəbərlər yayılır.

İddia edilir ki, ANS TV-nin bazası əsasında “ASAN TV” fəaliyyətə başlayacaq və kanalın təsisçisi qismində “Asan-Xidmət” olacaq.

“ASAN Xidmət” bu məsələyə aydınlıq gətirib.

AzVision.az-ın sorğusuna cavab verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib ki, yerli KİV-lərdə ASAN TV-nin yaradılması ilə bağlı yayılan xəbərlər əsassızdır və həqiqəti əks etdirmir:

“Bildirmək istərdim ki, artıq bir müddətdir ki, fəaliyyət göstərən “ASAN Radio”nun İnternet TV formatında yayımına ehtiyac yarandı. Bu məqsədlə geniş dinləyici auditoriyasına sahib olan “ASAN radio”nun artıq effektiv şəkildə məlumatların çatdırılması üçün verilişlərin vizual şəkildə yayımı nəzərdə tutulub. Dövlət xidmətləri sahəsində ixtisaslaşan İnternet TV-nin yaradılmasında əsas məqsəd auditoriyanı daha da genişləndirmək, informasiyanı vizual, dəqiq və daha operativ təqdim etmək, vətəndaşların dövlət qurumları ilə rahat əlaqə qurmasını təmin etməkdir. Burada isə yayımın əsasını dövlət xidmətləri, sosial-iqtisadi məsələlər, elm-təhsil, mədəniyyət və bir çox vacib mövzular təşkil edəcək”.

O, əlavə edib ki, bu layihənin davamı olaraq həmçinin ASAN online TV-nin tətbiqi də nəzərdə tutulub: “Bu, Azərbaycana idxal ediləcək bütün smart televizorlarda istifadəyə hazır xüsusi bir tətbiq olacaq. Tətbiq vasitəsilə insanlar televizorda ASAN Radionu dinləyəcək, “ASAN xidmət”in fəaliyyəti, mərkəzlərə getmək üçün ictimai nəqliyyat vasitələri, həmçinin mərkəzlərdə növbəlilik statistikası və digər zəruri məlumatları əldə edəcəklər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti