`Biz dövlətdən dəstək gözləyirik` - Mirşahin

`Biz dövlətdən dəstək gözləyirik` - Mirşahin
  10 Avqust 2016    Oxunub:3416
“Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Beynəlxalq təşkilatlardan müraciətlər adətən qarşı tərəfin istəyi ilə baş tutur. Biz isə dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq”.
AzVision.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ANS Müstəqil Yayım və Media Şirkətinin vitse-prezidenti Mir Şahin Ağayev deyib.

O, fikrini belə davam etdirib: `Dövlətimizin bu məsələni tez bir zamanda araşdıracağına əminik. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Onların cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. İnanırıq ki qanunlarla ədalətin bərpa olunmasına nail olacağıq. Buna inanmasaq bu gün məhkəmədə olmazdıq. Kanalın açılmasına yönəlik qanuni yollar və imkanlardan istifadə edirik. Bütün addımlarımız qanun çərçivəsindədir”.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə bildirib ki, ANS-in 1000-dən çox əməkdaşı var:

`Bu böyük kollektivdir. Hansı ki onlar tək Bakı şəhərində yox, Azərbaycanın digər rayonlarında, ölkədən kənarda fəaliyyət göstərirlər. Həmin işçilər bu gün sosial ağırlıq və çətinlik keçirir. Yəqin ki qərar qəbul edəcək strukturlar bu barədə də düşünəcəklər. Bu real problemlərdən biridir. Biz təşkilat olaraq hər gün maliyyə itkiləri ilə rastlaşırıq. Buna baxmayaraq bizim gündəlik maliyyə xərclərimiz eyni qalıb`.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti